Onlayn ictimai-siyasi qəzet
Azərbaycan Respublikasının Əməkdar hüquqşünası, hüquq elmləri doktoru, professor İlham Rəhimov bu gün dünyasını dəyişən tanınmış şair, Azərbaycan poeziyasının böyük imzalarından biri Məmməd İsmayılın vəfatı münasibəti ilə başsağlığı verib.
Musavat.com başsağlığı mətnini təqdim edir:
Azərbaycan ədəbiyyatının parlaq simalarından biri, saf qəlbi, dərin düşüncəsi və ölməz poetik irsi ilə yaddaşlarda iz salmış əziz dostum, böyük şair Məmməd İsmayıl bu dünyadan köçdü.
Məmməd İsmayıl mənim üçün yalnız söz ustadı deyildi - o, həyatda yaxşı insanın nə demək olduğunu yalnız sözdə, şeirlərində deyil, əməldə göstərən bir müdrik idi. Məmmədlə olan dostluğumuz mənim üçün təkcə şəxsi münasibət deyil, eləcə də, mənəvi sabitlik, intellektual zənginlik mənbəyi idi, şərəfli və mənalı həyatı ilə insana insan olmağı öyrədirdi.
Məmmədin poeziyası doğma torpaqla nəfəs alan, ana yurdun ruhunu daşıyan bir qəlbin harayı idi. Vətən onun üçün bir coğrafiya deyil, bir alın yazısı idi. Onun “Anadan olduğum doğma kənd kimi, Təzədən mən sənə qayıdacağam” misraları bu gün daha ağır, daha kədərli səslənir. O, doğulduğu torpaq kimi səmimi, uca dağlar qədər məğrur idi.
Məmməd İsmayıl çətinliklərdən qorxmayan, həyatın ağır sınaqları qarşısında sınmayan, əksinə, bu sınaqlardan güclənərək çıxan bir şəxsiyyət idi. Onun ömrü bir məktəb idi – mənəviyyat, mərdlik və sədaqət məktəbi.
Bu gün Məmməd İsmayılın simasında Azərbaycan bir şairini yox, dəyərli bir söz qalasını, ədəbiyyat abidəsini itirdi. Onun yoxluğu şəxsən mənim üçün də çox ağır və üzücüdür. Amma inanıram ki, Məmməd İsmayılın adı, onun qələmindən süzülən sözlər bu millətin yaddaşında əbədi yaşayacaq. Çünki o, şeirləri ilə, düşüncəsi ilə, varlığı ilə ölümsüzlüyü seçdi...
Ruhu şad, məkanı cənnət olsun.
21 Avqust 2025
20 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ