Onlayn ictimai-siyasi qəzet
Səhiyyə Nazirliyi işğaldan azad olunan ərazilərdə "Böyük Qayıdış” Proqramı çərçivəsində əhali arasında kompleks tibbi müayinələr, eyni zamanda sağlamlığın təşviqi ilə bağlı maarifləndirici aksiyaların keçirilməsini davam etdirir.
Musavat.com xəbər verir ki, nazirliyin təşkilatçılığı ilə keçirilən növbəti belə tədbir iyunun 11-12-si baş tutub. Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun həkim heyəti, o cümlədən artroloq, nevroloq, qastroenteroloq, dermatoveneroloq, fizioterapevt-reabilitoloq və tibb bacıları tərəfindən Xankəndi şəhəri və Xocalı rayonunda əhali üçün səyyar müayinələr keçirilib.
İkigünlük aksiya çərçivəsində Elmi-Tədqiqat İnstitutunun mütəxəssis briqadası tibbi reabilitasiyanın müxtəlif istiqamətləri - nevroloji, artroloji, qastroenteroloji və fizioterapevtik müayinələri keçirib. Eyni zamanda, nevroloqlar tərəfindən EMQ (Elektromioqrafiya) və EEQ (Elektroensefaloqrafiya) müayinələri aparılıb. Bundan əlavə, müayinələr zamanı səhhətində problem aşkarlanan sakinlərə peşəkar tibbi məsləhətlər verilib və müvafiq müalicələr təyin olunub.
Orta yaşlı əhalidə onurğa, sinir, dayaq-hərəkət, mədə-bağırsaq, dəri-zöhrəvi, həmçinin ümumi serebrovaskulyar xəstəliklərin aşkar edilməsi, 3-16, 16-65 yaş əhali arasında skolioz və digər vertebrogen problemlərin diaqnostika və bərpası üzrə müayinələr aparılıb.
Aksiya iştirakçılarına İnstitutun fizioterapevt və reabilitoloqlar tərəfindən profilaktik tövsiyələr verilib. Bildirilib ki, fizioterapiya zamanı yaş, əsas və yanaşı gedən xəstəliklər və həyat fəaliyyəti nəzərə alınmalıdır. Eyni zamanda, medikamentoz terapiya ilə yanaşı, fizioterapiyanın həm təbii, həm də süni fiziki faktorlarını fərdi olaraq təyin etməklə, sağlamlığın erkən əldə olunmasına köməklik etdiyi diqqətə çatdırılıb.
Aksiya zamanı 200-ə yaxın vətəndaş müayinələrdən keçirilib.
Tədbirin çərçivəsində ETKİ tərəfindən Xankəndi şəhərində yerləşən Qarabağ Universitetində tələbələr üçün maarifləndirmə və müayinə aksiyası keçirilib. Aksiya iştirakçılarına İnstitutun fizioterapevt və reabilitoloqlar tərəfindən profilaktik tövsiyələr verilib. Bildirilib ki, fizioterapiya zamanı yaş, əsas və yanaşı gedən xəstəliklər və həyat fəaliyyəti nəzərə alınmalıdır. Eyni zamanda, medikamentoz terapiya ilə yanaşı, fizioterapiyanın həm təbii, həm də süni fiziki faktorlarını fərdi olaraq təyin etməklə, sağlamlığın erkən əldə olunmasına köməklik etdiyi diqqətə çatdırılıb.
Qeyd edək ki, Səhiyyə Nazirliyi tərəfindən işğaldan azad olunan digər ərazilərdə də davamlı olaraq maarifləndirici tədbirlərin və müayinə aksiyalarının keçirilməsi nəzərdə tutulub.
13 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ