İnsanlara hürriyət, millətlərə istiqlal!

Bayram, yoxsa əzələ nümayişi, qorxu paradı?

9 mayda Qırmızı meydanda keçiriləcək parad İkinci Dünya müharibəsində SSRİ-nin alman faşizmi üzərində qələbəsinin 80 illik yubileyinin qeyd edilməsindən çox, Putinin dünyaya “biz hələ də güclüyük” mesajının verilməsinə xidmət edir. Ukraynada müharibənin davam etdiyi bir vaxtda, bu mesaj əsasən Kiyevə, NATO-ya ünvanlansa da, Rusiya təsirindən çıxan, uzaqlaşmağa çalışan və müstəqil siyasət aparan postsosialist və postsovet ölkələri də unudulmur. Putinin 25 illik hakimiyyətinin xarici siyasət kursunda baş xəttin keçmiş SSRİ ərazisinin Rusiya təsirində saxlamaq olduğu gizli olmadığı, bu qənaətə gəlməyə əsas verir. Qırmızı meydanda Putinin fəxr etdiyi “Oreşnik” və digər ballistik raketlərin, modern zirehli texnikanın və hərbi heyətin nümayişi ilə Kreml sübut etmək istəyir ki, Rusiya “müharibədən yorulmayıb, davam edir və yeni müharibəyə hazırdır”.

Dünya siyasi-iqtisadi düzəninin pozulduğu bir vaxtda “əzələ nümayişi” təcrid vəziyyətində olan Rusiyaya hava, su kimi lazımdır və faşizm üzərində qələbə Kreml lideri üçün əsl manipulyasiyadır. Bu hadisəni bir fürsət kimi dəyərləndirən Putin ABŞ prezidenti Donald Trampın Çin-Rusiya birliyini pozmaq kimi strateji hədəfinin iflasa uğradığını və Çinlə birlikdə olduğunu da əzəli rəqiblərinə göstərmiş oldu.

victory-day-russia.jpg (198 KB)

Paradda iştirak edəcək dövlət başçıları arasında əsasən Çin lideri Si Zinpinin (artıq Moskvadadır) iştirakını beynəlxalq siyasi mərkəzlər daha çox ABŞ prezidentinin Rusiya-Çin birliyini pozmaq üçün Ukraynaya təzyiq siyasətinin iflasa uğraması kimi dəyərləndirirlər. Çin liderinin Moskvaya üç günlük səfərindən sonra ( hələ Putinlə birlikdə hansı bəyanatların veriləcəyi də önəmlidir), ümumiyyətlə Putinin ABŞ prezidentinin atəşkəs razılaşması ilə bağlı bütün təkliflərini rədd etməsi Trampın mövqeyində dəyişiklik edə bilərmi?

Artıq mümkün dəyişikliyin ilk elementləri rəsmilərin dilindən sərt olmasa da, səslənməyə başlayıb. Antipatik bəyanatları ilə tanınan vitse prezident Vens “ Rusiya danışıqlarda həddən artıq çox şey istəyir” deməklə, Kremlin mövqeyi ilə razılaşmadıqlarını etiraf etmiş oldu. Vensin açıqlamasını necə dəyərləndirdiyi barədə verilən suala Tramp da Ukraynadakı müharibəni həll etmək üçün “qərar qəbul etmək vaxtı yetişib” fikrini bildirib. Bunun necə qərar olacağı yəqin yaxın vaxtlara məlum olacaq. Eyni zamanda, 8 mayın ABŞ-də “Qələbə günü” kimi qeyd ediləcəyini elan etməsini Trampın artıq Putinə qarşı siyasətə start verdiyinin başlanğıcı olaraq qəbul etmək olar. Ardınca, maliyyə naziri Skot Bessentin Putini “hərbi cinayətkar” adlandırması göstərir ki, Trampın komandası nəhayət ki, “Putin sevgisinə” son verir. Bəzən sadəlövh yanaşmalar isə açığı yalnız təəccüb doğurur.Məsələn, Tramp Rusiya milli komandasının 2026-cı il dünya futbol çempionatında iştirakına icazə verilməsini atəşkəs razılaşması üçün bir stimul hesab edir və Putini bununla razı salacağına inandığını bildirir. Guya Putin bilmirdi ki, onun təcavüzü yalnız iqtisadi sanksiyalarla deyil, Rusiyanı mədəni dünyadan təcridə gətirib çıxaracaq? Putin üçün hər gün Ukrayna cəbhəsində min nəfərin ölməsi necə maraqsızdırsa, idman yarışlarından Rusiyanın təcrid olunması da o qədər maraqsızdır və qorxu altında saxladığı ölkə vətəndaşlarının müqaviməti ilə üzləşməyəcəyini də yaxşı bilir. Odur ki, Putin kimi aqressoru mədəni gəlişmələrlə çəkindirmək, sivil formada nəyəsə razı salmaq keçərsizdir.

4LPQR3T6CVJQRN4ZQ4J2MQZOOQ.jpg (1.00 MB)

Sabahkı paradın Rusiya üçün başağrısı yaratdığı isə dünəndən bütün kəskinliyilə davam edir. Rusiya aeroportlarının kütləvi dron hücumuna məruz qalması nəticəsində Moskvaya səfər edən dövlət başçılarının, ümumiyyətlə sərnişinlərin nələr yaşadığının Putinə necə təsir etdiyi üzdə bilinməsə də, altda onu sarsıtdığı şübhə doğurmur. Amma, Putinin xarakterində qisasçılığın olduğu, həm də amansızcasına intiqam almağı sevdiyini də unutmaq olmaz. Artıq anonsunu da öncədən verib: ” 9 may günü Ukrayna tərəfdən paradı pozmağa cəhd olunarsa, 10 may günü Kiyevə neçə “Oreşnik”in atılacağını da dərk etsinlər”. Və 7 may gecəsi Kiyevə 4 ballistik raket atmaqla bir növ xəbərdarlığını etmiş oldu. “Rusiya yoxdursa dünya da yoxdur” deyən birindən nəinki “Oreşnik”, hətta atom bombası atmasını da gözləmək olar. Üç ildən çox davam edən Ukrayna müharibəsinin bir səbəbkarı var-Putin. Sovet İttifaqının dağılması ilə heç cür barışmayan Putin ilk növbədə Ukraynanın müstəqilliyini istəmir və bu ambissiya müharibənin tezliklə bitməsinə artıq ümidləri tükəndirir.

Zelenski bu paradı daha dəqiq qiymətləndirib: “ Bu Sinizm paradı olacaq. Başqa heç nə deyə bilməzsən. Şər və yalan paradı. Sanki onlarla müttəfiq dövlətlər yox, Putin özü nasizmi məğlub edib, sanki Berlində Reyxstaq üzərində qələbə bayrağını öz əli ilə qaldırıb”.

P.S. Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin 9 may paradına qatılmaması bir daha dövlət başçısının siyasi iradəsinin təntənəsidir.

b4444ce8d4f5bf8b4685291ed0910bf2.jpg (29 KB)

İlham İsmayıl

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 May 2025

BÜTÜN XƏBƏRLƏR