İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda qeyri-steril şəraitdə prosedur: Həkim pasiyentinin çılpaq görüntüsünü paylaşdı

Mammoloq-radioloq Günel Qəmbərovanın qeyri-steril şəraitdə işlədiyi məkanda pasiyentinin çılpaq görüntüsünü sosial media hesabında paylaşması birmənalı qarşılanmayıb.

Musavt.com oxu.az-a istinadən xəbər verir ki, videoda həkimin maskasız, mahnı sədası altında oynayaraq, arada əlcəyinə öskürdüyü, pasiyentdən bu şəkildə biopsiya nümunəsi götürdüyü, həmin anlarda pasiyentinin intim əzalarının üzərinin bağlanmadığı əks olunub.

Bu görüntülər sosial media istifadəçiləri arasında müzakirələrə səbəb olub. Bir qisim istifadəçi peşə etikası cəhətdən pasiyentin əzalarının açıq şəkildə paylaşılmasını doğru hesab etməyib, eyni zamanda, prosesin qeyri-steril mühitdə aparıldığına diqqət çəkilib. 

 

 

Məsələ ilə bağlı Oxu.Az-a danışan həkim, professor Adil Qeybulla qeyd edib ki, həkim pasiyentin fərdi məlumatlarını gizli saxlamağı bacarmalıdır:

"Helsinki Bəyannaməsinin müddəalarına görə, tibb sahəsində insanların bütün fərdi məlumatlarını həkim özündə saxlamağı bacarmalıdır və insanın şəxsiyyətinə hörmət etməlidir. Xəstə huşsuz, narkoz altında və s. hallarda ola bilər. Buna baxmayaraq, bütün hallarda onun şəxsiyyətinə hörmət tibb işçisinin əsas vəzifəsindən biridir".

Professor vurğulayıb ki, sterillik haqqında anlayış olmayan yerdə tibdən söhbət gedə bilməz:

"Bütün tibb işçilərinin sterillik haqqında düzgün təsəvvürü olmalıdır. Əks halda, onlar sterilliyi pozub, çox ciddi təhlükələr yarada bilərlər.

Əməliyyat aparılan sahədə hər şey steril olmalıdır. Əməliyyata girən istər həkim, istər pasiyent, istərsə də tibb bacısı - hər birinin başında papaq, ağzında maska, əlində də steril əlcək olmalıdır.

İynə ilə biopsiya nümunəsi götürülən zaman da başa papaq, ağıza maska mütləq taxılmalıdır. Şəraitin steril olub-olmamasını isə kənardan demək olmur. Xəstənin və həkimin başında papağın, ağzında maskanın olmaması ilə orada sterilliyə biganə yanaşıldığı görünür. Prosedur otağına keçən həkim başına papaq, ağzına maska, əlinə də steril əlcək taxmalıdır".

O, həmçinin qeyd edib ki, Azərbaycan mentalitetini nəzərə alıb, xanımlara qarşı daha diqqətli olmaq lazımdır:

"Heç bir xəstənin sirrini açmaq olmaz. Bu demonstrativ situasiyada tibbi prosedurların aparılması bir qayda olaraq qadağan edilməlidir. Yalnız elmi konfranslar üçün mümkün oluna bilər, o da xəstənin şəxsiyyəti identifikasiya olunmamaq şərti ilə.

Bu məsələlər son dərəcə diqqət tələb edir. Hazırda hüquqi boşluqlar olduğundan bu məsələlər keçərlidir. Amma belə hallar zaman gəldikdə hüquqi məsuliyyət yarada bilər. O baxımdan da hər bir tibb işçisi bu prosesdə diqqətli olmalıdır. Şəxsiyyətə hörməti nəzərə almalıdırlar. Xəstənin etibarına hörmətlə yanaşılmalıdır. Bu, bir peşə əqidəsidir".

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR