İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakının “İbrahim sazişləri”nə qoşulması yenə gündəmdə

Ekspertlər Azərbaycanın yəhudi dövləti ilə bu sazişi imzalamasına heç bir maneə görmürlər, amma...

“Azərbaycan və İsrail arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi ABŞ-ın milli təhlükəsizliyi üçün çox vacibdir”. Bunu ABŞ Senatının Xarici Əlaqələr Komitəsində Yaxın Şərqdəki vəziyyətlə bağlı dinləmələrdən sonra amerikalı senator Stiv Deyns X sosial şəbəkəsindəki rəsmi hesabında bildirib. (mənbə: Haqqın.az)

Dinləmələr zamanı Deyns Bakıya səfərindən və burada Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündən danışıb. Onun sözlərinə görə, bu görüş “çox məhsuldar” olub və ikitərəfli əməkdaşlığın, xüsusilə enerji sektorunda əlaqələrin yüksək səviyyədə olduğunu göstərib.

Senator qeyd edib ki, Azərbaycan-İsrail münasibətləri SOCAR-ın iştirak etdiyi enerji sazişi fonunda möhkəmlənəcək.

Söhbət SOCAR-ın İsrailin “Tamar” qaz yatağında pay almasından gedir. Bundan əvvəl İsrailin Neft Şurası və Rəqabət Qurumları yatağın 10%-lik səhmlərinin Azərbaycan tərəfinə satılmasını rəsmən təsdiqləyiblər. İsrailin “The Jerusalem Post” qəzeti bu barədə yazıb və bu sazişi Bakı ilə Tel-Əviv arasında həm regional enerji, həm də diplomatik əlaqələr üçün mühüm dönüş nöqtəsi adlandırıb.

Məlumat üçün bildirək ki, “İbrahim sazişləri” 2020-ci ildə rəsmi olaraq tətbiq olunmağa başlamış ərəb dövlətləri və İsrail arasında barışığı ehtiva edən plandır. Planın iki əsas hissəsi var, birincisi, Fələstin münaqişəsinin həlli və yeni Fələstin dövlətinin yaradılması, mövcud torpaqların BMT qərarlarından fərqli şəkildə, daha çox İsrailin xeyrinə bölüşdürülməsidir. İkinci hissəsi isə ərəb region ölkələri ilə İsrail arasında barışıq prosesidir.

Sona Əliyeva: “Dünyanın aparıcı dövlətləri Azərbaycanın təcrübəsini  öyrənməyə həvəsli görünürlər” Pravda.az

Sona Əliyeva 

Siyasi təhlilçi Sona Əliyeva “Yeni Müsavat”a açıqlamasında yaxın bir-iki il ərzində bu sazişin imzalanmasının mümkünsüz olduğunu söylədi: “Azərbaycanın İsraillə "İbrahim sazişləri" anlaşması hazırda de-fakto mövcuddur.  Yəni iki ölkə arasındakı əlaqələr hazırda ən yaxşı dövrünü yaşayır. Hətta bir sıra ərəb ölkələri və Türkiyə ilə İsrail arasındakı münasibətlərin tənzimlənməsində rəsmi Bakı vasitəçilik edir. Bu da o deməkdir ki, “İbrahim sazişləri”ni tələm-tələsik imzalamaq üçün hər hansı zərurət yoxdur. Sazişin rəsmi formada imzalanması isə bir az vaxt apara bilər. Birincisi, Azərbaycan Türkiyə ilə müttəfiqdir. Deməli, Bakı və Ankara bu məsələdə uzunmüddətli müzakirələr aparmalıdır ki, Ankaranın xarici siyasət kursu və mənfəəti zədə görməsin. İkincisi, Azərbaycan İranla münasibətlərini daha da yaxşılaşdırmağa çalışır. Çünki hazırda bu münasibətlər ən çətin və həssas dönəmlərdən keçir. Üçüncüsü, Azərbaycan hazırda bütün gücünü və fikrini Ermənistanla sülh sazişinin imzalanmasına və Zəngəzur dəhlizinin açılmasına yönəldib. Bu saziş imzalanmadan və Zəngəzur məsələsi öz həllini tapmadan Bakı Tel-Əvivlə masaya oturmaq istəməyəcək. Dördüncüsü, Suriya ilə münasibətlərimiz də yeni mərhələyə qədəm qoyur. Azərbaycanın Suriya ilə bağlı strateji maraqları var. Hazırda İsraillə Suriya arasındakı durum da ürəkaçan deyil. Bu baxımdan, İsraillə "İbrahim sazişləri"nin imzalanması tez-tez gündəmə gəlsə də, yaxın bir-iki il ərzində imzalanması mümkün görünmür".

Əli Orucov: "Mən üzərimə böyük məsuliyyət götürdüyümün fərqindəyəm..." -  MÜSAHİBƏ

Əli Orucov 

AMİP liderinin köməkçisi, politoloq Əli Orucov bu sazişin bağlanmasına heç bir maneə görmür: “Azərbaycan yeganə İslam dövlətidir ki, İsraillə sıx əməkdaşlıq edir və əsas məqsəd bu əməkdaşlığın iki dövlətin maraqları çərçivəsində inkişaf etdirilməsidir. İsrail Azərbaycanın öndə gedən iqtisadi, ticari, hərbi və mədəni tərəfdaşıdır. Bu dövlət Azərbaycanın müdafiə qabiliyyətinin artırılmasında əhəmiyyətli rol oynayır. Baxmayaraq ki, Tel-Əvivdə səfirliyinin açılması anlaşılan səbəblərdən  gecikdirildi, lakin bu münasibətlərin möhkəmləndirilməsinə xələl gətirmədi. Yəhudi dövlətinin Azərbaycanla strateji müttəfiqliyi İranın kəskin etirazına səbəb olub və Tehran bu əlaqələrin kəsilməsi üçün davamlı təzyiqlər göstərib. Bu gün də cənub qonşumuz dünya müsəlmanlarını İsrailə görə Azərbaycanın üzərinə qaldıraraq gözdən salmaq cəhdlərini kampaniya olaraq davam etdirir. Xüsusən də bu fəaliyyət Yaxın Şərqdə qanlı silahlı münaqişələr, o cümlədən Fələstin müharibəsi fonunda daha da genişlənib. Təbii ki, bu cür davranış Azərbaycanın öz milli maraqlarından imtina etməsinə səbəb ola bilməz, rəsmi Bakını doğru bildiyi yoldan çəkindirə bilməz. Mən hesab edirəm ki, İsraillə Azərbaycan arasında mövcud münasibətlər həm Yaxın Şərqdə, həm də İslam dünyasında mövcud ixtilafların nizamlanmasında müsbət rol oynaya bilər. Belə ki, Bakının vasitəçiliyi ilə uğurlu diplomatik həll variantlarını tapmaq mümkündür. Birləşmiş Ştatların dəstəyi ilə bu layihə daha real görünür. Çünki Azərbaycanın həm Fələstinlə, həm də digər problemlərlə bağlı mövqeyi ədalətli və beynəlxalq hüquqa tam uyğundur. Eyni zamanda qarşılıqlı hörmətə və maraqların uzlaşdırılmasına əsaslanır. Dəfələrlə sübut olunub ki, konfliktləri silahla, zorakı vasitələrlə çözmək mümkün deyil. Əksinə, bu vasitə daha böyük və ağır nəticələrə gətirib çıxarır. Odur ki, region uğrunda mübarizə aparan güclər və region ölkələri güc amili və müharibə hədəsindən, həmçinin nifrət ritorikasından imtina etməlidir. ABŞ Prezidenti Donald Tramp Prezident İlham Əliyevə ünvanladığı təbrik məktublarında Azərbaycan-İsrail əlaqələrinə toxunaraq bundan məmnunluğunu ifadə edib. Göründüyü kimi, Birləşmiş Ştatların Xarici Əlaqələr Komitəsində Yaxın Şərqdəki vəziyyətlə bağlı dinləmələrdən sonra senator Stiv Deyns Bakıya səfəri zamanı cənab prezidentlə görüşlərində Azərbaycanın konstruktiv və daha optimal mövqeyini nümunə kimi təqdim edib. Azərbaycanın "İbrahim sazişi"nə qoşulması üçün heç bir mane yoxdur. Hesab edirəm ki, Bakı zatən İsraillə ən yüksək səviyyədə çoxşaxəli əməkdaşlıq edir. İsrailin Azərbaycanda, Azərbaycanın da İsraildə sərmayələri var. Hər iki ölkə beynəlxalq platformalarda da bir sıra məsələlərdə ortaq hərəkət edə bilir. Lakin Azərbaycanın təbii müttəfiqi qardaş Türkiyə ilə İsrail arasında son dövrlər yaranmış gərginlik Bakı üçün arzuolunmayan vəziyyət yaradıb. Belə atmosferdən çıxmaq üçün Azərbaycanın vasitəçiliyi və səyləri istənilən effekti verməsə də, ümid edirəm ki, müsbət bəhrəsini verəcək. Bakı İsrail və Suriya arasında da vasitəçilik edir. Azərbaycan Yaxın Şərqdə sülhün əldə edilməsində üzərinə düşən missiyanı həyata keçirməkdədir. Doğrudur, fundamental problemlərin aradan qaldırılması yaxın perspektivdə baş verməsə də, diplomatik kanallar və təmasların davamı vacibdir. Azərbaycanın bu təşəbbüsləri də həm qiymətləndirilməli, həm də dəstəklənməlidir”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR