İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda təmtəraqlı ehsan qadağası - nə vaxt, harada?

QMİ bir neçə dəfə yaslarda israfçılığa yol verilməməsi barədə çağırış etsə də, paytaxtda ən dəbdəbəli hüzr mərasimləri onların nəzarətində olan mərasim zallarında keçirilir

Samux rayonu və kəndlərində yas mərasimlərində sadə ehsan verilməsi haqda qərar verilib. Bu barədə “Trend”ə yerli sakinlər məlumat verib. Bildirilir ki, yasda təkcə çay süfrəsinə icazə verilir. 

“Teleqraf”a danışan Samux rayonunun axundu İlham Məmmədov isə bildirib ki, rayonda ehsan vermək qadağan olunmayıb, sadəcə, ağsaqqalların təşəbbüsü ilə müəyyən sadələşdirmə təklifləri irəli sürülüb. “Bir müddət idi rayon ağsaqqalları ehsanların sadələşdirilməsini təklif edirdilər. Mən də görüşlərə dəvət olundum. Yekunda belə qərara gəldik ki, dəfn və üç mərasimində ət yeməkləri ortadan götürülsün, daha sadə ehsan verilsin. Amma bu, məcburi deyil, heç bir dövlət orqanının qərarı da yoxdur”, - deyə axund açıqlayıb. İlham Məmmədov əlavə edib ki, qərar əhalinin əksəriyyəti tərəfindən müsbət qarşılanıb, çünki çox zaman insanlar maddi sıxıntı səbəbilə borc və çətinliklərə düşürdülər.

“Əzizi rəhmətə gedən şəxs bir də borc içində qalır. Sadələşdirmə bu baxımdan faydalıdır. Amma təbii ki, narazı qalanlar da var. Yalan məlumatlar yayılır ki, guya bu qərar məcburidir, cərimə var - bu, qətiyyən doğru deyil”, - deyə axund söyləyib.

 Məlum olduğu kimi, hələ 2014-cü ildə Azərbaycanda israfçılığın qarşısını almaq məqsədilə dövlət hüzr mərasimlərində ehsan verilməsini xüsusi nəzarətə götürdü. Yeni təşəbbüs cəmiyyətin müxtəlif təbəqələri tərəfindən də dəstəklənirdi və rayon icra hakimiyyətlərində hüzrdə ancaq çay, halva və xurma verilməsinə nəzarət etmək üçün xüsusi komissiyalar belə yaradılmışdı. Bu addım müəyyən nəticələr versə də, tezliklə hüzr yerləri ilə bağlı bir sıra narazılıqlara yol açdı. “Mənə atamın yasında ehsan verməyi kimdə qadağan edə bilməz” deyib yerli hakimiyyətlə davaya çıxanlar oldu. Bəzi rayonlarında yas mərasimlərində ehsan süfrələrinin əsasən xurma, halva və çayla məhdudlaşdırıldığı söylənilir, amma son illər yenidən bu israfçılığa qayıdış müşahidə olunmaqdadır.

Qafqaz Müsəlmanları İdarəsi bir neçə dəfə yaslarda israfçılığa yol verilməməsi barədə çağırış etsə də, iddia olunurdu ki, ölkədə yas məclislərinin keçirilməsi qaydalarına dəyişiklik etməsi  Şeyxülislam Allahşükür Paşazadənin ciddi narazılığına səbəb olub. Bu baxımdan qərarın bu günədək icrasız qalmasında QMİ sədrini günahlandıranlar da var. Qeyd edək ki, hazırda Bakıda QMİ-nin nəzarətində olan əksər məscidlərdəki mərasim evlərində dəbdəbəli ehsan süfrələri açılmaqda davam edir. Sirr deyil ki, Bakıda ən dəbdəbəli yas mərasimləri QMİ-nin nəzarətində olan mərasim zallarında baş tutur. Əsasən də vəzifəli şəxslərin, onların yaxınlarının, imkanlı və nüfuzlu şəxslərin yas mərasimləri. Heç bir kasıb və imkansız adam bu məscidlərin mərasim zallarında yas mərasimi təşkil edə bilməz. Bildirilir ki, məhz paytaxtda bu qadağanın işləməsi mühüm təsiri ola bilərdi. Xüsusilə Bakıda ehsanın sadələşdirilməsi üçün hansı  addımlar atılmalıdır?

Azərbaycanın bu rayonunda yas mərasimləri ləğv OLUNDU

“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, ilk baxışdan elə görünür ki, Bakı sakinləri bu qərarı ikiəlli qarşılayar. Amma görürük ki, belə deyil: “Bakıda yas mərasimləri ailələr üçün həm maddi, həm də mənəvi ağırlığa çevrilib. Yas mərasimləri restoran səviyyəsində keçirilir, dəbdəbəli süfrələr açılır, zallarda "5 ulduzlu" xidmət təqdim edilir. Qafqaz Müsəlmanları İdarəsi bir tərəfdən belə mərasimlərin sadələşdirilməsinə, özü də dəfələrlə bu israfçılığa qarşı çağırışlar edir. Digər tərəfdən də elə bu çağırışların verildiyi binada israfçılıq baş verir. Əlbəttə ki, bu məscidlərdə kasıb və ortabab ailələrə yas mərasimi keçirmək qismət olmur. Çünki qiymətlər baha, qaydalar isə “yazılmamış qanunlarla” tənzimlənir. Kim bahalı süfrə açmırsa, hörmətdən düşmüş sayılır. Nəticə odur ki, israfçılıq ənənəsi qalır. Hələ 2014-cü ildən bu yana QMİ və icra hakimiyyətləri yasların sadələşdirilməsini nəzarətə götürmüşdü. Xüsusi komissiyalar yaradıldı, bölgələrdə çay, halva və xurma süfrəsinə keçid edildi. Amma yenə də qaydalar işləmədi. Yəni Azərbaycanda yas mərasimləri artıq dini rituallardan çıxıb, sosial status və nüfuz nümayişinə çevrilib".

NAXÇIVANDA YENİ HƏBSLƏRİN ANONSU - Yeni nazir əvəzi… | No Comment

Natiq Ələsgərov 

Natiq Ələsgərov deyib ki, hazırda o qədər absurd vəziyyət yaranıb ki, bəzən məscid zallarında özünə yer tapmayanlar məcbur restoranlara üz tutur: “Orada isə süfrələr bir neçə min manatlıq hesaba başa gəlir. Yas sahibinə isə bir də ömrü boyu bu borcu ödəmək qalır. Əgər QMİ rəsmi şəkildə bu məscidlərdə "yalnız sadə süfrə" qərarı qəbul etsə, paytaxtın 80 faiz yas mərasimi dəyişəcək. Bununla həm də bölgələrə nümunə göstərilmiş olacaq. 2-ci addım kimi icra hakimiyyətlərinin qərarı olmalıdır. Bakı Şəhər İcra Hakimiyyəti konkret qərar qəbul etməlidir ki, yas mərasimlərinin menyusu məhdudlaşdırılsın, mərasim evləri yalnız bu menyuya uyğun xidmət göstərsin. Əks halda, təşkilatçılar və obyekt sahibləri cərimələnsin. Eyni zamanda maarifləndirmə kampaniyaları aparılmalıdır. Hər cümə xütbəsində, televiziyada, sosial şəbəkələrdə israfçılığın dini və ictimai ziyanı izah edilməlidir. Əks halda, “filankəs belə ehsan verdi, mən necə verməyim” düşüncəsinə uyğun ehsan verəcək".

Natiq Ələsgərov deyib ki, vəzifə sahibləri, imkanlı təbəqə bu mövzuda dəyişiklik istəmir: “Hər il onlarla ailə yas borcuna görə kredit götürür, əmlak satır, dost-tanışdan borc istəyir. Məgər dini mərasim adamı borca salmaq üçündür? İmkanlı təbəqə bu məsələdə səmimi addım atmayınca, cəmiyyət də dəyişməyəcək. Əgər həqiqətən dini israfçılığa son qoymaq istəyiriksə, dəyişiklik birbaşa Bakıdan, QMİ-nin məclis zallarından başlamalıdır. Sadə ehsan qaydalarına ilk növbədə bu qrup əməl edərsə, cəmiyyət də arxasınca gələcək. Əks halda, regionlardakı təşəbbüslər də effekt verməyəcək”.

Elşən MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR