Onlayn ictimai-siyasi qəzet
Dünən redaksiyada qəfildən internet bağlantısında problem əmələ gəldi. Ustamız qurdaladı, məlum oldu ki, problem redaksiyadakı modemlər blokunda deyil, necə deyərlər, “işıq Mingəçevirdən sönüb”.
Dərhal 3-4 nəfərin ağlına eyni vaxtda gəldi ki, ola bilər, Rusiyanın işidir, ölkəmizə gələn kabellərə nəsə edib. Problem 15-20 dəqiqə də davam etdi və Rusiyanın məxfi xidmətlərindən quşqulananların sayı 15-ə çatdı.
Xoşbəxtlikdən, internet getdiyi yerdən tez qaytdı və iş öz ritmi ilə davam etdi. Amma “şimal təhlükəsi” şübhəsi o tezlikdə aradan qalxmadı. Hətta sonra internet işləri üzrə ekspertləri dedilər ki, güman kompas əqrəbi kimi şimala yönəlir.
Əsas mətləbə keçməzdən öncə onu deyim ki, 20-25 dəqiqəlik internet kəsintisi bəzi nüansları ortaya çıxardı. Məlum oldu ki, qəzet çıxardığımız vaxtlardan fərqli olaraq, indi internetsiz mümkün deyil. İnternetsiz dönəmlərdə iynə ilə gor qazırmışıq. İndi hər şey ordadır, xəbərlər sellənib gəlir, qabağını kəsən əjdaha da yoxdur, hər jurnalist də o seldən öz tarlasını suvara bilir.
Amma bu heç.
Baş mətləb ondan ibarətdir ki, biz nəyə görə internet kəsintisinə görə Rusiyadan, Narışkindən şübhələndik.
Bu, ona görə baş verdi ki, 7-8 aydır Rusiya ilə aramızda soyuq yellər əsir. Ondan qabaq bir ara aramızdan su keçmirdi, strateji tərəfdaş olmuşduq, qarşılıqlı “pojaluysta”ların beşi 1 qəpik idi. Amma sonra olanlar oldu, bilirsiniz, təfsilata hacət yoxdur.
Biz də ona görə Moskvadan şübhələndik ki, şimal elinin təhlükəli xidmətləri belə şeylərdə pərgardırlar. Bizi son 35 ildə elə o sayda ilan vurub deyə artıq ala çatıdan qorxuruq və təhlükə vəd edən yeri tanıyırıq.
Bu xüsusda bir olmuş əhvalat var. Ölkəmizin aran rayonlarından birində Bəyəndik adlı bir kişinin fıştırıq səsinə allergiyası varmış. Həmkəndliləri onun bu zəif damarını bildiklərindən kişi kəndin ortasıyla getdiyi yerdə çəpər dalından, hasar arxasından fıştırıq çalıb onu cırnadırmışlar, o da yaxalaya bildiyi şəxslərlə davaya çıxırmış. Bir gün elə olur ki, Bəyəndik Bakıya gəlir, qohumları ilə küçədə getdikləri vaxt kimsə arxadan fıştırıq çalır və bu səsə təhəmmülü olmayan kişi dönüb yapışır fıştırıq çalan adamın xirtdəyindən. Harayçılar araya girir, qohumları ona deyir ki, a Bəyəndik, səni burada tanıyan yoxdur axı, səninlə məzələnmək üçün fıştırıq çalalar, təsadüfi fıştırıqdır. Adam hirsli-hirsli deyir, yooox, mən fıştırığımı tanıyıram.
İndi o kişinin sözü olmasın, biz də fıştırığımızı tanıyırıq. Bilirik ki, belə kəsintilər, pozuntular durduq yerdə olmur.
Məsələn, bu günlərdə böyük elektrik kəsintisi olsa, yenə Rusiyadan şübhələrdik. Hansısa terminalda partlayış və yanğın baş versə, heç kimi inandıra bilməzsən ki, bunu Rusiya etməyib. Suda gəmimiz batsa - əlbəttə, Moskvanın işdir. Göydə təyyarəmizə bir şey olsa, qənaət yekdir: “Bu təyyarəni də Rusiya vurdu”.
Oxumuş adamlar belə durumlarda ağıllı-ağıllı deyirlər, bu paranoyadır, təqibolunma maniyasına mübtəla olmaqdır.
Ancaq bu durumu izah edən daha bir lətifə də var. Ana şeytan balası ilə yol qırağənda, kol dalında durubmuş. Yol ilə eşşəyinin belində yük aparan kişi gəlib onların tuşuna çatanda eşşək qəfildən soncuqlayır, belindəki yükü yerə atır. Kişi hirslənir, deyir: “Lənət sənə, kor şeytan!”
Şeytanın balası deyir, ana, bax, o kişi paranoikdir (bu sözü lətifəyə özüm artırdım – müəllif), biz burada durmuşuq, heç nə etmirik, amma kişi bizi lənətləyir.
Ana şeytan gülür, deyir, mənim balam, kişi haqsız deyil, mənim barmağım eşşəyin quyruğunun altına olmasa, o, soncuqlayardımı?
Məsələ budur: Rusiyanın barmağı knopka sıxmasa texnogen qəzalar baş verməz.
Bax, prezidentlər Vaşinqtonda saziş imzaladıqları qələmləri ciblərinə qoyub gələndən bəri müşahidəçilər və ekspertlər, eləcə də politoloqlar və təhlilçilər deyirdilər ki, Rusiya nəsə edəcək, o, Vaşinqton haqq-hesabını cavabsız qoyan deyil. Üstündən 1 həftə keçmədi, SOCAR-ın Ukraynadakı terminalına rus raketi dəydi.
Hər gün Rusiya boyunca nə qədər azərbaycanlının saxlandığı xəbəri gəlir. Deməli, Moskvadan onlara barmaq tuşlayıblar.
Yəni biz durduğumuz yerdə Moskvadan bədgüman olmuruq, təcrübədən çıxış edirik. Həm də bir biz deyilik, bütün Avrasiya belə hallarda Rusiyadan şübhələnir. Ona görə də şeytanın balaları sabah bizi paranoiklikdə ittiham etsələr, bilin ki, “mama”larının barmağından xəbərləri yoxdur.
23 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ