Onlayn ictimai-siyasi qəzet
İran ciddi su böhranı ilə üz-üzədir. Ölkədə çaylar və su anbarları quruyub, mövcud su anbarlarının 80 faizi faktiki olaraq istifadəyə yararsız vəziyyətdədir.
Musavat.com xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.
Bildirilir ki, vəziyyətin kritik həddə çatması fonunda hökumət qeyri-ənənəvi tədbirləri müzakirə edir. Bunlar arasında iş həftəsinin qısaldılması, uzaqdan iş sisteminə keçid və hətta məktəb, universitet və müəssisələrin fəaliyyətinin dayandırılması da var.
Nazirlər Kabinetinin mətbuat katibi hazırkı durumu “milli problem” adlandırıb və bunun humanitar fəlakətə çevrilə biləcəyi barədə xəbərdarlıq edib.
Artıq Tehran və daha 50 şəhərdə su təchizatına məhdudiyyətlər tətbiq olunub. Bəzi bölgələrdə su fasilələri 48 saata qədər davam edir. İnsanlar kütləvi şəkildə su ehtiyatlarının nisbətən çox olduğu Xəzər dənizi sahillərinə üz tutur.
İran prezidenti Məsud Pezeşkian ilk dəfə olaraq paytaxtın köçürülməsi ideyasını dilə gətirib. O, “Tehranda həqiqətən də su yoxdur”, – deyə bildirib.
“Bild” nəşri qeyd edir ki, ölkədə yaranmış su böhranının əsas səbəbi uzunmüddətli quraqlıqla yanaşı, İslam Respublikasının rəhbərliyinin ekoloji problemlərin həlli əvəzinə silahlı qruplaşmaların maliyyələşdirilməsini prioritet saymasıdır.
Musavat.com
02 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ