Onlayn ictimai-siyasi qəzet
Dünya iqtisadi gücləri arasında mübarizənin kəskinləşməsi fonunda Azərbaycan konturları getdikcə daha aydın görünən yeni iqtisadi düzənin tələblərinə uyğunlaşmaq üçün yeni təşəbbüslər və yanaşmalar ortaya qoyur. Formalaşmaqda olan çoxqütblü qlobal iqtisadiyyat modelində öz mövqeyini qorumaq və gücləndirmək üçün rəsmi Bakı bütün qütblərlə faydalı, qarşılıqlı hörmət və bərabər hüquqlar əsasında əməkdaşlığa üstünlük verir.
Azərbaycan eyni zamanda qlobal iqtisadiyyatda gedən formatlanma prosesinin mənfi təsirlərini azaltmaq məqsədilə yeni iqtisadi model formalaşdırmaq istiqamətində ciddi addımlar atır. Bu model regional tranzit-nəqliyyat-enerji qovşağına çevrilmək, beynəlxalq əhəmiyyətli layihələrdə aktiv iştirak etmək, ölkə iqtisadiyyatını yeni düzənin tələblərinə uyğunlaşdırmaq kimi istiqamətləri ehtiva edir.
Birinci istiqamət üzrə fəaliyyətlər 10 ildən çox müddətdir ki, başladılıb. Azərbaycan hələ 2014-2015-ci illərdə Asiya-Avropa ticarət-iqtisadi əlaqələrinin qovşağına çevrilmək, bu iki qitə arasında getdikcə artan yükdaşımaların tranzit mərkəzi olmaq istiqamətində işlərə başlayıb. Prezident İlham Əliyevin uzaqgörən iqtisadi siyasəti sayəsində Ələt Beynəlxalq Dəniz Limanı inşa olunub, Qərbə doğru dəmir yolu, avtomobil yolları təkmilləşdirilib, ötürücülük gücü artırılıb. Eyni zamanda Bakı-Tiflis-Qars dəmir yolu xətti çəkilib.
Azərbaycan eyni zamanda Şimal-Cənub Nəqliyyat Dəhlizi layihəsinə qoşularaq, öz infrastrukturunu bu dəhlizin aktiv fəaliyyəti baxımından yeniləməyə başlayıb. İranla bu sahədə əməkdaşlıq genişləndirilib.
2022-ci ildə Rusiyanın Ukraynada başlatdığı müharibənin qlobal ticarətdə yaratdığı radikal dəyişikliklər seçilən yolun nə qədər uzaqgörən, nə qədər doğru olduğunu ortaya qoydu. Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 80-ci iclasında bildirdiyi kimi, Şərq-Qərb və Şimal-Cənub dəhlizləri kimi bağlantı layihələri ölkəmizdən keçir:
“2022-ci ildən bəri Orta Dəhlizlə yükdaşımalarda təqribən 90 faiz artımın şahidi olmuşuq. Dəhliz boyu tranzit müddətləri əhəmiyyətli dərəcədə azalıb. Xəzərin ən böyük ticarət donanması, yaxın illərdə gücü ildə 25 milyon tona çatacaq Ələt Beynəlxalq Ticarət Limanı, Bakı–Tbilisi–Qars dəmir yolu, 9 beynəlxalq hava limanı, regionun ən böyük yükdaşıma aviaşirkəti və digər amillər Azərbaycanı beynəlxalq nəqliyyat qovşaqlarından birinə çevirib.
Rəqəmsal bağlantılar sahəsində əməkdaşlıq üçün böyük potensial mövcuddur. Azərbaycan “Rəqəmsal İpək Yolu” kimi əhəmiyyətli layihə vasitəsilə rəqəmsal transformasiya təşəbbüsünü irəlilədir. Bu layihəyə Azərbaycanın əsas regional rəqəmsal mərkəzə çevrilməsinə şərait yaradacaq Xəzər dənizinin dibi ilə qabaqcıl fiber-optik kabel şəbəkəsinin qurulması planları da daxildir”.
Azərbaycan eyni zamanda qlobal enerji keçidi kimi mühüm əhəmiyyətli prosesə qoşulmaqla, öz enerji siyasətində yeni bir istiqamət açıb. Ötən əsrin 90-cı illərində Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan uğurlu neft-qaz strategiyasına Prezident İlham Əliyev tərəfindən gətirilən yenilik Azərbaycanın dünya enerji məkanında mövqeyini qoruyub saxlaması, onu daha da inkişaf etdirməsi baxımından son dərəcə əhəmiyyətlidir. Belə ki, ölkəmiz Avropanın yalnız neft-qaz deyil, alternativ enerji ilə də təminatında aktiv iştirak etmək yolunu tutub. Bu gün Azərbaycanda dəyəri milyardlarla dollar olan alternativ enerji layihələrinin icrasına başlanıb:
“Azərbaycan, həmçinin Günəş, külək və su elektrik enerjisi kimi bərpa olunan enerji mənbələrinə böyük sərmayələr cəlb edir. 2030-cu ilə qədər enerji istehsalımızın təxminən 40 faizi bərpa olunan mənbələr hesabına təmin ediləcək”.
Beləliklə, uğurlu neft-qaz strategiyasının ölkəyə gətirmiş olduğu gəlirlər beynəlxalq əhəmiyyətli nəqliyyat dəhlizləri çərçivəsində infrastrukturun formalaşdırılmasına, eyni zamanda bərpa olunan enerji sahəsində fəaliyyətlərin dəstəklənməsinə sərf olunmaqla, Azərbaycanın qarşısında yeni üfüqlər açılmasına gətirib çıxarır.
2020-ci il Vətən Müharibəsindən böyük və qəti qələbə ilə çıxan ölkənin qarşısında azad olunmuş ərazilərin bərpası kimi mühüm vəzifə də artıb. Son 5 ildə bu istiqamətə Azərbaycanın daxili resursları hesabına on milyardlarla dollarlıq vəsaitlər yönəldilib. Ölkənin suverenliyinin bərpası, yeni dünya iqtisadi düzəni Azərbaycanın yeni iqtisadi modelə keçidini qaçılmaz edir. Bu həm də ona görə vacibdir ki, çoxqütblü dünya iqtisadi nizamının tələblərinə uyğunlaşma hər bir ölkədən yeni yanaşmalar, dəyişikliklər və operativ qərarlar tələb edir. Azərbaycan bu tələblərə uyğunlaşmaq, qlobal investisiya imkanlarının daraldığı bir dövrdə ölkə iqtisadiyyatına ehtiyac duyduğu investisiyaları cəlb etmək üçün mühüm addımlar atmaqdadır. 2025-ci ilin əvvəlindən Azərbaycanın iqtisadi siyasətində investisiya imkanlarının genişləndirilməsi birmənalı olaraq ana xəttə çevrilib. Prezident İlham Əliyevin rəhbərliyi altında çox aktiv iqtisadi diplomatiyanın yürüdüldüyü açıq görünür.
Bu mənada Prezidentin Nyu-Yorkda olarkən keçirdiyi görüşlər diqqəti cəlb edir.
Belə ki, Prezident qlobal infrastruktur investisiya idarəetmə şirkəti, Azərbaycan Dövlət Neft Fondu ilə birlikdə İtaliyanın aparıcı sürətli dəmir yolu operatoru “Italo”ya birgə investisiya yatırmış “Global Infrastructure Partners”in təsisçisi, sədri və baş icraçı direktoru Adebayo Oqunlesi, dünyanın ən iri və nüfuzlu qlobal investisiya menecerlərindən biri olan “Franklin Templeton” şirkətinin baş icraçı direktoru və prezidenti Cenni Conson, “Ares Management” qlobal investisiya şirkətinin həmtəsisçisi və baş icraçı direktoru Maykl Aruqeti, dünyanın ən böyük investisiya yönəldicilərindən biri olan “Blackstone” şirkətinin prezidenti və baş əməliyyat direktoru Conatan Qrey, qlobal investisiya idarəetmə şirkəti “Neuberger Berman”ın sədri və baş icraçı direktoru Corc Volker, dünyanın alternativ investisiyalar sahəsində ən böyük idarəedici şirkətlərindən biri olan “Brookfield Asset Management” şirkətinin baş icraçı direktoru Brüs Flətt ilə görüşüb. Prezidentlə görüşdüyü şəxslərin rəhbərlik etdikləri şirkətlər üst-üstə 5 trilyon dollara yaxın aktivləri idarə edirlər. Onların hamısı ilə Azərbaycan Dövlət Neft Fondu uğurlu əməkdaşlıq münasibətləri qurub. Prezidentlə görüşlərdə müzakirə mövzularına diqqət yetirsək, Azərbaycanın hansı sahələrə önəm verdiyi bir daha aydın olur: maliyyə və kapital bazarları, alternativ enerji, yüksək texnologiyalar və sair.
Prezidentin Nyu-Yorkdakı görüşləri ilə eyni vaxtda Azərbaycanın paytaxtında mühüm bir tədbir – Birinci Beynəlxalq Azərbaycan İnvestisiya Forumu keçirildi. Forum İqtisadiyyat Nazirliyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) təşkilatçılığı, “The European House - Ambrosetti” beyin mərkəzinin strateji tərəfdaşlığı, həmçinin “Euronews”un media və “Sea Breeze” turizm zonasının təşkilati dəstəyi ilə baş tutub. Tədbirdə müxtəlif ölkələrdən yüksək səviyyəli rəsmilər, biznes nümayəndələri, qlobal investorlar, dünyanın aparıcı yerli və beynəlxalq şirkətlərinin, maliyyə institutlarının, beyin mərkəzlərinin, yerli və xarici medianın təmsilçiləri daxil olmaqla ümumilikdə 1000-ə yaxın iştirakçı yer alıb.
Forum çərçivəsində ümumi dəyəri 10 milyard ABŞ dollarından çox olan investisiya layihələrinə dair sənədlər imzalanıb. Bunlardan ölkəmizdə xarici investisiyaların cəlbi ilə qeyri-neft sektoru üzrə həyata keçirilməsi nəzərdə tutulan layihələrin dəyəri 7 milyard ABŞ dollarından çoxdur. Belə ki, yüksək dəmir tərkibli isti briketləşdirilmiş dəmir istehsalı birgə müəssisənin yaradılmasına dair sazişə əsasən ölkəmizə təqribən 700 milyon ABŞ dolları dəyərində xarici investisiya yatırılacaq. Sənəd “Daşkəsən Dəmir Filiz” MMC və “Fonte GreenMet Investments Fund OEIC Limited” investisiya şirkəti arasında imzalanıb.
Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti ilə Xəzər dənizi suyunun duzsuzlaşdırılması zavodunun layihələndirilməsi, tikintisi, maliyyələşdirilməsi və istismarına dair dəyəri 407 milyon ABŞ dolları olan və xarici investisiya hesabına maliyyələşdirilən Dövlət-Özəl Tərəfdaşlığı Müqaviləsi imzalanıb. Bu layihə İqtisadiyyat Nazirliyi tərəfindən dövlət-özəl tərəfdaşlığı çərçivəsində ölkəmizdə icrası nəzərdə tutulan ilk pilot layihədir.
İqtisadiyyat Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin “Modon Holding”i arasında “Şəhər daxilində şəhər” (“City within a City”) konsepsiyasının inkişafına dair Əməkdaşlıq Müqaviləsi imzalanıb. Ümumi dəyəri təxminən 5 milyard ABŞ dolları təşkil edən konsepsiya Böyükşor gölü ətrafında sağlamlıq, ticarət, təhsil və mehmanxana obyektlərini əhatə edən müasir sahilyanı zonanın yaradılmasını nəzərdə tutur.
İqtisadiyyat Nazirliyi ilə Beynəlxalq Maliyyə Korporasiyası (IFC) arasında dövlət-özəl tərəfdaşlığı sahəsində potensialın artırılması, İqtisadiyyat Nazirliyi ilə “MAN Truck & Bus SE” və “Improtex Trucks & Buses” şirkətləri arasında Azərbaycanda elektrik avtobuslarının istehsalı, İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyi və “China Datang Overseas Investment Co” şirkəti arasında Azərbaycanda “Yaşıl Enerji Sənaye Parkı”nın yaradılmasına dair anlaşma memorandumları, Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi - AZPROMO və Dünya İqtisadi Forumu arasında Assosiativ Mərkəz Əməkdaşlıq Sazişi, Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) və “Basalt Group” MMC arasında “Azerbazalt Elmi-İstehsalat Birliyi” MMC-yə dair Birgə İştirak Müqaviləsi, ABİF və “ARGS Holding” MMC arasında “AzerFloat” QSC-nin nizamnamə kapitalına investisiya qoyuluşuna dair Birgə İştirak Müqaviləsi, “EEL Electric” MMC və “ABB Group” arasında Modulyar Panel Sistemlərinin Quraşdırılması üzrə Müqavilə imzalanıb.
“Sea Breeze Resort” turizm zonası və “Crowne Plaza Hotels & Resorts by IHG”, “MEAIT and Rixos”, “Radisson Blu”, “Digital Residence”, “Sana Hospital Group”, “Don Agro Intl” kimi tərəfdaşlar arasında imzalanan anlaşma memorandumları ümumilikdə ölkəmizə 500 milyon ABŞ dolları xarici investisiyanın cəlbini nəzərdə tutur.
Forum çərçivəsində imzalanan sənədlər və əldə edilən razılaşmalar Azərbaycanın xarici sərmayə üçün açıq və dayanıqlı iqtisadi mühitini, ölkənin strateji layihələr və uzunmüddətli əməkdaşlıqlar üçün etibarlı tərəfdaş olduğunu nümayiş etdirir. Böyük miqyaslı sərmayələr Azərbaycanın investisiya cəlbediciliyini bir daha təsdiqləməklə yanaşı, innovasiya və texnologiya transferini sürətləndirir, dayanıqlı inkişaf məqsədlərinə nail olmaqda yeni imkanlar açır.
Beləliklə, aydın görünür ki, Azərbaycan yeni iqtisadi modelə keçid prosesinə uğurlu start verməklə qlobal iqtisadi dəyişikliklərə uyğunlaşmaq baxımından mühüm addımlar atmaqdadır. Bu addımların ölkənin rifahı və iqtisadi inkişafına töhfələri yaxın və orta müddətli dövrdə özünü büruzə verəcək.
Musavat.com
28 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ