Onlayn ictimai-siyasi qəzet
Musavat.com Türkiyədən gələn və Türk dünyasının birliyinə dair olduqca önəmli bir çağırışı oxucularına çatdırır.
Tanınmış təhlükəsizlik eksperti, hərbi şərhçi Abdullah Ağar şəxsi “X” hesabında yaydığı paylaşımda məzhəb və məşrəb zəminində yaradılan fitnələrin İslam coğrafiyasını və Türk dünyasını ciddi təhlükələrlə üz-üzə qoyduğunu bildirib.
Abdullah Ağar yazır:
“On illərlə Orta Şərqdə, Türk dünyasında və Balkanlarda çalışmışam, bu coğrafiyaları yaxından öyrənmişəm. Türk dünyası, İslam cəmiyyəti və ümumbəşəri gələcək üçün qarşıdakı ən böyük təhdid – dövlətlər arasında qurulan gizli savaşların və ölkədaxili parçalanmaların ən təhlükəli vasitəsi məzhəb və məşrəb fitnəsidir. Bu fitnə türkü türklə, müsəlmanı müsəlmanla, insanı insanla qarşı-qarşıya qoyur.”
Ekspert bildirir ki, tarixdə dəfələrlə bu cür təfriqələrin yaratdığı dağıntılar, FETÖ, DAEŞ, Həşdi Şəbi kimi qrupların törətdikləri vəkalət (proksi) savaşları, inanc pərdəsi altında aparılan məkrli fəaliyyətlər bölgənin gələcəyinə ağır zərbələr vurub. Ağara görə, bu hadisələrdən, həmçinin dini inanc içində yuvalanmış münafiq və müşriklərdən dərs çıxarmaq vacibdir.
Bu xəbərdarlıq bəzi AKP rəsmilərinin son günlərdəki məzhəb yönümlü açıqlamaları fonunda daha da aktualdır. Xüsusilə Türkiyə Böyük Millət Məclisinin hazırkı sədri Numan Kurtulmuşun Şah İsmayıl Xətaiyə qarşı səsləndirdiyi ittihamlar cəmiyyətlərdə geniş rezonans doğurmuşdu.
Numan Kurtulmuş
Bu kimi çıxışlar AKP rəhbərliyində təmsil olunan bəzi ümmətçi çevrələrin tarixi şəxsiyyətlərə yanaşmasında ziddiyyətli və təfriqə doğuracaq meyllərin mövcudluğunu göstərir. Halbuki bu gün Türk dünyasının ehtiyacı olan şey tarixi düşmənçilik yox, ortaq yaddaş, bölücü ritorika yox, birləşdirici baxışdır.
Azərbaycan cəmiyyəti və dövləti bu məsələlərə həmişə təmkinli və məsuliyyətli münasibət sərgiləyib. 44 günlük Vətən müharibəsi zamanı və sonrasında Türkiyə ilə formalaşan unikal strateji ittifaq, sadəcə hərbi və siyasi deyil, mənəvi və mədəni birliyin də nümunəsi olub. Bu birliyi məzhəbçi ritorikalarla zədələmək, tarixi fiqurlar üzərindən qardaş xalqlar arasında soyuqluq yaratmaq heç bir halda qəbul oluna bilməz.
Abdullah Ağarın çağırışı, bu baxımdan, həm daxili ehtiyatlılıq xəbərdarlığı, həm də bölgədə birlik və qarşılıqlı hörmətə çağırış kimi qəbul edilməlidir.
Musavat.com olaraq hesab edirik ki, tariximizdəki şəxsiyyətləri düşmənçilik üçün deyil, ortaq düşüncə və gələcək üçün yada salmalıyıq. Məzhəb və məşrəb fərqləri bizi ayırmamalı, hədəf və iradə birliyi bizi birləşdirməlidir.
Qeyd: Təsəvvüfdə (sufilikdə) “məşrəb” müridin və ya sufinin mənəvi yolunu, hansı ruhani məktəbə mənsub olduğunu göstərir.
R. Abbasov,
Musavat.com
ŞƏRHLƏRŞƏRH YAZ