Onlayn ictimai-siyasi qəzet
Deputatın Naxçıvanda eynisini tikmək çağırışına dinşünasdan cavab gəldi
Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev maraqlı təkliflə çıxış edib. Millət vəkili son müsahibəsində Naxçıvanda Məkkədəki Kəbənin eynisini tikməyi təklif edib: “Naxçıvanda müqəddəs kitabımız - Quranda adı keçən Əshabi-Kəhf kimi məşhur ziyarətgah var. Hətta bu yaxınlarda Leyla və Arzu Əliyevalar həmin yeri ziyarət edərək, onun tanıdılması üçün sosial şəbəkələrdə paylaşımlar etdilər. Naxçıvandan mənə dedilər ki, bundan sonra Bakıdan və digər rayonlardan ora ziyarətə gedənlərin sayında əhəmiyyətli artım olub. Quranda Əl-Kəhf (Mağara) surəsinin 21-ci ayəsində Əshabi-Kəhfin adı çəkilir. Həmin ayədə deyilir: "Beləcə (insanları) onların halından xəbərdar etdik ki, Allahın vədinin haqq olduğunu və qiyamətin qopacağına dair heç bir şübhə olmadığını bilsinlər. O zaman aralarında onların (Əshabi-Kəhfin) məsələsini müzakirə edərək: “Onların üstündə bir bina tikin! Rəbbi onları ən yaxşı biləndir”, - dedilər. Onların işinə bələd olanlar isə: “Biz onların yanında bir məscid tikəcəyik!” - dedilər".
Hesab edirəm ki, biz Əshabi-Kəhfdə Məkkədəki Kəbənin-islamın ən mühüm məscidinin (Allahın evinin) eynisini tikə bilərik. Səudiyyə Ərəbistanı hər il Kəbənin örtüyünü dəyişir və köhnə örtüyü bir müsəlman ölkəsinə bağışlayır. Dost ölkə kimi xahiş edə bilərik ki, birini də bizə bağışlasın. Müsəlmanlar Allah qarşısında bərabər olsalar da, Məkkədə Kəbənin içərisinə ziyarət üçün yalnız xüsusi imtiyazlı şəxslər buraxılır. Əshabi-Kəhfdəki ikinci Kəbəyə isə hamı buraxılmalıdır. Bu zaman bütün müsəlmanların imkanı olar ki, yeni Kəbənin içərisinin necə olduğunu görsün və ziyarət etsin. Biz Yeni Kəbəni bütün müsəlmanlar arasında tanıda bilərik".
Millə vəkilinin bu fikirləri cəmiyyətdə xeyli rezonans doğurub. Bəs Qüdrət Həsənquliyevin təklifini Azərbaycanda həyata keçirmək nə qədər real görünür?
İlahiyyatçılar bildirir ki, millət vəkilinin bu təklifi simvolik baxımdan iddialı və dini turizmin təşviqi baxımından maraqlı görünsə də, həm dini-hüquqi, həm ictimai, həm də siyasi baxımdan hazırda reallaşdırılması mümkün görünmür. Əgər belə bir təşəbbüs ciddi şəkildə gündəmə gətirilərsə, geniş ictimai və dini müzakirələrə, hətta beynəlxalq reaksiyalara səbəb ola bilər.
Belə ki, Kəbə İslamın mərkəzi ziyarətgahıdır və dünyada təkdir. Onun eynisinin başqa yerdə tikilməsi bir çox ilahiyyatçılar və dindarlar tərəfindən bidət (yəni dini əsaslara uyğun olmayan yenilik) kimi qəbul edilə bilər. Yəni Səudiyyə Ərəbistanı hər il Kəbənin örtüyünü bir ölkəyə bağışlasa da, bu addımı “ikinci Kəbə” yaratmaq məqsədilə istəmək münasib qarşılanmaya bilər.
Üstəlik, belə bir monumental layihənin tikinti xərcləri, saxlanılması və ziyarətçilərin idarəsi böyük infrastruktur və vəsait tələb edir. Naxçıvanın blokada şəraitində yaşaması da belə bir layihənin logistikasını çətinləşdirir.
Kənan Rövşənoğlu
Mövzu ilə bağlı dini məsələlər üzrə ekspert Kənan Rövşənoğlu “Yeni Müsavat”a deyib ki, dini baxımdan bu, reallaşması mümkün olmayacaq bir işdir: “Əshabi-Kəhf Quranda adı keçən bir hekayədən gəlir, "mağara adamları" deməkdir. Buradakı insanlar zalım bir hökmdarın zülmündən qaçaraq mağaraya sığınır və burada 300 ildən çox yatıb qalırlar. İbrətamiz hekayədir. Bu arada, hazırda bir neçə ölkədə Əshabi-Kəhf olduğu ehtimal olunan yerlər var. Yəni məkanı dəqiq məlum deyil. Kəbə isə Quranda adı keçən və yeri açıq şəkildə bəlli edilən müqəddəs məkandır, hər il və ümumilikdə il boyunca müsəlmanlar bu məkanı ziyarət edir. Kəbədəki örtüyü gətirməklə müqəddəslik yaratmaq mümkün deyil. Yəni dini baxımdan bunun mümkün olacağını düşünmürəm. Örtüyə gəlincə, hər il bu örtük yenilənir və köhnəsi zəvvarlara hədiyyə olunur. Amma örtük özlüyündə müqəddəs deyil. Kəbəni daha çox tanıtmaq üçün Həcc və ümumilikdə ziyarət qiymətlərinin daha əlçatan olması lazımdır ki, hər il arzusunda olan mömin insanlar daha çox gedə bilsin".
Xalidə GƏRAY,
“Yeni Müsavat”
ŞƏRHLƏRŞƏRH YAZ