Onlayn ictimai-siyasi qəzet
Ermənistan hakimiyyəti Türkiyə və Azərbaycanla mümkün yeni razılaşmalar fonunda Gümrüdə yerləşən 102-ci Rusiya hərbi bazasının ölkədən çıxarılması məsələsini qaldıra bilər.
Musavat.com xəbər verir ki, bu barədə Mərkəzi Asiya və Cənubi Qafqaz üzrə ekspert Andrey Areşev Sputnik Armenia-ya müsahibəsində bildirib.
Ekspertin sözlərinə görə, İrəvan və Moskva arasında münasibətlərin son bir ildə ciddi şəkildə soyuqlaşması, habelə regionda siyasi balansların dəyişməsi bu mövzunun rəsmi gündəmə düşməsini real edir.
Areşev qeyd edir ki, Ermənistan hakimiyyəti hazırda Türkiyə və Azərbaycanla danışıqlarda yeni mərhələyə keçib və bu proses fonunda Rusiyanın Gümrüdəki bazası “öz funksional əhəmiyyətini itirmiş kimi” təqdim oluna bilər:
“Hakimiyyət bazanın artıq Ermənistanın təhlükəsizliyi üçün zəruri olmadığını iddia edə və onun çıxarılmasını legitimləşdirə bilər. Bunun üçün “funksiyanın tükənməsi” arqumentindən istifadə olunacaq.”
Ekspert həmçinin bildirir ki, Ermənistanda siyasi vəziyyət kəskinləşmək üzrədir, seçkilər və mümkün hökumət dəyişiklikləri fonunda hakimiyyət “narazı mərkəzləri” zəiflətməyə çalışır:
“Sürətli və burulğanlı siyasi proseslər başlayıb. Hakimiyyət bu fonda bütün narazı qüvvələri – xüsusilə Rusiya ilə ənənəvi əlaqələri güclü olanları – sistemdən sıxışdırmağa çalışır.”
Musavat.com-un təhlilinə görə, 102-ci bazanın çıxarılması yalnız hərbi-strateji deyil, həm də geopolitik baxımdan böyük nəticələr doğura bilər. Bu addım Ermənistanın Rusiya orbitindən tam ayrılaraq Qərb və Türkiyə ilə yaxınlaşmasını sürətləndirə bilər.
Musavat.com
26 Oktyabr 2025
25 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ