Onlayn ictimai-siyasi qəzet
İyunun 2-də Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində (BMTM) “Yeni geosiyasi reallıqların Azərbaycan-Türkiyə münasibətləri üçün yaratdığı təhdidlər və fürsətlər” mövzusunda dəyirmi masa müzakirələri keçirilib.
Musavat.com xəbər verir ki, tədbirdə Azərbaycan və Türkiyədən olan tanınmış analitiklər iştirak edərək Cənubi Qafqaz və daha geniş kontekstdə Avrasiya regionunda baş verən son proseslərin iki ölkə arasındakı münasibətlərə təsirini müxtəlif aspektlərdən təhlil ediblər.
Açılış nitqi ilə çıxış edən BMTM-in İdarə Heyətinin sədri, səfir Fərid Şəfiyev Azərbaycan-Türkiyə münasibətlərinin konseptual əsasının 90-cı illərdə qoyulduğunu və əlaqələrin 30 il ərzində uğurla inkişaf etdiyini diqqətə çatdırıb:
"İki ölkə arasında heç bir problem yoxdur. Bununla yanaşı, yüksək səviyyədə olan münasibətlərimizə zərbə yetirmək məqsədilə beynəlxalq mediada, xüsusən sosial şəbəkələrdə müəyyən təxribat məqsədli addımları müşahidə edirik. Bu arzuolunmaz halların qarşısını almaq məqsədilə hər iki ölkə analitikləri birgə effektiv tədbirlər həyata keçirməlidir".
BMTM-in İdarə Heyətinin üzvü Cavid Vəliyevin moderatorluğu ilə keçirilən birinci paneldə çıxış edən Burdur Mehmet Akif Ersoy Üniversitetinin müəllimi, xarici siyasət məsələləri üzrə şərhçi, dosent Esma Özdaşlı 2020-ci ildən sonra formalaşan yeni geosiyasi düzənin Türkiyə-Azərbaycan münasibətlərinə yaratdığı fürsət və çağırışları təhlil edib. O, iki ölkə arasındakı münasibətlərin sırf mənfəətlərə əsaslanan ənənəvi dövlətlərarası münasibətlərdən fərqləndiyini, əməkdaşlığın qardaşlıq və dostluğa əsaslandığını bildirib. O, xüsusilə enerji təhlükəsizliyi və nəqliyyat dəhlizləri sahəsində əməkdaşlığın artan önəmini vurğulayıb.
Ankara Bilim Üniversitetinin müəllimi Dr. Damla Taşkın ticarət müharibələri, geosiyasi qarışıqlıqlar fonunda Türkiyə-Azərbaycan müttəfiqliyinin optimallaşdırılmasının əhəmiyyətinə toxunub. O həmçinin, 2021-2025-ci illərdə liderlərarası diplomatiyanın iki ölkə arasında əməkdaşlığın dərinləşməsindəki mühüm roluna diqqət çəkib.
Ankara Hacı Bayram Veli Üniversitetinin müəllimi, Ankara Böhran və Siyasət Araşdırmaları Mərkəzi-ANKASAM-ın sədri, professor Mehmet Seyfettin Erol Bakı-Ankara xəttinin regional və qlobal stabillik nöqteyi-nəzərindən əhəmiyyətinə toxunub. Qarabağ Zəfərindən sonra Türkiyə-Mərkəzi Asiya münasibətlərində müşahidə olunan canlanmadan və bu əməkdaşlığın həm fürsətlər, həm də potensial risklər yaratmasından danışıb.
Ankara Hacı Bayram Vəli Üniversitetinin müəllimi, xarici siyasət məsələləri üzrə şərhçi, dosent, Levent Ersin Orallı isə çıxışında Qərbi Azərbaycan məsələsinə Türkiyədəki münasibətləri və bu məsələnin ictimai-siyasi diskursda necə formalaşdığını təhlil edib.
Onun sözlərinə görə, sözügedən mövzuda Türkiyədə seminarlar təşkil edilməli, elmi ədəbiyyatda bu mövzu işlənməli, Azərbaycan dilindəki ədəbiyyatlar Türkiyə türkçəsinə tərcümə edilməli və mediada müvafiq qaydada işıqlandırılmalıdır.
Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) Strateji inkişaf məsələləri üzrə prorektoru Araz Aslanlı təqdim olunan çıxışların ortaq nöqtəsi kimi Azərbaycan və Türkiyə arasında qarşılıqlı etimad və strateji sinxronlaşmanın regiondakı bütün proseslərə birbaşa təsir etdiyini vurğulayıb.
İkinci paneldə isə regional güc balansları, yeni diplomatik təşəbbüslər və qlobal aktorlarla münasibətlər müzakirə edilib.
TEPAV-Türkiyə İqtisadi Siyasətləri Araşdırma Vəqfinin Orta Şərq və Orta Asiya İnstitutunun direktoru Hilmi Demir ikitərəfli münasibətlərə xələl yetirmək məqsədi daşıyan qruplaşmalar, bunun arxasında duran səbəblər barədə geniş təqdimatla çıxış edib.
Necmeddin Erbakan Universitetinin müəllimi, siyasi şərhçi Gökhan Çınkara Azərbaycan-İran-Türkiyə münasibətlərini dəyərləndirərək İranın Cənubi Qafqazdakı strateji maraqlarına və Bakı-Ankara xəttinin bu fonda tutduğu mövqeyə diqqət çəkib.
Strateji Düşüncə İnstitutunun (SDE) sədr müavini Alper Tan çıxışında Donald Tramp dövründə Türkiyə-ABŞ münasibətlərindəki dönüş nöqtələrini xatırladaraq Vaşinqton-Ankara münasibətlərinin Azərbaycan-Türkiyə əməkdaşlığına dolayı təsirlərini təhlil edib.
Avrasiya Araşdırmaları Mərkəzinin (AVİM) eksperti, Ermeni Araşdırmaları jurnalının məsul redaktoru Tuğçe Tecimer Ermənistan daxili siyasətində Baş nazir Nikol Paşinyan və müxalifət arasındakı rəqabətin mümkün ssenarilərinə dair proqnozlar verərək bu rəqabətin Türkiyə və Azərbaycanla normallaşma prosesinə təsirlərini təhlil edib.
Xəzər Universiteti Siyasi elmlər və fəlsəfə departamentinin müdiri Orxan Vəliyev vurğulayıb ki, dəyişən beynəlxalq münasibətlər sistemi fonunda Azərbaycan və Türkiyə öz milli maraqlarını yalnız qarşılıqlı strateji dəstək yolu ilə qoruya bilər və bu istiqamətdə diplomatik koordinasiya, təhlükəsizlik sahəsində əməkdaşlıq və regional təşəbbüslər xüsusi əhəmiyyət daşıyır.
Yekunda dəyirmi masa iştirakçıları bildirdilər ki, Azərbaycan-Türkiyə münasibətləri ortaq milli kimlik, tarixi bağlar və mədəni faktorlarla yanaşı, həm də real təhlükəsizlik və iqtisadi maraqlara söykənən bir müttəfiqlik modelidir. Mövcud geosiyasi dəyişikliklər bu modelin daha da möhkəmləndirilməsini və yeni sahələrə yönəlməsini zəruri edir.
Nigar HƏSƏNLİ,
Musavat.com
04 Iyun 2025
03 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ