Onlayn ictimai-siyasi qəzet
Azərbaycanın sabiq Xarici İşlər naziri Tofiq Zülfüqarov Rusiyada azərbaycanlılara qarşı artan şovinist ritorika və qanunsuz davranışlarla bağlı sərt mövqe ortaya qoyub.
Musavat.com xəbər verir ki, o, rusdilli mediada geniş rezonans doğuran fikirlərində Rusiya daxilində yaşayan azərbaycanlıların hüquqi, tarixi və siyasi statusuna toxunub.
Zülfüqarov özünün sosial şəbəkələrdə paylaşdığı fikirlərində bir neçə mühüm və strateji məsələni gündəmə gətirib. Onun sözlərinə görə, azərbaycanlılar və ümumilikdə türk etnosları Rusiya Federasiyasının ərazisində ən qədim və yerli (autoxthon) xalqlardan biridir və bu etnoslar bir çox federal subyektlərin konstitusiyalarında dövlətqurucu xalq kimi tanınıblar.
O qeyd edir ki, etnik mənsubiyyət əsasında vətəndaşlıqdan məhrumetmə və ya istənilən ayrıseçkilik forması həm Rusiya Federasiyası Konstitusiyasına, həm də beynəlxalq hüquq normalarına ziddir. Vətəndaşın günahsızlıq prezumpsiyasını etnik mənşə ilə pozmaq cinayət sayılır və bu cür hallar hüquqi məsuliyyətə səbəb olmalıdır.
Zülfüqarov Rusiya daxilində son aylarda müşahidə edilən azərbaycanlılara qarşı təzyiqlərin — istər mediada, istərsə də hüquq-mühafizə strukturlarında olan təcrübələrin — hüquqi qiymətini verməyə çağırır və bu kontekstdə bir neçə konkret təklif irəli sürür:
Sabiq nazirin təklifləri:
1. Qanunsuz davranışların videoyazılarla sənədləşdirilməsi:
Tofiq Zülfüqarov bildirib ki, həm dövlət orqanlarının, həm də ayrı-ayrı vətəndaş qruplarının hüquq pozuntuları videoya çəkilməli və arxivləşdirilməlidir.
2. Diaspor təşkilatlarının aktiv müdaxiləsi:
Zülfüqarov Rusiya azərbaycanlılarına müraciət edərək bildirir ki, diaspor təşkilatları bu videomaterialların toplanmasına, hüquq-mühafizə orqanlarına və məhkəmələrə təqdim olunmasına kömək etməlidir.
3. Konsulluqların fəal rolu:
Azərbaycanın Rusiyadakı səfirliyi və konsulluqları konsul dairələrində yaşayan vətəndaşlarla daha sıx əlaqə qurmalı, onların hüquqlarını qorumaq istiqamətində operativ və effektiv reaksiya verməlidirlər.
Tofiq Zülfüqarov Rusiyada bəzi media qurumlarında yayılan anti-azərbaycan ritorikasına da toxunub və bildirib ki, Azərbaycan ictimaiyyəti bu cür təxribatlara milli dəyərlərə və ləyaqətə uyğun şəkildə cavab verməlidir:
“Bizim xalqın xarakteri və ənənələri var. Cavablarımız da bu milli xüsusiyyətlərə əsaslanmalı, təxribatçılarla hüquqi müstəvidə və ləyaqətlə danışılmalıdır”, – deyə Zülfüqarov qeyd edir.
Musavat.com-un təhlilinə görə, Tofiq Zülfüqarovun bu çağırışı yalnız hüquqi deyil, həm də strateji bir müdafiə xəttidir. Rusiya daxilində türksoylulara və xüsusilə azərbaycanlılara qarşı siyasi yönümlü basqıların artması fonunda, onun təklif etdiyi müdafiə modeli – sübutların toplanması, beynəlxalq mexanizmlərə müraciət və hüquqi təzyiq – diasporun daha güclü və koordinasiyalı fəaliyyətini zəruri edir.
Bununla yanaşı, sabiq nazirin etnik diskriminasiyanın dövlətçilik üçün təhlükə olduğunu vurğulaması həm Rusiya cəmiyyətinə, həm də Kremlin özünə açıq mesajdır: Bu cür siyasət Rusiya daxilində milli harmoniya və dövlət sabitliyini sarsıda bilər.
Tofiq Zülfüqarovun bu mövqeyi, Azərbaycan ictimaiyyətinin və diasporunun Rusiya daxilindəki proseslərə hüquqi və strateji yanaşmasının təməlini qoyur. Bu, həm Azərbaycan dövlətinin vətəndaşına sahib çıxmaq niyyətinin, həm də beynəlxalq hüququn üstünlüyünün təbliğidir.
Musavat.com
02 Avqust 2025
01 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ