Onlayn ictimai-siyasi qəzet
Britaniya Yayım Korporasiyası - BBC yenidən Azərbaycanı hədəf alıb. “Yeni Müsavat” yada salır ki, BBC Vətən müharibəsindən sonra 2017-ci ildə qanunsuz olaraq Cəbrayıldakı tikilini “qədim erməni ibadətgahı” kimi təqdim edərək göz yaşları tökmüş, Avropa Birliyinin rəhbərlərindən olan Ursula fon der Leyenin Bakıya səfərinə qarşı çıxaraq bunu “İlham Əliyevin hakimiyyətini gücləndirmək” istəyi kimi təqdim etmiş, hətta COP29-da da Azərbaycana qarşı açıq təxribatlardan çəkinməmişdi.
Bu dəfə BBC Azərbaycanda həssas mövzu olan dinlə bağlı təxribatçı mövqe sərgiləyib. Minval.az xəbər verir ki, BBC “Azərbaycanın ilk kazinosu niyə müsəlmanların müqəddəs yerlərinin yanında tikilir?” başlıqlı təxribatçı məqalədə iş adamı Emin Ağalarova məxsus kurort zonasında “antimüsəlman əhvaldan” yazıb.
“Sea Breeze”də həddindən artıq qiymətli daşınmaz əmlaklar satıldığı haqda qeyddən sonra BBC “Nardaranın keçmiş sakini, İslam Partiyasının üzvü, indi isə Almaniyada siyasi mühacirətdə olan” Ələmdar Bünyadovun mövqeyini dərc edib. Hələ 1995-ci ildə ləğv edilmiş bu partiyanı BBC jurnalistləri “dünyəvi hakimiyyətə əsas dini alternativ” elan ediblər. BBC-yə danışan mühacir iddia edir ki, guya “Nardaranda üç nəfərdən çox adamın toplaşması qadağandır, çayxanalar bağlanıb, insanlar kreditlə ərzaq alır, orta maaş Bakıdakının yarısı qədərdir”.
BBC Azərbaycana qarşı xain mövqeyi şübhə doğurmayan Arif Yunusun da Nardaran və dini durum haqda təxribatçı iddialarına yer verib. BBC jurnalistləri Azərbaycanda mətbuata açıq olması ilə tanınan Emin Ağalarovdan bu sərsəm iddialara mövqe almaq zəhmətini çəkməyib. Əvəzində isə BBC Nardaran islamçılarının, daha doğrusu, siyasi mühacirlər arasında İran agentlərinin tələb və şüarlarını açıq şəkildə tirajlayıb.
Maraqlı olan sual budur ki, BBC niyə Nardaran kəndinə daima “diqqəti olan” İran mühafizəkarları ilə eyni “canıyanan” mövqe nümayiş etdirib? Üstəlik, Britaniya nəşri məsələni təhrif edib. Xəzər dənizinin Azərbaycana mənsub olan bölməsində süni torpaq sahələrində kazino oyunları təşkil ediləcək.
Akif Nağı
“Yeni Müsavat”a danışan Azad Vətən Partiyasının sədri Akif Nağı qeyd etdi ki, bəzi xarici mərkəzlərin Azərbaycanla bağlı siyasəti aydındır: “Onlar bəhanələr axtarırlar ki, ölkəmizə təzyiq göstərsinlər. Burada BBC-nin qətiyyən İslam təəssübkeşliyindən söhbət getmir. Sadəcə, əllərinə bəhanə düşüb ki, Azərbaycan hakimiyyətinə hücuma keçsinlər. Ona görə də Nardaran amilindən, dini həssaslıqdan iqtidara qarşı əks-təbliğat kimi istifadə edirlər”.
A.Nağı Qərbin nüfuzlu KİV-nin bu təqdimatını spekulyasiya adlandırdı: “Belə görünür ki, guya onlar dini dəyərlərə hörmətlə yanaşırlar, hakimiyyət isə yox. Təbii ki, yanlış rəy yaratmaq cəhdidir. Bu mərkəzlər indiyə qədər ermənilər tərəfindən müsəlman abidələrinin, qəbirlərin dağıdılmasına bir söz deməyiblər. Qarabağda 65 məscidimiz dağıdılıb, bu media subyektləri susublar. Ona görə də anti-Azərbaycan dairələrin işi hansısa bəhanə tapıb qarayaxma kampaniyası başlamaqdır. Yəni əldə çıraqla gəzirlər ki, nəyisə şişirsinlər. Əgər BBC kazinonun əleyhinədirsə, nə üçün Avropada olan həmin obyektlər haqda danışmırlar, kazinoların kilsələrə yaxın olduğunu demirlər? Avropada müsəlmanlara münasibətdən söz açmırlar? Aydın məsələdir ki, görməzdən gəlirlər. Ancaq bizə gəldikdə bunu qabardırlar”.
Partiya lideri əlavə etdi ki, Azərbaycanda qanun qəbul olunub, kəndlərdən, evlərdən kifayət qədər uzaqda tikinti aparılır, leqallaşdırma istiqamətində addımlar atılır, milçəkdən fil düzəldib oyunbazlığa ehtiyac yoxdur.
Xəzər Teyyublu
Hüquq müdafiəçisi Xəzər Teyyublu dedi ki, kazino açılması süni torpaqlar üzərində nəzərdə tutulub, bunun Nardaranla əlaqəsi yoxdur. Onun sözlərinə görə, Britaniya nəşri açıq şəkildə təhrifə yol verib və qızışdırıcı mövqedən çıxış edib: “Burada çirkin niyyət göz qabağındadır. BBC bununla dini cameəni, inanclı insanları qıcıqlandırmağa çalışıb. Halbuki kökündən səhv təqdimatdır. Amma Britaniya radiosu İslam dərdi çəkən olub və hakimiyyətlə inanclı kəsimi üz-üzə qoymaq istəyib. Məlumdur ki, Nardaranda bir neçə il qabaq hadisələr olub, həssas yerlərdən biridir, əhali imanlı, dinə bağlıdır. Bu faktdan sui-istifadə edən BBC elə rəy yaradır ki, guya Emin Ağalarov məscidlərin yaxınlığında, yaxud dindar əhalinin olduğu ərazinin ətrafında kazino açır. Bax, incə nünas bundan ibarətdir. Hərçənd tamamilə səhv təbliğatdır”.
Hüquq müdafiəçisinin fikrincə, Nardarandan uzaqda, Xəzərin süni torpaqlarında kazino açılması nəzərdə tutulur ki, bunun Nardaranla, ümumiyyətlə, Bakı kəndləri ilə əlaqəsi yoxdur: “Onu da nəzərə almalıyıq ki, kazinolar ölkənin bütün ərazisini yox, yalnız süni torpaq sahələrini əhatə edəcək. Üstəgəl, kifayət qədər sərt tələblər əsasında lisenziya ala bilərsiniz. Eyni zamanda çoxsaylı amillər, o cümlədən sosial-mənəvi aspektlər gözlənilməklə bu obyektlər ciddi nəzarət altında fəaliyyət göstərə biləcək. Etiraf etməliyik ki, bu sahədə fəaliyyətə qadağa effektiv ola bilməz. Çünki ötən dövrün təcrübəsi də göstərir ki, zaman-zaman Azərbaycanda gizli kazinolar yaradılıb və dəfələrlə hüquq-mühafizə orqanları bu cür fəaliyyətləri aşkar edib. Eyni zamanda fırıldaqçılıqla məşğul olan onlayn kazinoların fəaliyyəti kifayət qədər geniş vüsət alıb. Bu mənada qanun layihəsinin timsalında kazino fəaliyyətinin hüquqi bazası formalaşarsa, qeyri-leqal oyun biznesi və fırıldaqçılığa ciddi zərbə olar, vergidən yayındırılan vəsait dövlət büdcəsinə yönəldilər”.
Qeyd edək ki, 2024-cü il mayın 7-də “Xəzər dənizinin (gölünün) Azərbaycana mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” Qanun qəbul edilib. Tikinti məqsədləri üçün süni torpaq sahələrinin yaradılması ilə bağlı ictimai münasibətləri tənzimləyən həmin qanun süni torpaq sahələrinin yaradılmasının təşkilati və hüquqi əsaslarını və süni torpaq sahələrindən istifadənin, o cümlədən süni torpaq sahələrində tikinti aparılmasının xüsusiyyətlərini müəyyən edib. Qanun süni torpaq sahələrində sahibkarlıq fəaliyyətinin tənzimlənməsini, o cümlədən süni torpaq sahələrində kazino oyunlarının keçirilməsinin hüquqi və təşkilati əsaslarını müəyyən edilməsini nəzərdə tutur. “Azərbaycanda kazino fəaliyyəti ölkə Prezidentinin "Azərbaycan Respublikasında iqtisadi cinayətkarlığa qarşı mübarizə sahəsində bəzi tədbirlər haqqında" Sərəncamı ilə 27 yanvar 1998-ci il tarixində qadağan olunmuşdu.
Emil SALAMOĞLU,
“Yeni Müsavat”
17 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ