İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu niyə azalıb? - İqtisadçı-alimdən mühüm AÇIQLAMA

2025-ci ilin yanvar-aprel aylarında əsas kapitala 5069,3 milyon manat məbləğində, yaxud əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4.6 faiz az investisiya yönəldilib.

Musavat.com Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 22,7 faiz azalıb, qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi isə 5,3 faiz artıb.

İstifadə olunmuş investisiyanın 2578,8 milyon manatı və ya 50,9 faizi məhsul istehsalı sahələrinə, 1627,6 milyon manatı (32,1 faizi) xidmət sahələrinə, 862,9 milyon manatı (17,0 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunub.

Əsas kapitala yönəldilmiş investisiyaların 3772,4 milyon manatını və ya 74,4 faizini daxili investisiyalar təşkil etmişdir. Əsas kapitala yönəldilmiş investisiyaların 3969,3 milyon manatı və ya 78,3 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu niyə azalıb?

İqtisadçı-alim Vüsalə Əhmədova mövzu ilə bağlı Musavat.com-a fikrini bildirib:

ce8e738277890b03e85aba3ba4d72e34-1.jpg (61 KB)

“Son illər ərzində ölkədə investisiya həcmlərinin davamlı şəkildə azalmasını müşahidə edirik. Neft və qaz sektoruna yönəlmiş investisiyalarda azalma bu sahədə bir sıra iri layihələrin başa çatması ilə izah oluna bilər. Lakin narahatlıq doğuran qeyri-neft sektorundakı durğunluqdur. Mən bir digər məqama da diqqət çəkmək istərdim. Əsas kapitala yönəldilmiş investisiyaların təqribən 1/4-ni xarici investisiyalar təşkil edir. Bəs nə üçün biz daha çox xarici investorları ölkəyə cəlb edə bilmirik? Bu göstəricinin artması üçün potensial böyük olsa da, reallıqda istədiyimiz qədər xarici investor cəlb edə bilmirik. Bəs problem nədədir? Əlbəttə, birbaşa xarici investisiyaların cəlb edilməsində bazarın həcmi, iqtisadi və siyasi sabitlik, işçi qüvvəsinin dəyəri, ölkənin xarici dünyaya açıqlığı, valyuta məzənnəsi və inflyasiya kimi iqtisadi göstəricilər mühüm rol oynayır. Ancaq burada daha dərin və mühüm məsələ var – investorların hüquqlarının beynəlxalq hüquq normaları çərçivəsində qorunması. Xarici investorların hüquqlarının qorunması müasir qlobal iqtisadi sistemin əsas dayaqlarından biridir, hansı ki, investorların sərmayələrinin təhlükəsizliyini təmin etməkdədir. Bu baxımdan, "Ədalətli və bərabər rəftar" (Fair and Equitable Treatment – FET), "Ən əlverişli rejim" (Most-Favored-Nation Treatment – MFN), "Milli rəftar" (National Treatment), "Tam təhlükəsizlik və mühafizə" (Full Protection and Security), "Müsadirə əleyhinə müdafiə" (Protection against Expropriation) kimi qoruma mexanizmlərinin xüsusi əhəmiyyət kəsb etdiyini qeyd etmək istərdim. Bu prinsiplər, qeyri-şəffaf və özbaşına qərarlarla investorun hüquqlarına zərər vurulmasının qarşısını almağa, rəqabətdə bərabərliyi və yerli investorlarla bərabər münasibətlərin göstərilməsini təmin etməyə, investorların fiziki aktivlərinə və qanuni hüquqlarına təhlükə yaradan zorakılıqlardan və qanunsuz hərəkətlərdən müdafiəsinə xidmət edir. Məsələn, dövlət ölkədəki hər hansı bir qanunvericiliyi dəyişdirərsə, bu dəyişikliyin investorun maraqlarına zərər verməyəcəyinə zəmanət verməlidir, əks təqdirdə onun itkilərini kompensasiya etmək öhdəliyi daşıyır. Beynəlxalq hüquq çərçivəsində investorların hüquqlarını qoruyan bu və digər mexanizmlər, dövlətlə investor arasında balanslı və hüquqa əsaslanan münasibətlərin qurulmasına xidmət edir. Nəticədə investorların təhlükəsizliyi təmin edilməklə yanaşı, dövlətin də daha çox investisiya cəlb etməsinə imkan yaranır”.

Afaq Mirayiq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 May 2025

14 May 2025

BÜTÜN XƏBƏRLƏR