Onlayn ictimai-siyasi qəzet
İsrailin diasporla iş üzrə naziri Suriya prezidentini “aradan götürməyə” çağırıb; Tel-Əviv Suriya məsələsində müttəfiqi Azərbaycanı nəzərə almalıdır
İyulun 12-də Suriyanın keçid dövrü prezidenti Əhməd Əş-Şaraanın Azərbaycana rəsmi səfəri çərçivəsində SOCAR ilə Suriya hökuməti arasında qaz ixracı sazişi imzalandı. Türkiyənin təklifi ilə Azərbaycanla Suriya arasındakı bu enerji razılaşması müəyyən mənada, hələ ki siyasi xarakter daşıyır. Əlbəttə ki, bu əməkdaşlıq Azərbaycanın Yaxın Şərq ölkələri ilə enerji sahəsində əməkdaşlıq qurmaq niyyətini gücləndirir. Əgər ixrac real və davamlı şəkildə həyata keçirilərsə, bu, Azərbaycan üçün əlavə valyuta, SOCAR üçün isə yeni kommersiya imkanları deməkdir.
İranın bu əlaqələrdən narahat olduğu bəlli idi. Amma indi bu sıraya Azərbaycana dost ölkə İsrail də qoşulub. Aydındır ki, İsrailin sərhədində təhlükəsizlik problemləri qalır. Amma Tel-Əviv bu problemi hər keçən gün daha da qəlizləşdirir. Ölkə daxilində müvəqqəti hökumətə qarşı olan silahlı etnik tayfalara dəstək vermək bir kənara, Azərbaycanın strateji müttəfiqi və qardaş ölkə olan Türkiyənin əleyhinə fəaliyyətini gücləndirir. İndi isə əsas hədəf kimi müvəqqəti hökumətin rəhbəri Əhməd Əş-Şaraanı seçib. İsrailin diasporla iş üzrə naziri Amihay Cikli media hesabında birbaşa olaraq Suriya prezidenti Əhməd əş-Şaraanı ingilis və ivrit dillərində “gecikmədən aradan götürməyə” çağırıb. Çikli yazıb: “Əhməd əş-Şaraanı qanuni lider hesab edən hər kəs ciddi şəkildə yanılmışdır - o, terrorçudur, qatildir və aradan götürülməlidir”.
Qeyd edək ki, Suriya və İsrail rəsmiləri Prezident Əhməd əş-Şaraanın Azərbaycana səfəri çərçivəsində Bakıda görüşüblər. Bu barədə “Al Arabiya” Dəməşqdəki diplomatik mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, görüş iyulun 12-də baş tutub. “Əş-Şaraanın Bakıya səfəri çərçivəsində Suriya və İsrail rəsmiləri arasında görüş keçirilib”, - adı açıqlanmayan mənbə agentliyə bildirib.
Son iki gündə isə İsrail Suriyanın ərazilərinə hava zərbələri endirib. Suriya Prezidenti Əhməd əş-Şaraa bu zərbələrdən sonra gecə fövqəladə müraciətində İsrailə qarşı açıq və sərt mesajlar verib. Prezidentin Bakı vaxtı ilə səhərə yaxın etdiyi çıxış Suriya dövlət televiziyası və “Əl-Cəzirə” kanalı vasitəsilə yayımlanıb. Əş-Şaraa çıxışında həm regiondakı gərgin vəziyyətə, həm də ölkə daxilindəki proseslərə toxunub. Prezident bildirib ki, İsrail istəsə, müharibəyə başlaya bilər, lakin onu bitirmək gücündə deyil. Onun sözlərinə görə, İsrailin təxribatlarına baxmayaraq, Suriyanın yeni rəhbərliyi sabitliyi qorumaqda qərarlıdır. Əş-Şaraa qeyd edib ki, Türkiyə, ABŞ və ərəb ölkələrinin vasitəçiliyi bölgəni açıq müharibədən xilas edib və bu diplomatik səylər təqdirəlayiqdir.
Ən çox diqqət çəkən məqamlardan biri əş-Şaraanın son bəyanatı olub. O bildirib ki, kim barış istəyirsə, bu məsələdə Əhməd əş-Şaraa hazırdır, lakin kim müharibə istəyirsə, ona Əbu Məhəmməd əl-Culani cavab verəcək. Bu ifadə həm daxili, həm də xarici mesaj daşıyan siyasi və hərbi xəbərdarlıq kimi dəyərləndirilir.
Əhməd əş-Şaraa həmçinin bildirib ki, ölkəsinin xalqı müharibədən qorxmur və öz ləyaqəti uğrunda döyüşməyə hazırdır: “Biz müharibədən qorxanlardan deyilik. Biz həyatımızı çətinliklərlə üzləşərək və xalqımızı müdafiə etməklə keçirmişik, lakin suriyalıların mənafeyini xaos və dağıntıdan üstün tutmuşuq”.
İsrailin anti-Türkiyə və indi isə həm də Bakıya qarşı bu mövqeyi Azərbaycanda narazılıq doğurub. İsrail nədən məhz bu ərəfədə belə edir? Azərbaycanın maraqları nəzərə alınmalı deyilmi?
Aydın Quliyev
Siyasi şərhçi Aydın Quliyev “Yeni Müsavat”a bildirdi ki, Suriya ilə İsrailin münasibətlərinin kəskinləşməsi hazırkı günlərin reallığıdır. İsrailin Suriyaya endirdiyi son zərbələrin əş-Şaraanın Bakıya səfəri ilə birbaşa bağlı olub-olmadığını iddia etmək mümkün deyil. Ancaq İsrailin hücumlarının Suriya liderinin Bakıya səfərindən dərhal sonraya təsadüf etməsi diqqət çəkir: “Eyni zamanda bu hücumların əş-Şaraanın Bakıda olduğu günlərdə İsrail və Suriya nümayəndələrinin Bakıda görüşüb apardığı danışıqlardan sonraya təsadüf etməsi də son dərəcə ilgincdir. İsrailin zərbələr endirməsinin Suriya rəhbərinin Bakı səfərindən dərhal sonraya düşməsi diqqətçəkici faktdır, hadisədir. Bundan hər cür nəticə çıxarmağa və hətta müəyyən qüvvələr üçün manipulyasiya etməyə də imkanlar var. Lakin bu zərbələrin və hədələrin əş-Şaraanın Bakı səfəri ilə birbaşa bağlı olduğunu iddia etmək qeyri-mümkündür. Buna baxmayaraq, məhz Bakı səfərindən sonra münasibətlərin gərginləşdirilməsi yaxşı görüntü deyil, eyni zamanda Bakının apardığı siyasətə də tam şəkildə uyğun gəlmir. Rəsmi Bakı bu gün Suriya ilə hərtərəfli iqtisadi, humanitar, enerji sahəsində əməkdaşlığa başlamaq niyyətindədir. Eyni zamanda Suriya ilə İsrailin arasında münasibətlərin tənzimlənməsi üçün platforma təqdim etməkdən vasitəçiliyə qədər səmimi şəkildə iştirak etmək niyyətini və iradəsini ortaya qoyub. Həmçinin Azərbaycan Suriyanın yeni hakimiyyəti ilə Türkiyənin müttəfiqi olaraq da yaxından münasibət saxlamaq niyyətindədir. Belə faktların mövcud olduğu şəraitdə İsrailin Suriyaya zərbələr endirməsi həqiqətən həm bölgəni təhlükə altında qoyur, həm də Azərbaycanın apardığı çoxşaxəli istiqamətlərdə siyasətinə uyğun gəlmir. İsrailin bu gün Suriyaya hərbi zərbələr endirməsi İsrailin dostu olan Azərbaycanı çətin vəziyyətdə qoyur”.
A.Quliyev qeyd etdi ki, İsrail münasibətlərin mümkün qədər diplomatik yolla tənzimlənməsində maraqlı olmalıdır: “Suriya hakimiyyəti ölkənin suverenliyini müdafiə mövqeyində dayanmaq iddiasında haqlıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, İsraillə Suriya arasında xüsusilə də ərazi mübahisəsi çoxillik tarixə malikdir və bu ziddiyyətin də həll olunmasının hərbi yolu mümkün deyil. Bütün hallarda İsrail Suriyanın suverenliyinə və ərazi bütövlüyü haqqına hörmət etməlidir. Suriyanın ərazilərini işğal etmək cəhdi Suriya-İsrail münasibətlərinə yaxşı gələcək vəd etmir. İsrail Türkiyənin Suriyada maraqlı olduğunu və Azərbaycanla ittifaqda olduğunu da nəzərə almalıdır. Azərbaycanın Suriya ilə əməkdaşlığa başlamaq siyasətinə hörmət etməlidir. İsrailin addımları Azərbaycanı çox mürəkkəb və çətin seçimlər qarşısında qoya bilər. Azərbaycan İsraillə də hərtərəfli strateji müttəfiqliyi davam etdirmək niyyətindədir. Belə olan şəraitdə Azərbaycanın Yaxın Şərqlə, xüsusilə də Suriya ilə bağlı siyasətinin həyata keçirilməsi üçün İsraildən Suriyaya münasibətdə daha məsuliyyətli addımlar atması gözlənilir. İsrailin bütün bu faktorları nəzərə almasına ciddi ehtiyac var”.
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”
18 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ