Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, Rusiya Dövlət Dumasının MDB işləri üzrə Komitəsinin sədr müavini Konstantin Zatulın növbəti dəfə anti-Azərbaycan ritorikası ilə çıxış edərək iki ölkə arasındakı gərginliyi körükləməyə çalışıb.
Zatulın bəyan edib ki, əgər Azərbaycan tərəfi Rusiya KİV-lərində “Stepanakert” (Xankəndi) adından istifadə edilməsinə etiraz əlaməti olaraq Rusiya şəhərlərinin adlarını dəyişdirilmiş formada yazmağa davam edərsə, Moskva hava və dəmir yolu əlaqələrini dayandıra bilər. Onun sözlərinə görə:
“Stepanakert hər zaman Stepanakert olub. Azərbaycan qatar və təyyarələrin təyinat məntəqələrində bu adları dəyişdirərsə, Rusiya onların qəbulunu dayandıra bilər.”
O, Azərbaycanın davranışlarını “qeyri-adekvat və təxribat xarakterli” adlandırıb və bildirib ki, Bakı guya bu üsullarla Rusiya ilə məsafə yaratmağa, regionda dominant mövqe tutmağa çalışır.
Musavat.com xatırladır ki, Konstantin Zatulın 1990-cı illərdən etibarən tanınmış ermənipərəst siyasətçi kimi çıxış edir. O, həm birinci, həm də ikinci Qarabağ müharibəsi dövrlərində erməni separatizmini açıq şəkildə müdafiə edib, Azərbaycanın ərazi bütövlüyünə qarşı yönəlmiş təşəbbüslərə dəstək verib.
Hətta Azərbaycan və Rusiya arasında münasibətlərin sabit və müsbət olduğu dövrlərdə belə, Zatulinin düşmən mövqeyi dəyişməyib. Onun çıxışları təkcə anti-Azərbaycan deyil, həm də anti-Türk və anti-İslam xəttinin açıq təzahürüdür.
Azərbaycan cəmiyyətində və ekspert dairələrində Zatulinin bu açıqlamaları təhqiramiz və qeyri-diplomatik sayılıb. Azərbaycanın mövqeyi isə qətidir: Xankəndi Azərbaycanın suveren ərazisidir, və bu ərazinin sovet dövründə qoyulmuş “Stepanakert” adı artıq tarixə qarışıb.
Musavat.com
03 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ