İnsanlara hürriyət, millətlərə istiqlal!

Tehrandan Trampa “Allahın düşməni” hökmü: Məkarim Şirazi ABŞ prezidentinin ölümünə fətva verdi

İranın ayətullahından Trampa ölüm fətvası: ABŞ-İran barışı deyəsən, xəyal olaraq qalacaq

ABŞ prezidenti Donald Tramp son günlər İranla bağlı daha yumşaq və sülhpərvər açıqlamalar verir. O, hətta Tehranın sülhsevər siyasət yürüdəcəyi halda İrana qarşı bütün sanksiyaları ləğv etməyə hazır olduğunu bildirib. Tramp eyni zamanda bəyan edib ki, bəzi ərəb ölkələri İran müharibəsindən sonra Vaşinqtona müraciət edərək “İbrahim razılaşmalarına qoşulmaq istədiklərini” deyiblər və bu istiqamətdə işlərə start verilir.

Lakin İran daxilindəki ən yüksək dini dairələr ABŞ-la normallaşmaya qəti şəkildə qarşı çıxır. Bunun ən açıq nümunəsi İranın tanınmış şiə mərcəyi-təqlid alimi, Böyük Ayətullah Nəsir Məkarim Şirazinin son verdiyi fətvadır.

Musavat.com-un əldə etdiyi məlumata görə, Ayətullah Məkarim Şirazi fətvasında açıq şəkildə dünya müsəlmanlarını ABŞ prezidenti Trampı öldürməyə çağırır. Şirazinin fətvasında qeyd olunur ki, “İranın ali rəhbərini təhdid edən və ya ona qarşı hərəkət edən hər kəs ‘Mohareb’dir (Allahın düşməni, öldürülməsi vacib olan) və əgər bu yolda sizə bir zərər dəysə, siz Allahın döyüşçüsü kimi qəbul olunacaqsınız”.

Bu fətva ABŞ-la İran arasında münasibətlərin yaxın vaxtlarda normallaşacağına dair illüziyaların əslində reallığa uyğun olmadığını göstərir. Musavat.com təhlilçilərinə görə, belə sərt dini mövqe İran hakim dairələrinin daxildəki teokratik dayaqlarının ABŞ və İsraillə barışıq ssenarisinə qətiyyətlə mane olduğunu bir daha nümayiş etdirir.

Xatırladaq ki, bundan əvvəl Tramp Fox News-a müsahibəsində bildirib:

“Bəzi ərəb ölkələri İran müharibəsindən sonra bizə müraciət edərək İbrahim razılaşmalarına qoşulmaq istədiklərini bildirdilər. Biz bunun üzərində işə başlayacağıq”.

O, əlavə edib ki, iki həftə ərzində Çinin ByteDance şirkətinə məxsus TikTok-un ABŞ biznesinin yeni alıcılarının adlarını da açıqlayacaq və bunun çox zəngin insanlardan ibarət bir qrup olacağını deyib.

Beləliklə, bir tərəfdə Trampın İrana sülh şərtləri ilə yeni imkanlar vəd etməsi, digər tərəfdə isə İranın ali dini liderlərinə yaxın böyük ayətullahların ABŞ prezidentinə qarşı ölüm hökmü çıxarması göstərir ki, Tehranla Vaşinqton arasında həqiqi barışma hələ çox uzaq bir perspektivdir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Iyun 2025

29 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR