Onlayn ictimai-siyasi qəzet
Uğurlu baş direktorların ən çox vurğulanan xüsusiyyətləri güclü liderlik, strateji düşüncə və təsirli ünsiyyət bacarıqlarıdır. Lakin alimlərin son araşdırmaları göstərir ki, bu stereotiplərdən fərqli olaraq, gözlənilməz bir amil də böyük uğurların arxasında dayana bilər: solaxaylıq.
Stiv Cobs, Bill Qeyts və Mark Zukerberq kimi texnologiya nəhəngləri illərdir biznes dünyasında öz uğurları ilə diqqət çəkirlər. Donald G. Kostello Biznes Məktəbinin mütəxəssislərinin apardığı araşdırmaya görə, bu uğurların arxasında çox vaxt nəzərə alınmayan bir fiziki xüsusiyyət - sol əl üstünlüyü dayanır. Araşdırmada 472 şirkətdən minlərlə baş direktorun məlumatları təhlil olunub və məlum olub ki, solaxay rəhbərlər daha çox innovasiya edir, unikal patentlər təqdim edir və maliyyə baxımından daha yüksək gəlir əldə edirlər.
Dünyada solaxaylar hərəkatının vüsət almasının maraqlı tarixçəsi var. 1980-ci ildə ABŞ-ın Missuri ştatından olan polis əməkdaşı Franklin Uinborn qoburu (tapança qabını) sol tərəfində daşıdığından rəhbərlik onu işdən çıxarıb. F.Uinborn solaxay olduğundan qoburu kəmərinin sol tərəfindən asırdı, halbuki nizamnaməyə görə o, tapança qabını sağ tərəfində daşımalı idi. O zaman polis işçisinin məhz solaxay olmasına görə işdən çıxarılması Amerikada ciddi əks-səda doğurub. Amerikalı solaxaylar F.Uinbornun müdafiəsi ilə bağlı mitinqlərə başlayandan sonra məhkəmə adıçəkilən polis əməkdaşının öz işinə bərpa edilməsinə dair qərar çıxarmağa məcbur olub.
Solaxaylığın xəstəlik olduğunu düşünənlər də var. Psixoloqlar deyir ki, solaxaylıq anadangəlmə olur, onu sonradan qazanılmış vərdiş adlandırmaq düzgün deyil.
Bəzi mütəxəssislər isə solaxaylığı beynin quruluşundan asılı olaraq, irsən keçən psixi hərəkət hesab edirlər. Hətta kral ailəsində II Yelizaveta, şahzadə Çarlz və şahzadə Uilyam solaxaylar sayılır. Maraqlısı odur ki, solaxaylar suyun altında daha yaxşı görə bilirlər. Ekstrasenslərin çoxu solaxaylardır. Psixoloqların hesablamalarına görə, solaxaylar arasında istedadlı insanlar 20 faiz, sağ vərdişlilərdə isə 5 faizdir.
Dünyada solaxay məşhurlar çoxdur. Buna misal olaraq Janna d,Ark, Lyuis Kerroll, Nikolay Leskov, Leonardo da Vinçi, Merilin Monro, Albert Eynşteyn, Bryus Uillis, Bill Qeyts, Yuli Sezar, Mikelancelo, Pol Makkartni, Mark Tven, Bethoven, Sergey Raxmaninov, Robert De Nironu göstərmək olar.
Məşhur siyasətçilər Yuli Sezar, Makedoniyalı İsgəndər, Napoleon Bonapart, Uinston Çörçill da solaxay olublar. Amerikanın keçmiş prezidentləri Ronald Reyqan, ata Corc Buş, Bill Klinton, Barak Obama da solaxay siyasətçilər sırasına daxildirlər.
Rusiya Prezidenti Vladimir Putin solaxay liderlər sırasında göstərilir. Putinin solaxay olduğunu gizlətməyə çalışdığı barədə də məlumatlar var.
Emil Salamoğlu: “Solaxaylığım ucbatından meyvəni bıçaqla soymağı bacarmıram”
“Yeni Müsavat” qəzetinin redaktoru Emil Salamoğlu da solaxaydır. Bununla bağlı o, qəzetə danışıb: “Əvvəla, biz hamı kimi deyilik. Çünki solaxaylarda beynin sağ yarımkürəsi fəal işləyir. Yəni sağ əllə yazan, işləyən adamlarda beynin sol yarımkürəsi işləyir, bizdə əksinə. Mən birinci sinifdə oxuyanda müəllim məcbur edirdi ki, sağ əllə yazmağı öyrənim, amma bacarmırdım və əsəbləşirdim. Sonra həkim qəbulunda olduq, dedi ki, müəllim məni məcbur etməsin, gələcəkdə əsəbi birinə çevrilə bilərəm. Valideynlərim həkimin sözlərini müəllimə çatdırdı.
Sadəcə, məndə solaxaylıq təkcə sol əllə yazmaqla məhdudlaşmır. Futbolu da sol ayaqla oynamışam, az-çox fiziki güc daha çox sol tərəfdədir. Belə desək, sağ əli “şikəst” də saymaq olar. Çünki onunla az iş görə bilirəm. Məsələn, solaxaylığım ucbatından hətta meyvəni bıçaqla soymağı bacarmıram".
E.Salamoğlunun sözlərinə görə, solaxaylıq həm də genlə gəlir: “Babam da, atam da solaxay olublar. Amma məndən fərqli olaraq, sağ əllə də iş görə biliblər. Ümumən, alimlər sübut edirlər ki, solaxay insanların beyninin sağ yarımkürəsi aktiv çalışır deyə başqalarından fərqlənirlər, hansı peşənin sahibi olsalar, orada uğur qazanırlar, təşəbbüskar, qabaqcıl olurlar. Təbii ki, solaxay, amma xüsusi istedadı olmayanlar da var. Amma solaxay uşaqlar məktəbli dövründən artıq digərlərindən seçilirlər. Yəni beynin sağ yarımkürəsi sürətli düşünür və qərarları çevik verir”.
Solaxay jurnalist hesab edir ki, boksda, digər döyüş növlərində solaxay idmançılar daha tez uğur qazanır, bunun da səbəbi məlumdur: “Eləcə də sol ayaqla vura bilən futbolçular rəqibi çaşdıra, aldada bilir. Yəni övladınız solaxaydırsa, burada mənfi heç bir hal axtarmayın. Əksinə, dünyanın məşhur, şöhrət qazanmış solaxay adamlarına baxıb uşağınız barədə daha da pozitiv düşünə bilərsiniz. Üstəlik, solaxay olmaq gündəlik həyatda hər hansı çətinlik yaratmır. Əksinə, psixoloqlar da xəbərdarlıq edir ki, uşağı zorla sağ ələ keçirəndə nevroz ola bilər. Bundan əlavə, alimlərə görə, solaxaylar oxuma-yazma texnikasında, ədəbiyyatda, incəsənətdə və biznes mühitində bacarıqlı olurlar”.
Həmid Herisçi: “İngilis konservativ cəmiyyəti solaxaylığa çox mənfi yanaşır”
Yazıçı-publisist Həmid Herisçi də solaxaydur. Hətta “Solaxay” romanının müəllifidir: “Solaxaylar bədənin hər iki hissəsini - həm sağı, həm də solu işlətmək xüsusiyyətinə malikdirlər. Buna ambidekstriya deyirlər. İnsan təkcə bir hissəni istifadə edəndə ölüvay olur. İflic xəstəliklərinin yayılmağı da bununla bağlıdır. Çünki təkcə bir hissəni istifadə edəndə bədən gücə düşür. Romanımda da qeyd etmişəm ki, ideal insan hər iki beyin yarımkürəsini, həmçinin həm sağ, həm də sol əllərini eyni anda istifadə etməlidir. Bu, Təbriz fədai məktəbində ən çox işlədilən fənd olub. Adətən düşmənə soldan zərbə endirilirdi. Fədailərin əksəriyyəti solaxay idi. Onları solxaylıqlarına görə tanıyırdılar. Onlar düşməni sağ hərəkətlə aldadıb, soldan zərbə vururdular. Bəzi cəmiyyətlərdə, o cümlədən ingilis konservativ cəmiyyəti solaxaylığa çox mənfi yanaşır”.
Yazıçı deyir ki, solaxaylıqla əlaqədar özündə öncəgörmələr hiss edir: “Yenilikçilik, gələcəyə açıq olmaq, futiristika - bunlar solaxaylıqla bağlıdır. Bəzən solaxayları sağ əllə yazmağa məcbur edirlər. Bu, zülmdür. Bildiyimə görə, hazırda əksər uşaq məktəblərində, xüsusən Amerikada və Qərb ölkələrində iki əllə yazmaq qabiliyyəti inkişaf etdirilir. İkiəlli uşaqlar gələcəyin uşaqlarıdır. Gələcəkdə bütün insanlar belə olacaq. Ən uğurlu idmançılar və əsgərlər həmişə solaxaylar olurlar. Orduda da sol addım əsasdır...”
Şahanə RƏHİMLİ,
“Yeni Müsavat”
09 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ