İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan öhdəsinə düşən bütün məsələləri həll edib, Ermənistan hakimiyyəti isə...

Sülhü qəbul etməyən revanşist qüvvələr prosesi pozmağa çalışacaqlar

“Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında” Saziş ölkələr arasında sülh və qarşılıqlı etimadın qurulmasına yönəlmiş mühüm addım olaraq, hər iki tərəfin suverenliyini, ərazi bütövlüyünü və siyasi müstəqilliyini tanımaqla, bölgədəki gərginliyi azaltmağı və gələcəkdə ərazi iddialarını tamamilə aradan qaldırmağı hədəfləyir.

Sazişin 1-ci maddəsində qeyd olunur:

“Tərəflər, keçmiş SSRİ-nin Sovet Sosialist Respublikaları arasında sərhədlərin müvafiq müstəqil dövlətlərin beynəlxalq sərhədlərinə çevrildiyini və beynəlxalq birlik tərəfindən bu şəkildə tanındığını təsdiq edərək, bir-birinin suverenliyini, ərazi bütövlüyünü, beynəlxalq sərhədlərinin toxunulmazlığını və siyasi müstəqilliyini tanıyır və hörmət edirlər”.

Layihənin 2-ci maddəsində isə qeyd olunub:

“Tərəflər I maddəyə tam riayət etməklə, bir-birinə qarşı hər hansı ərazi iddialarının olmadığını və gələcəkdə belə iddialar qaldırılmayacağını təsdiq edirlər;
Tərəflər digər tərəfin ərazi bütövlüyü və ya siyasi birliyini tamamilə və ya qismən parçalamağa yönəlmiş hər hansı bir hərəkətə, o cümlədən belə hərəkətlərin planlaşdırılmasına, hazırlanmasına, həvəsləndirilməsinə və dəstəklənməsinə yol verməyəcəklər”.

Hazırda gözləntilərdən biri Ermənistan hakimiyyətinin Konstitusiya dəyişikliyi ilə bağlı referendumu keçirməsidir.

Tag: Mətin Məmmədli / neonews.az

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin baş məsləhətçisi, siyasi elmlər üzrə fəlsəfə doktoru Mətin Məmmədli Musavat.com-a açıqlamasında bildirib ki, Ermənistan Konstitusiyası ilə bağlı referendum 2026-cı ildə keçirilə bilər. Onun sözlərinə görə, Ermənistan hakimiyyəti daha öncə də referendumun 2026-2027-ci illərdə keçirilə biləcəyini bəyan edib:

“Hesab edirəm ki, Vaşinqtonda əldə olunan razılaşmalardan sonra proses bir qədər sürətlənəcək. İstənilən halda referendumun 2026-cı ildən tez keçiriləcəyini düşünmürəm. Çox güman ki, referendum iyun ayında keçirilməsi nəzərdə tutulan parlament seçkilərindən sonra reallaşacaq. Təbii ki, sülh müqaviləsinin imzalanması referendumun nəticələrindən asılıdır. Məlum olduğu kimi, hazırkı Konstitusiya Azərbaycana qarşı ərazi iddialarını ehtiva edir. Gözləntimiz yeni Konsitutusiyanın qəbul edilməsidir”.

M.Məmmədlinin fikrincə, Ermənistan daxilindəki proseslər Konstitusiya dəyişikliyi ilə bağlı şərtin yerinə yetirilməsinə birbaşa təsir göstərəcək:

“Məlum olduğu kimi, Ermənistan daxilində Ermənistan-Azərbaycan sülh müqaviləsini, ümumilikdə, sülh prosesini qəbul etməyən kifayət qədər revanşist qüvvələr var. Onlar sülh prosesini pozmağa, sülh müqaviləsinin imzalanmasına mane olmağa çalışacaqlar. Bu baxımdan hesab edirəm ki, Ermənistan hakimiyyətinin, bütövlükdə Ermənistan cəmiyyətinin davranışları sülh prosesinin taleyinə əhəmiyyətli dərəcədə təsir göstərəcək. Azərbaycan öhdəsinə düşən bütün məsələləri həll edib. Ermənistan hakimiyyəti isə məsuliyyətini dərk edib sülh prosesini sürətləndirməli və uğurla başa çatması üçün lazımi tədbirləri görməlidir”.

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR