Onlayn ictimai-siyasi qəzet
Azərbaycanda gözlənilən ömür uzunluğu dünyada ən aşağı səviyyələrdən biri olaraq qeydə alınıb.
Musavat.com xəbər verir ki, “Global Relocate” beynəlxalq təşkilatının yeni hesabatına əsasən, Azərbaycan 69.4 il göstəricisi ilə 197 ölkə arasında 166-cı yerdə qərarlaşıb. Bu göstərici ilə ölkəmiz ömür uzunluğu üzrə nəinki dünya üzrə, hətta regionda da ən geridə qalan ölkələrdən biri hesab olunur.
Hesabatda göstərilir ki, ən yüksək gözlənilən ömür uzunluğu Monakoda qeydə alınıb – 85.9 il. Ən aşağı göstərici isə 52.5 illə Nigeriyaya məxsusdur.
Azərbaycanla eyni göstərici (69.4 il) Rusiya və Qazaxıstanda da qeydə alınıb. Onlardan sonra gələn Türkmənistanda isə bu rəqəm bir qədər aşağı – 69.3 il olaraq müəyyən edilib.
Region üzrə bəzi ölkələrin sıralaması belədir:
Türkiyə – 80-ci yer (76 il)
İran – 108-ci yer (73.9 il)
Ermənistan – 133-cü yer (72 il)
Gürcüstan – 138-ci yer (71.7 il)
Ukrayna – 140-cı yer (71.6 il)
Özbəkistan – 146-cı yer (70.9 il)
Qırğızıstan – 162-ci yer (70 il)
Moldova – 171-ci yer (68.8 il)
BMT-nin İnkişaf Proqramı bu statistik göstəriciləri müxtəlif yaş qruplarında ölüm hallarını analiz etməklə hesablayır. Gözlənilən ömür uzunluğu səhiyyə xidmətlərinin keyfiyyəti, sosial müdafiə sistemi, təhsil səviyyəsi və ümumi yaşayış standartlarının göstəricisi kimi qəbul olunur.
Musavat.com
06 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ