Onlayn ictimai-siyasi qəzet
Avropa Gürcüstanın gələcəyi ilə bağlı “narahat olmaqda” davam edir. Qərb müxtəlif qurumlar və agentliklər vasitəsilə ölkənin Avropa kimliyinin təhlükə altında olması ideyasının fəal təbliğatı ilə məşğuldur.
Bu təbliğatın əsas leytmotiv hökumətin və cəmiyyətin Avropyönümlü kursdan sapmasının inkişaf etməsidir. Bir də “qırılma nöqtəsi”nin nə olması müəyyənləşdirilir.
Hələ 20 il öncə gənc islahatçı lider Mixeil Saakaşvilinin “qızılgül inqilabı” nəticəsində hakimiyyətə gəlməsi ilə start götürmüş bu kursdan xüsusilə son illərdə açıq-aşkar imtina olunub.
Əslində Saakaşvilinin fəaliyyəti gürcü xalqının Avropaya inteqrasiyasını, rifahını xeyli yaxşılaşdırmış və ölkənin postsovet məkanındakı reputasiyası xüsusunda inqilabi dəyişiklik yaratmışdı.
Bir neçə ilin içində Gürcüstan “oğru və reketlerin at oynatdığı”, mafiya və klanların idarə etdiyi ölkədən iqtisadiyyatı inkişaf edən, dürüst idarə olunan, əliəyrilik və talamalara son qoyan hakimiyyətə malik Avropa ölkəsinə çevrilmişdi.
Ancaq hələ sovet dövründən əyri yollarla “pul qazanmaq”da pərgar olanlar, kriminal ünsürlər, keçmiş partokratlar və onların varisləri, gənc karyeristlər və başqaları birləşərək revanşa qalxdılar, təkcə Saakaşvili və onun komandasını hakimiyyətdən uzaqlaşdırmaqla kifayətlənmədilər, əski, “xiffəti çəkilən günlər”i bərpa etdilər.
İndi Gürcüstanda ictimai-siyasi durum Eduard Şevardnadzeinin dövründəki kimidir. Moskva ilə açıq-gizli “zəngləşmələr” davam edir, Rusiya parlamentinin qəbul etdiyi mürtəce qanunlar (məsələn, “xarici agentlər”ə, “cinsi azlıqlar”a qarşı) “kopi-peyst” üsulu ilə notariat kontorundan keçirilirmiş kimi qəbul olunur.
Avropaya vizasız gediş-gəlişin, Avropa ölkələrində iş tapmağın, qurmağın dadını görmüş xeyli gürcü Avropadan üz çevirmə kursundan məmnun deyil və onlar Avropa təfəkkürünün ölkədə hakim olmasından, Gürcüstanın “qoca qitə”nin bir hissəsinə çevrilməsindən yanadırlar.
Ancaq onlar indilikdə əlində inzibati resurslar və güclü maliyyə axını tutan hakimiyyətin qarşısında həlledici gücə malik deyillər. “Avropalı gürcülər” “Rusiya gürcüləri”nə və ya “homo soveticus” (latınca: sovet adamı) adlanan kontingentə bata bilmirlər. Avropa uzaqda, Rusiya isə Tfilsiin qulağının dibində, Süxumi və Sxinvalidədir.
İvanişvili rejimi elə siyasət yeridib ki, kollektiv Qərb rəsmi Tiflisdən əlini üzüb, Gürcüstan hakimiyyətini özündən kənara itələyib, bu minvalla “avropalı gürcüləri” də taleyin ümidinə buraxıb.
Üstəlik, Qərbin əsas maliyyə mənbələrinin, xüsusən də USAİD və NED kimi təşkilatların maliyyəsinin kəsilməsi, onların Gürcüstandakı qeyri-hökumət təşkilatlarına və siyasi partiyalara dəstək verə bilməməsi işləri korlayır. Bu, qızğın qərbpərəstlərin sıralarını seyrəldən amildir. Çünki onların çoxu Avropa və ABŞ-yə ideya fanatikliyi ilə bağl deyildi, fəalliyyətləri pul axınına və xarici logistikaya əsaslanırdı. Pul və dəvətlər olmayandan sonra “avropalı gürcülər” nə etsinlər, necə fəaliyyət göstərsinlər? Çox çətindir.
Əslində Gürcüstanda “Avropaçılıq” yerli mentalitet və kimliyin bir hissəsi deyil, daha çox yaxşı maliyyələşdirilən, lobbiləşdirilən və reklam edilən marketinq strategiyasıdır. Gürcüstan Qafqaz ölkəsidir və bu ölkədəki milii, dini mühafizəkarlıq Avropanın modern həyatı ilə çox da uzlaşmır. Nəticə etibarı ilə Avropa ideyası daha sərfəli olan başqa bir ideya ilə əvəz olunana qədər populyar ola bilər.
Təbii ki, bu məsələdə ölkənin gənc əhalisinin düşüncəsi, bir çox başqa ölkələrdə olduğu kimi, fərqlidir. Amma modern Qərb həyatını təqlid etmək, “avropalı olmaq” eşqi ilə çırpınmaq gnc gürcüləri avtomatik olaraq amerikalı və avropalı etmir.
Bir müddət öncə Rusiya kəşfiyyatının sifarişlərini yerinə yetirdikləri şübhə doğurmayan məşhur rus prankerlər Vovan və Leksus Gürcüstanın beşinci prezidenti Salome Zurabişvilini və keçmiş ombudsman Uça Nanuişvilini təxribata çəkərək, onlardan belə bir etiraf almışdı ki, ABŞ səfirliyi və ona bağlı qurumlar gürcülərin hakimiyyətə etirazlarını dəstəkləmək üçün zəmin yaradıb və Qərbyönlü qüvvələrə dəstək verir.
Əslində bu, heç kəsə sirr deyildi. Avropada da, Rusiyada da, Gürcüstanda da hamı bilir ki, ABŞ və Avropa İttifaqı Gürcüstanı Rusiyanın orbitindən çıxarmaq üçün illərlə məqsədyönlü fəaliyyət göstərib. Tramp hakimiyyətə gələndən sonra bu iş zəifləsə də, ümidlər qalır. Sadəcə, Avropanın İvanişvili rejiminə təzyiq göstərmək, onu “düz yola qaytarmaq” üçün tətbiq etdiyi sanksiyalar əks effekt verib. İndi Gürcüstan hakimiyyəti “heç avropalı olmuruq” ədası sərgiləyir. Hakim “Gürcü arzusu” partiyasının elitası düşünür ki, ölkə ABŞ və Avropasız da yaşaya bilər.
Ancaq bu, bir gerçəkdir ki, Gürcüstan rəhbərliyinin ABŞ və Avropa İttiaqı ilə arasının yaxşı olduğu vaxtlarda rəsmi Tiflis daha ötkəm idi və regionda daha effektiv manevrlər edə bilirdi. İndi Gürcüstan iqtidarı yavaş-yavaş Rusiyanın təsir dairəsinə yuvarlanır və manevr qabiliyyətini itirir.
Hazırda vətəndaş fəalları və siyasi müxalifət Vaşinqton və Brüsseldən Gürcüstan hökumətinə daha sərt cəzalar tələb edirlər. Buraya vizasız gediş-gəlişin, Avropa İttifaqına namizəd statusunun ləğvi və Avropaya inteqrasiya statusunun dayandırılması daxildir. Gürcüstana qarşı bu tədbirlər görülsə, bu, İvanişvili rejimi üçün ölümcül zərbə olmayacaq, amma müəyyən vətəndaşlar əziyyət çəkəcəklər və bu onların “Gürcü arzusu”na qarşı sərt müxalifətdə olmalarına gətirib çıxaracaq.
Bir sözlə, Rusiyanın ayağı dəyən yerdə daxili sabitliyin bərqərar olması illərlə, hətta qərinələrlə vaxt tələb etdiyi üçün Gürcüstanda da suların bu tezlikdə durulması gözlənilmir. Ona görə də “Avropalı gürcülər” gerçək bir Avropa dövləti qurmaqdan ötrü hələ çox əziyyət çəkəcəklər.
Araz Altaylı, Musavat.com
08 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ