Onlayn ictimai-siyasi qəzet
Oğuz-Qəbələ-Bakı kəmərində problem; ekoloq: “Xocasən gölü alternativ su anbarı kimi istifadə edilə bilər, niyə ora çirkab suları axıdılır?!”
Paytaxt Bakıda suyun verilməsində problemlər hələ də var. Adətən belə vəziyyətlərdə əhaliyə öncədən xəbərdarlıq edilsə də, kəsintilər qeyd edilən vaxtdan uzun çəkir. Oğuz-Qəbələ-Bakı su kəmərində baş verən qəza ilə əlaqədar Bakı şəhəri və Abşeron yarımadasının bəzi ərazilərinə su təchizatında müvəqqəti fasilə yaranacaq. Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi məlumat yayıb. Bildirilib ki, işlər yekunlaşdıqdan sonra suyun 20 iyun tarixindən əvvəlki rejimlə verilməsi bərpa olunacaq.
İnşasına 2007-ci ilin martında başlanılan kəmərin uzunluğu 252 km-dir. Paytaxtı keyfiyyətli su ilə təmin etmək üçün təxminən 150 metr dərinlikdə və 350 mm diametrində olan 75-ə qədər istismar quyusundan ibarət sugötürücü qurğu və 7 su anbarı tikilib. Onu da deyək ki, kəmərlə Bakıya çatan su dəniz səviyyəsindən 152 metr hündürlükdə yerləşən Alatava su anbarına toplanır. Oradan isə paytaxta paylanır.
Dövlət Neft Fondunun vəsaiti hesabına maliyyələşən Oğuz-Qəbələ-Bakı su kəmərinin rəsmi açılış mərasimi 2010-cu il dekabrın 28-də olub. Layihə 3 ilə başa gəldi. Dəyəri 779, 6 milyon manat olan su kəmərinin hədəfi Bakı əhalisinin 75 faizinin içməli su ilə təmin etmək idi. Şübhəsiz ki, Bakının su təchizatında bu kəmərin böyük rolu var. Bəzi rəqəmlərə görə, kəmər istismara veriləndən sonra Bakıda fasiləsiz su alan abonentlərin 36 faizdən 81 faizə qalxıb.Yayda həmin kəmərlə Bakıya verilən suyun həcmi artır, saniyədə 3 kubdan bir az artıq su verilir. Maraqlıdır ki, ötən ilin avqustunda da su kəmərində səbəbi bilinməyən qəza baş vermişdi. Yalnız bir neçə gündən sonra su kəmərinin doldurulması prosesinə başlanılmışdı.
Ekspertlərə görə, hazırda fəaliyyət göstərən xətlərlə paralel əlavə xətlərin istifadəyə verilməsi də vacibdir. Hazırda Abşerona su Kürdən 2 xətt olmaqla, Oğuz-Qəbələ-Bakı, Şollar kimi magistral su kəmərləri ilə gətirilir. Lakin su probleminin yaranmaması və daha ciddi xarakter almaması üçün əlavə xətlərin, ən azından çəkilən xəttə paralel yardımçı boruların da olması vacibdir. Digər tərəfdən, su xətlərinin davamlı və möhkəm olması, qəza risklərindən maksimum dərəcədə qorunması da çox vacibdir.
Qeyd edək ki, paytaxt Bakıda və Abşeron yarımadasında içməli suyun tez-tez kəsilməsi əhali arasında ciddi narazılıq yaradıb. Vətəndaşlar bildirirlər ki, əvvəlcədən verilən məlumatlarda kəsinti müddəti qısa göstərilsə də, reallıqda bu müddət daha uzun çəkir. Bu isə xüsusilə yay aylarında, havaların isti keçdiyi dövrdə insanların gündəlik həyatına mənfi təsir göstərir. Əhalinin bir çoxu nəinki içməli su tapmaqda, hətta gigiyenik ehtiyaclarını qarşılamaqda da çətinlik çəkir.
Rövşən Abbasov
Ekoloq Rövşən Abbasov “Yeni Müsavat”a açıqlamasında bildirib ki, su kəmərlərində qəza halları hər zaman baş verə bilər və bu, istisna deyil: “Qəzalar həmişə olub və heç kim bundan sığortalanmayıb. Əsas məsələ onlara hazır olmaqdır. Belə hallarda alternativ "B planı" mütləq olmalıdır ki, qəza daha ciddi nəticələrə gətirib çıxarmasın. Ən vacib məsələ əhalinin içməli su ilə təmin edilməsidir. Xüsusi sudaşıyan maşınlarla su əhaliyə çatdırıla bilər. Eyni zamanda bu müddətdə bağ və parkların suvarılması dayandırılmalıdır. Maarifləndirmə də çox önəmlidir. Hazırda demək olar ki, hər bir təşkilatın nəzdində ictimai şuralar var və onların bu işdə rolu böyükdür. Əhali bilməlidir ki, belə vəziyyətlərdə nə etməlidir. İctimai şuralarda təmsil olunan QHT-lər bu sahədə fəal olmalıdır.
Təbii ki, qəzaların sayı minimuma endirilməlidir. Bunun üçün monitorinq qrupları mövcuddur və bu qruplar qəza risklərini əvvəlcədən müəyyənləşdirməlidir ki, qarşısını almaq mümkün olsun".
Ekoloq əlavə edib ki, hazırda Bakıya təxminən 60 faiz su verilir: “Əlavə olaraq Xəzər dənizinin duzsuzlaşdırılması ilə bağlı müəyyən işlər gedir, bu da bir alternativdir. Amma yeni su kəmərinin çəkilməsini zəruri hesab etmirəm. Onsuz da Kürdən Bakıya su gəlir. Sadəcə, infrastruktur elə qurulmalıdır ki, bütün mövcud mənbələrdən səmərəli istifadə oluna bilsin. Uzunmüddətli perspektivdə anbar sistemləri elə layihələndirilməlidir ki, bir mənbədə problem yarandıqda digəri onu əvəz edə bilsin. Məsələn, Ceyranbatan su anbarı yalnız müəyyən rayonları su ilə təmin edir. Elə etmək lazımdır ki, bu anbar digər rayonlara da su ötürə bilsin. Yəni bir mənbədən gələn su təkcə bir rayona yönəldilməməlidir. Bu yanaşma həm də böyük infrastruktur layihəsinin tərkib hissəsi ola bilər.
Bəzən yeni su anbarlarının tikintisi təklif olunur, amma mən hesab edirəm ki, bunun əvəzinə Bakı ətrafındakı mövcud göllərin suyunun sağlamlaşdırılması daha effektiv olardı. Məsələn, Xocasən gölü su anbarı kimi istifadə edilə bilər. Ora su yığılıb müxtəlif ərazilərə ötürülə bilər. Hazırda bu gölə çirkab suları axıdılır və bu proses dayandırılmalıdır. Göl təmizləndikdən sonra onu su anbarı kimi istifadəyə vermək mümkündür.
Oğuz-Qəbələ-Bakı su kəmərinin əsas üstünlüyü ondan ibarətdir ki, su kondensasiya yolu ilə - yəni əlavə enerji sərf edilmədən - birbaşa Bakıya axır. Bu sistemin digər mənbələrlə inteqrasiyası mümkündür. Məsələn, Mingəçevir su anbarından su Oğuz-Qəbələ xəttinə verilə bilər. Əgər bu mümkün olmasa, qonşu Gürcüstandan gələn Kür və Alazan (Qanıx) çaylarından istifadə edilə bilər. Alazan çayının suları Oğuz-Qəbələ kəmərinə yönləndirilə bilər. Əsas məqsəd mənbələrlə istehlak nöqtələri arasında səmərəli və optimal su verilişini təşkil etməkdir - bu, çox önəmlidir".
Sosioloq Elçin Bayramlı isə deyib ki, su ehtiyatı cəhətdən Azərbaycan heç də yaxşı vəziyyətdə deyil: “Cənubi Qafqazda bir azərbaycanlıya 1 kub metr, gürcüyə 13 kub metr, erməniyə 2,2 kub metr su düşür. Həmçinin Azərbaycanda su ehtiyatının 70%-i trans-sərhəd çayları vasitəsilə xaricdən formalaşır.
Qlobal quraqlıq güclənsə, biz bu 70%-dən də məhrum olacağıq. Bizim su ehtiyatımız isə ölkənin tələblərinə çatmayacaq. Əhali içməli sudan əziyyət çəkəcək, aqrar sektorun böyük bir hissəsi məhv olacaq".
Ekspert əlavə edib ki, artıq bəzi ölkələr bununla bağlı preventiv layihələrə başlayıb. Azərbaycan isə gözləmə mövqeyini tutub: “2030-a qədər kəskin səhralaşma gözlənilir, müvafiq qurumlar heç bir işə əl atmır. Biz yaşıllıqları qorumaqla həm ekoloji mühiti təmin etməliyik, həm də su ehtiyatlarını artırmalıyıq. Çoxlu sayda kiçik su anbarları tikilməlidir, artizan quyuları qazılmalıdır, yeraltı su mənbələri tapılmalıdır.
Bundan əlavə, bir təklifimiz də odur ki, dənizsahili ərazilərdə su şirinləşdirici zavodlar tikilsin, heç olmasa sənayedə, yaşıllıqların suvarılmasında, moykada bu kimi texniki sulardan istifadə olunsun. Nəticədə içməli suya təzyiq azalsın.
Oğuz-Qəbələ su kəmərindən götürdüyümüz su regionda ekoloji fəlakətə səbəb olur. Şəki-Oğuz-Qəbələ rayonlarında ətraf ərazilərdə meşələr qurumağa başladı. Dəmyə torpaqlar sıradan çıxdı, indi o ərazilərdə məhsuldarlıq kəskin aşağı düşüb".
Afaq MİRAYİQ,
“Yeni Müsavat”
18 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ