İnsanlara hürriyət, millətlərə istiqlal!

“Bayırşəhərdə” söküntülərə etirazlar - kim haqlıdır?

Ekspert: “Kompensasiyalar mənzillərin sahəsinə uyğun, ədalətli şəkildə müəyyən edilməlidir”

Mediada paytaxtın “Bayırşəhər” adlanan ərazisində - "Təzəpir" məscidinin ətrafında başlanan söküntülərlə əlaqədar etirazlar olduğu haqda xəbərlər yayılıb. Bildirilir ki, bəzi memarlar   imzatoplama kampaniyasına başlayıblar, müxtəlif dövlət orqanlarına etiraz məktubları göndəriblər. Bizimyol.info xəbər verir ki, memarlar hesab edirlər ki, “Bayırşəhər”in sökülməsi Bakının tarixinə, ruhuna ziddir. Onlar düşünürlər ki, Bakı Şəhər İcra Hakimiyyəti söküntü barədə sərəncam verməmişdən əvvəl bu barədə mütləq ictimai müzakirələr aparılmalı idi.

Məsələ ilə bağlı “Yurd-media”ya danışan “Bayırşəhəri qoruyaq” təşəbbüs qrupunun rəhbəri Zahidə Əzizova deyib ki, sakinlər sosial şəbəkələrdə təşkilatlanaraq etirazlarını bildirirlər: “Azərbaycan prospekti ilə Mirzə Fətəli, Çingiz Mustafayev və Nizami küçələrinin sakinlərindən ibarət qrupumuz var. Sosial mediada petisiya başladıq, yüzlərlə imza topladıq. İnsanlara izah edirik ki, ərazinin sökülməsi "Bakı-2040 Baş planı"nda yoxdur. Bu məhəllə xüsusi mühafizə zonasıdır. Nazirlər Kabinetinin söküntü barədə heç bir qərarı yoxdur. Prezidentin imzaladığı sənədlərə zidd olaraq evlərin satın alınması və söküntü işlərinin aparılması cinayətdir".

Onun sözlərinə görə, sakinlər mütəmadi olaraq şüarlarla ictimaiyyətə müraciət edirlər: “Bayırşəhər məhəlləsi tariximizdir, onu məhv etməyin!”

Sakinlər məsələ ilə bağlı bir sıra qurumlara müraciətlər ünvanlayıblar, amma cavablar ziddiyyətli olub. Yasamal Rayon İcra Hakimiyyəti əvvəlki məktublarında söküntü planının olmadığını bildirsə də, sonrakı cavablarda “qəzalı binaların sökülməsi və sakinlərin kompensasiya ilə köçürülməsi” barədə məlumat verib.

Bakı Şəhər İcra Hakimiyyəti müraciətləri Yasamal RİH-ə və Mənzil-Kommunal Təsərrüfatı Departamentinə yönləndirib. Departament isə cavabında söküntü aparmadığını desə də, Yasamal RİH paralel olaraq köçürülmə prosesinin başladığını etiraf edib. Ombudsman Aparatı da şikayətlər əsasında məsələni araşdırıb. Cavablarda “ərazidə qiymətləndirmə işlərinin aparıldığı, müstəqil şirkətlərin evlərin dəyərini hesabladığı” qeyd edilib.

Etirazlara baxmayaraq, ərazidə söküntü prosesi davam edir. Söküntü paytaxtın Süleyman Tağızadə, Mirzə Fətəli Axundov, Tolstoy, Murtuza Muxtarov, Əlövsət Quliyev, Nizami, Həzi Aslanov, Vidadi, Bəşir Səfəroğlu, Çingiz Mustafayev küçələrini əhatə edir. Bu ərazidə yaşayan sakinlərə hələ ötən ilin sonunda evlərinin söküləcəyi barədə xəbərdarlıq edilib.

Memar Abdul Hüseynov deyir ki, söküntü ərazisində Rastropoviçlərin, Cəlil Məmmədquluzadənin ev muzeyi də daxil olmaqla, çoxsaylı tarixi-mədəni əhəmiyyətli bina var. Bakının Baş planında “Bayırşəhər” ərazisi “Xüsusi mühafizə zonası” kimi qeyd olunub. 

Memar Dilqəm İsmayılov: Azərbaycanda bəzi yerlərdə binaların qəbul aktı  yoxdur

Dilqəm İsmayılov

Memar Dilqəm İsmayılov da “Bayırşəhər”in söküntüsünə etiraz edənlərdəndir. O vurğulayır ki, bu ərazinin sökülməsi paytaxtın baş planına ziddir: “Bakı yalnız binalardan ibarət deyil. Bu şəhərin yaddaşı var, küçələrinin qoxusunda, məhəllələrinin sükutunda, divarlarının kölgəsində. "Bayırşəhər"in bir hissəsi olan bu məhəllələr, İçərişəhərin ətrafında olan, yüz ildən çox tarixi olan onunla birlikdə böyüyən ruhudur. İndi isə bu məhəllələrin sökülməsi gündəmdədir. Amma sökülən yalnız daş divarlar olmayacaq, sökülən Bakı insanının yaddaşı, şəhərə olan sevgisi, gələcək nəsillərin kimliyidir. Bizim səsimiz, etirazımız, sevgimiz bu şəhərin qorunması üçündür. Çünki Bakı yalnız bu günün deyil, sabahın da evidir”. 

Sakinlərin mediaya bildirdiyinə görə, onlara hər kvadratmetrə görə 2 min 700 manat təklif olunur: “Baxıb görsünlər ki, bu ərazidə verdikləri pula ev almaq mümkündür, yoxsa yox? Bizim nəinki özümüz, ata-babalarımız da buralarda yaşayıb, uzaq yerlərə necə gedək? Bunu anlamaq istəmirlər”.

Obyekt sahiblərinə isə hər kvadratmetrə görə 3 min manat təklif edilir. Onlar da məbləğin çox az olduğunu deyirlər.

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən bildirilib ki, söküntü ərazisindəki tarixi abidələr qorunacaq. “Təzəpir” ətrafında sökülən tikililərin yerində isə park salınacaq və Mərkəzi Parka birləşdiriləcək.

Xatırladaq ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev mart ayında “Bayırşəhər”də tarixi abidələrin sökülməsi ilə bağlı verdiyi açıqlamasında bildirib ki, tarixi abidələrin sökülməsindən söhbət gedə bilməz. O qeyd edib ki, sosial mediada bu kimi fikirlər səsləndirilsə də, belə hal mümkün deyil: “Müəyyən aşınmaya məruz qalan evlər ola bilər, onların sökülməsi mümkündür. Amma ümumilikdə hər hansı tarixi abidə qəti şəkildə sökülə bilməz”.Эльнур Азадов: Глобальной проблемой строительного рынка Баку является  фактическое отсутствие земель, пригодных под строительство

Elnur Azadov

Əmlak məsələləri üzrə ekspert Elnur Azadov mövzunu “Yeni Müsavat”a şərh edərkən bildirdi ki, Azərbaycanda ictimai müzakirələrin keçirilməsi təcrübəsi demək olar ki, yoxdur. O vurğuladı ki, hətta söküntü proseslərində, Bakı şəhərinin Baş planının qəbul olunması, sərəncamların verilməsi zamanı ictimai müzakirələr təşkil olunmayıb: “Hesab edirəm ki, cəmiyyətin fikri nəzərə alınmalıdır. Yerli icra hakimiyyətləri, bələdiyyələr ərazilər üzrə ictimai rəyi öyrənə bilərlər. Hər ərazidə həm icra hakimiyyəti, həm də bələdiyyələr olsa da, heç biri xalqın maraqlarına qulluq etmir. O ki qaldı kompensasiya məsələsinə, qiymətləndirmə üzrə mütəxəssis kimi düşünürəm ki,  standart yanaşma düzgün deyil. Lüks təmirli, orta təmirli, az təmirli mənzillər üçün eyni məbləğin müəyyən ediməsi qiymətləndirmə qanunvericiliyinə ziddir”. 

E.Azadovun fikrincə, vətəndaşların konstitusion hüquqlarının pozulması məsələsini gözardı etmək olmaz: “Vətəndaşların razılığını almaq lazımdır. Mənzillərin sahəsinə uyğun kompensasiya ədalətli şəkildə müəyyən edilməlidir. Bəzi hallarda 30-40 kvadrat metrlik mənzildə iki ailənin məskunlaşdığının şahidi oluruq. Odur ki, bu kimi hallarda kompensasiya ödənişində standart yanaşmanın sərgilənməsi vətəndaşları heç cür qane etmir. Fərdi yanaşmanın daha məqsədəuyğun olduğu qənaətindəyəm”. 

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat” 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Sentyabr 2025

05 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR