İnsanlara hürriyət, millətlərə istiqlal!

“Bu, bir ata kimi mənim faciəmdir” - Fəzail Ağamalı

“Partiyaya oğlum Elçinin rəhbərlik etməsindənsə onun buraxılmasına razıyam”

Xəbər verdiyimiz kimi, Fəzail Ağamalının sədri olduğu Ana Vətən Partiyasının bu gün keçirilən qurultayında qalmaqal yaşanıb. Yeni sədr postuna kimin gətirilməsi məsələsində Fəzail Ağamalının övladları arasında fikir ayrılığı yaranıb.
F. Ağamalı partiyaya rəhbərliyi deputat qızı Günay Ağamalıya həvalə etmək istəyib. Lakin partiya üzvlərinin bir qismi onun oğlu Elçin Ağamalının namizədliyini dəstəkləyib.

Qurultayda F. Ağamalı ilə oğlu arasında gərginlik yaşanıb. Mühafizəçilərin müdaxiləsi nəticəsində ata-oğul bir-birindən uzaqlaşdırılıb.

TV Müsavatın canlı efirinə telefonla qatılan F.Ağamalı baş verənlərlə bağlı öz təəssüfünü bildirib. Onun sözlərinə görə, partiyanın 9-cu qurultayında xoşagəlməz hadisələr yaşanıb: “Bu, həm də mənimçün ona görə ağırdır ki, problemləri yaradan mənim doğmaca oğlum oldu. Bu barədə söhbət etmək mənim üçün ağırdır. Mən hər zaman ailə dəyərlərinə, övlada xüsusi sevgi ilə yanaşan insanam. Ailə məsələlərində mühafizəkaram. Səbəbini bilmirəm ki, oğlum nədən bu cür aqressiv mövqedə olmaqda davam etdi”.

F.Ağamalı oğlunun siyasi fəaliyyəti barədə aşağıdakı kimi dəyərləndirmələr edib: “Elçinin partiyada fəaliyyəti olmayıb. İnternetdə Elçin Ağamalı adına axtarış verin, facebookda 2024-cü ildən bəri yazılar yazıb. O, mənim müavinim olub, onu siyasi proseslərə hazırlamışam, özümlə ciddi siyasi görüşlərə aparmışam. Bir ata kimi onun həyatı, inkişafı üçün əlimdən gələni etmişəm. Bu partiyada təşkilat məsələlərinə baxıb, partiyanın qərargahı ilə təşkilat arasında əlaqələndirici işlərə nəzarət edib. Lakin o heç zaman açıq şəkildə siyasi mövqeyini ortaya qoymayıb. Gənc vaxtı bəlkə də başa düşüləndir. 2017-ci ildən sonra o, partoyada hətta görmüş olduğu işlərdən də uzaqlaşdı. Mənim deputat seçkilərimdə iştirak edib -övladım kimi. 2020-ci ildə onu otağıma çağırdım və növbəti parlament seçkilərində iştirak etməyəcəyimi dedim. Eyni zamanda partiya sədrliyindən də getmək fikrim var deyə ona bildirdim. İmtina etdi. Dedi ki, işlərim və problemlərim çoxdur. Bir neçə dəfə bunu dedim və eyni sözləri eşitdim. Sonra 2020-də Günay Ağamalı partiyada funksioner kimi işləmək istədiyini dedi və mən razılaşdım. Günayın özünün o vaxta qədər kifayət qədər fəallığını görürdüm. İctimai məsələlərdə çox fərqli, düzgün mövqe nümayiş etdirirdi”.

Eks deputatın sözlərinə görə, qızı deputatlığa namizədliyini verən kimi oğlunun davranışlarında fərqlər özünü göstərməyə başlayıb: “Günay Ağamalı namizədliyini verəndən sonra Elçin fərqli mövqe tutdu. Dedi ki, partiyaya gəlirəm, sədr olmaq niyyətim var, bu, mənim haqqımdır. Mən də buna normal yanaşırdım. Sonra partiyada təfriqə yaratdı, partiya üzvlərindən öz ətrafına adamlar toplamağa çalışır. Mən buna xəbərdarlıqlarımı elədim ki, bunu yığışdırmaq lazımdır. Mənə dedi ki, partiya sədri olacam. Mən də dedim ki, bunun üçün qurultay keçirilməlidir. Üstəlik, əlavə etdim ki, uzunmüddətli fəaliyyəti olan bu partiyanı sənə əmanət edə bilmərəm. Çünki sən hərdəmxəyal adamsan, mövqeyində qətiyyətli deyilsən. Sənə nə xeyir edirsə, ona əmək sərf edirsən. Sən siyasətdə yoxsan. Partiyanın funksionerlərindən birisən, səni cəmiyyətdə siyasətçi kimi yox, başqa cür tanıyırlar”.

“Elçinin iddiaları başdan-ayağa yalandır” deyən müsahibimizin sözlərinə görə, E.Ağamalının partiyaya sədr gəlməsinə əsla razı ola bilməz: “O, partiyaya gəlməyə layiq olan adam deyil. O, mənim oğlumdur. Oğulla qız arasında fərqi mən qoymuram. İndi baş verənlər bir ata kimi mənim faciəmdir. Bu partiyanı onun ixtiyarına verməyə haqqım yoxdur. Bu partiyanın onun sədrliyinə keçməsindənsə, çox böyük məmnuniyyətlə gələcək biabırçılıqlardan, xoşagəlməz vəziyyətlərdən sığortalanmaq üçün o partiyanın buraxılmasının daha düzgün hesab edirəm. Siyasətdə Elçinin yeri yoxdur. Dediyi sözlərin hamısı yalandır. Ulu öndərimiz haqda indi fikir söyləyir, prezidentimizə tərif söyləyir utanmadan. Bəs siz bu günə qədər onun dövlət, dövlətçilik, milli ideyalarımız haqqında bir yazısına rast gəlmisiz? Yox. Onun xəyalları xəyal olaraq qalacaq və mən sona qədər mübarizə aparacam ki, o, partiyanın sədri olmasın”.

F.Ağamalı bildirib ki, gələn həftənin ilk iş günündə bu qurultayda baş verənlərin hüquqi müstəvidə araşdırılması üçün əlindən gələni edəcək.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Oktyabr 2025

25 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR