Onlayn ictimai-siyasi qəzet
Fəvvarələr meydanında insanları icazəsiz çəkən fotoqraflar peyda olub. Pul qazanmaq üçün bu yola əl atan şəxslər ciddi narazılıqlara səbəb olub.
Musavat.com xəbər verir ki, son günlər bununla bağlı çoxsaylı şikayətlər sosial şəbəkə istifadəçiləri tərəfindən də paylaşılır.
Yaranmış vəziyyətdən narazı olanlardan biri də Elçin Əliyevdir.
O, sosial şəbəkə hesabında qeyd edib ki, bir neçə ay əvvəl edilən şikayətlərdən sonra fotoqraflar yoxa çıxsa da, yenidən peyda olublar:
“Yoldan keçənlərin xəbəri olmadan şəklini çəkir, sonra isə onlara məcburi şəkildə fotoları satmağı təklif edirlər. Bu gün gənc qızlar zorla təklif olunan xidmətdən imtina edərək fotoların silinməsini tələb edəndə daha bir səs-küylü qarşıdurmanın şahidi oldum.
Təxminən iki ay əvvəl bu barədə yuxarı orqanlara şəxsi məlumat verdim və fotoqraflar bir müddət yoxa çıxdılar, lakin görünür, rayon icra hakimiyyətinin yerli məmurlarından biri bu işdən yaxşı pul qazanır”.
Vətndaş sual edir: “Bu nə dərəcədə qanunidir? Şəxsən mən istəməzdim ki, mənim və sevdiklərimin şəkilləri kiminsə kolleksiyasına düşsün”.
Haqqında danışılan fotoqrafların kamerasına düşənlərdən biri də “Yeni Müsavat” qəzetinin əməkdaşı Könül İbrahimovadır.
K. İbrahimova qeyd edib ki, o və həyat yoldaşı həmin fotoqrafların xidmətindən bir dəfə məcburiyyət qarşısında qalaraq istifadə ediblər:
“Ötən həftələrdə həyat yoldaşım, jurnalist Məhəmməd Türkmənlə Fəvvarələr meydanında gəzirdik. Yanımıza boynunda fotoaparat asılan bir oğlan yaxınlaşdı. Bildirdi ki, videomuzu çəkib. 10 manat versək, bizə göndərər. Biz bu durumdan narahat olmadıq, videonu bəyəndik, 10 manat ödəyib, aldıq. Sosial mediada da paylaşdıq. Məcburi xidmət olsa da, bizə xoş oldu.
Amma etik tərəfdən baxsaq, başqaları üçün xoş olmaya bilər. Təsəvvür edin ki, bir sevgili cütlükdür, ailəsindən gizli şəhərdə gəzir və fotolarını çəkirlər. Heç kim zəmanət vermir ki, o foto, video paylaşılmayacaq. Hər adam sosial deyil. Sosial media istifadə etməyi, fotosunun paylaşılmasını faciə sayan insanlar var.
Bəylər var, orada mübahisə çıxara bilər ki, həyat yoldaşımı niyə çəkmisən? Məsələ böyüyər, hətta cinayətlə də bitə bilər. Hər təfəkkürdə insan var. Ona görə də mübahisəli məsələdir”.
Vəkil Asim Abbasov işin hüquqi tərəfini izah edərkən deyib ki, şəxsin razılığı olmadan onun fotosunun çəkilməsi qanunla da qadağan edilir:
“Hazırkı məsələ ilə bağlı ilk olaraq dünya ölklərinin praktikasından danışmaq istəyirəm. Xarici ölkələrdə, daha çox turistik zonalarda belə bir təcrübə mövcuddur. Belə ki, fotoqraf hər hansı bir şəxsə ona pul qarşılığında şəklini çəkə biləcəyini bidirir və həmin şəxsin belə bir istəyinin olub-olmamasını öyrənir. Əgər şəklini çəkmək istədiyi şəxsin buna razılığı olarsa, o zaman fotoqraf onun şəklini çəkir və həmin şəkli pul qarşılığında ona satır.
Lakin hazırkı dövrdə ölkəmizdə bu kimi hallar daha çox şəxsin icazəsi olmadan edilir. Hər hansı bir şəxsin icazəsi olmadan onun fotosunun çəkilməsi və ona pul qarşılığında satılması bir neçə hüquqi aspekti əhatə edir ki, ölkə qanunvericliyində buna görə həm mülki, həm də cinayət məsuliyyəti var.
Konstitusiyamızın 32-ci maddəsi şəxsi həyata hörmət və şəxsi həyatın gizliliyini qoruyur. Bu kontekstdə, şəxsin öz icazəsi olmadan onun şəklinin çəkilməsi şəxsi həyatın pozulması hesab oluna bilər.
Azərbaycan Respublikası Cinayət Məcəlləsində “Şəxsi həyatın toxunulmazlığını pozma” adlı 156-cı maddə var ki, həmin maddəyə görə, şəxsi və ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən sənədlərin, video və foto çəkilişi materiallarının, səs yazılarının yayılması, habelə satılması və ya başqasına verilməsi qanunsuz toplanılması min manatdan iki min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır.
Mülki qanunvericiliyə görə, fiziki şəxsin razılığı olmadan onun şəklinin çəkilməsi nəticəsində şəxs ona dəymiş zərərin ödənilməsini tələb edə bilər.
Onu da qeyd edim ki, peşə fəaliyyətilə əlaqədar olaraq jurnalistlərə ictimai yerlərdə foto və video çəkilişə icazə verilir”.
İlkin Muradov
Musavat.com
20 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ