Onlayn ictimai-siyasi qəzet
Azərbaycan və İranın iştirakı ilə keçirilən “Araz-2025” hərbi təlimləri regionda yeni geosiyasi mesajların başlanğıcı ola bilər.
Musavat.com xəbər verir ki, artıq İran Silahlı Qüvvələrinin hərbi qulluqçuları, eləcə də digər struktur nümayəndələri Azərbaycana gələrək işğaldan azad olunmuş ərazilərdə baş tutacaq təlimlərə qatılıblar.
Azərbaycan Müdafiə Nazirliyi rəsmi məlumat yayaraq bildirib ki, təlimlərin rəhbərləri və hər iki ölkənin yüksək rütbəli nümayəndələri arasında görüş keçirilib. Görüş zamanı təlimlərin məqsədi, ssenarisi, yer seçimi, hazırlıq mərhələləri və təhlükəsizlik qaydaları ətraflı şəkildə təqdim olunub.
Qeyd edilib ki, “Araz-2025” ortaq hərbi təlimləri mayın 21-dək Azərbaycanın azad olunmuş ərazilərində davam edəcək.
Bu hərbi əməkdaşlıq təkcə birgə manevrlərlə məhdudlaşmır – bu, geopolitik mahiyyət daşıyan simvolik addımdır. Çünki “Araz-2025” təlimləri Ermənistanda Tehrana ümid bağlayan dairələr üçün siyasi-mənəvi zərbə kimi qiymətləndirilə bilər. Təlimlərin Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Tehranda səfərdə olduğu günlərə təsadüf etməsi isə bu paralelləri daha da gücləndirir.
Rəsmi İrəvanın, xüsusilə 44 günlük müharibədən sonra revanşist dairələrin İranla strateji yaxınlıq qurmaq cəhdlərini artırdığı müşahidə olunurdu. Lakin azad edilmiş Qarabağ torpaqlarında İran əsgərlərinin iştirakı ilə keçirilən bu təlimlər göstərir ki, Tehran artıq əvvəlki kimi Ermənistanın arxasında təkbaşına dayanmaq istəmir.
“Araz-2025” təlimləri İran-Azərbaycan münasibətlərinin normallaşmasının və strateji etimadın formalaşmasının praktiki göstəricisidir. Bu həm də bir mesajdır – rəsmi Tehran, Azərbaycanla münasibətləri Ermənistanla olan tarixi balans üzərindən deyil, regional reallıqlara əsaslanaraq inkişaf etdirməyə qərarlıdır.
Xüsusilə azad olunmuş torpaqlarda – yəni Qarabağda İran ordusunun iştirakı ilə keçirilən hərbi təlimlər rəsmi Bakının etimad krediti verdiyi çox az ölkələrdən biri kimi Tehranın yeni rolunu ortaya qoyur. Bu, həm də bölgədə Azərbaycanın suverenliyinə qarşı yönələn istənilən planlara qarşı tərəddüdsüz mövqe nümayişidir.
Bundan əlavə, bu proses İranın Ermənistan üzərindən Zəngəzur dəhlizi ilə bağlı əvvəlki sərt ritorikasından da tədricən geri çəkildiyinin göstəricisi hesab oluna bilər.
Musavat.com-un təhlilinə görə, “Araz-2025” təlimləri təkcə iki ölkənin hərbi əməkdaşlığının güclənməsi deyil, eyni zamanda bölgədə yenidən qurulan güc balansının bariz nümunəsidir. Rəsmi Tehranın bu proseslərdə Azərbaycana yaxınlaşması, Ermənistan üzərindən qurulmuş geosiyasi manipulyasiya siyasətindən tədricən uzaqlaşması deməkdir.
Bu isə o anlama gəlir ki, İran İrəvanın arxasında əvvəlki kimi israrla dayanmaq niyyətində deyil. Azad Qarabağda keçirilən təlimlər revanşist planlara qarşı real və praktik bir “solaxay zərbədir”.
Musavat.com
19 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ