Onlayn ictimai-siyasi qəzet
Bakı bulvarı adamla doludur. Hər addımda dənizin qoxusunu daha dərindən duyduğum Dəniz Vağzalına tərəf addımlayıram. Qarşıda nəhəng bir kölgə var. Üzərində iri ağ hərflərlə “Suraxanı” yazılmış, ilk baxışdan sadə bir dəniz nəqliyyatı kimi görünən bir gəmi var.
Bu nəhəngin içində Azərbaycan gəmiçiliyinin tarix yatır. Dünyanın ilk tanker tipli muzeyi dörd mərtəbəlidir. İlk addımı atdığım pilləkənlərdən gələn səs, metal gövdənin sərinliyi hiss olunur. İçəri girirəm və artıq başqa bir dünyadayam…
İlk zal elə bil okean dibinə enmisən. Vitrinlərdə par-par parıldayan rəngarəng mirvarilər, xərçəngin daşlaşmış bədəni, zərif dəniz atı… Hər biri elə işıqlandırılıb ki, gözləri vitrindən ayrıla bilmir.
İkinci bölməyə keçəndə qarşıma dənizçilər çıxır. Əlbəttə, bunlar mum fiqurlardır. Amma baxışlarındakı o qəribə ifadə elə real görünür ki, bir anlıq “Salam, kapitan!” demək keçir könlümdən. Bir küncdə dalğıc kostyumu içində ağır addımlarını hiss etdirən fiqur var. Yanında isə su keçirməyən geyimdə başqa bir dənizçi dayanıb. Ekranlarda isə onların iş prosesləri canlandırılır. Hər detala toxunmaq istəyirsən, çünki hər şey əlçatandır. Böyük bir zalın ortasında nəhəng bir lövbər uzanıb. Yanına yaxınlaşanda ayaq səslərin metal səthdə çoxalır. 1440 kiloqramlıq bu dəmir parçası, bir vaxtlar dalğaların amansız gücünü cilovlayan gəminin ürəyidir. Lövbərə bağlı qalın zəncirlər elə yaxın yerləşdirilib ki, əlinlə toxunub “dəmirin də yaddaşı varmı?” deyə düşünürsən.
Divarlarda fotolar, maketlər, köhnə xəritələr… Qobustanın qayaüstü rəsmlərindəki qayıqların kölgəsindən tutmuş, “Xankəndi” sualtı tikinti gəmisinin müasir siluetinə qədər dənizçilik tariximizin xətti burda çəkilib. Arada “İsrafil Hüseynov” borudüzən gəmisinin maketi də diqqətimi çəkir.
Bir küncdə Morze əlifbası qurğusu durur. Yanında isə rəngli dəniz bayraqları. Bir az məşq etsən, həm siqnalla, həm bayraqla dənizçilərə mesaj yollaya bilərsən. Mən də sınadım. Əlbəttə, nəticə çox “peşəkar” alınmadı.
Ən həyəcanlı hissə də elə bundan sonra gəldi. Gəmi idarəetmə otağında radar ekranı yanıb-sönür, virtual reallıq eynəyini taxanda isə elə bil “Suraxanı” ilə yola çıxırsan. Sükanın arxasına keçəndə isə… uşaq vaxtı qurduğun bütün səfər xəyalları bir anda gözünün qabağında canlanır.
Yuxarı mərtəbədə kapitanın otağı, mətbəx, yeməkxana, dar, amma rahat yataq yerləri var. Sonda isə göyərtə. Burda dayanıb Xəzərə baxmaq tamam başqa hissdir. Hər dalğa sanki gəminin gövdəsinə söykənib “qayıdış” hekayəsi danışır.
Uşaq, şagird və tələbələr üçün 2 manat. Fərdi böyüklər üçün 5 manat. Qruplar üçün isə hər nəfərə 3 manat. Qiymət bu təcrübə üçün çox ucuz görünür. Gəmiçilik tariximizin nümunələri yer alan, dünyada yeganə olan bu üzən muzeyə hər kəsin səyahəti arzuolunandır.
Mənzər Novruzlu,
Fotolar müəllifindir
Musavat.com
16 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ