Onlayn ictimai-siyasi qəzet
Avropa İttifaqı (Aİ) ölkələri rusiyalı diplomatların blok daxilində hərəkətini məhdudlaşdırmaq barədə razılığa gəlib.
Musavat.com xəbər verir ki, bu barədə "Financial Times" nəşri məlumat yayıb.
Məhdudiyyətlərin Rusiya əleyhinə sanksiyaların 19-cu paketinə daxil edilməsi təklif olunur. Təşəbbüs Çexiya tərəfindən irəli sürülüb. Belə ki, Avropa paytaxtlarında fəaliyyət göstərən rus diplomatları ev sahibi ölkənin sərhədlərini keçməzdən əvvəl planlaşdırdıqları səfərlər barədə digər hökumətləri məlumatlandırmalıdır.
Danışıqlarla tanış olan iki FT mənbəsinə görə, Macarıstan əvvəlcə bu təklifə qarşı çıxıb, lakin daha sonra vetosunu geri götürüb.
Çexiyanın xarici işlər naziri Yan Lipavski FT-yə açıqlamasında bildirib:
"Aİ Vyana Konvensiyasına uyğun olaraq qısamüddətli diplomatik vizaların verilməsi zamanı qarşılıqlılıq prinsipinə ciddi əməl etməlidir. Şengen zonası Rusiya üçün mövcud deyil, ona görə də İspaniyada akkreditə olunmuş rusiyalı diplomatın istədiyi vaxt Praqaya gələ bilməsinin mənası yoxdur".
Avropa kəşfiyyat agentliklərinin məlumatına görə, bəzi “Rusiya casusları” özlərini diplomat kimi təqdim edir və nəzarətdən yayınmaq üçün tez-tez öz ölkələrindən kənarda əməliyyatlar aparırlar.
"Onlar bir yerə göndərilib, başqa yerdə işləyirlər. Ev sahibi ölkənin kəşfiyyat xidmətləri nə etdiklərini bilir, lakin sərhədi keçsələr, həmin ölkənin onlara nəzarət etməsi çətinləşir", - Aİ-nin yüksək səviyyəli diplomatı qeyd edib.
Almaniya isə Rusiyanı Avropa hava limanları yaxınlığında pilotsuz təyyarələrin buraxılmasına görə məsuliyyət daşıyan ilk ölkə elan edib. Alman hakimiyyət orqanları bildirir ki, bu əməliyyatların məqsədi casusluq fəaliyyəti və regionda sabitliyi pozmaqdır.
Musavat.com
07 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ