Onlayn ictimai-siyasi qəzet
Mayın 9-u II dünya savaşında, sovet-alman müharibəsində nasizm üzərində qələbənin 80-ci ildönümüdür. 1945-ci il mayın 8-dən 9-na keçən gecə alman generalı Vilhelm Keytel təslimçilik aktı imzalayıb, bununla da uzun müddət davam edən qanlı döyüşlər başa çatıb.
Bu müharibə bəşəriyyət tarixində ən faciəli hadisələrdən biri olub. O, hər bir ailənin taleyində silinməz iz buraxaraq milyonlarla insanın həyatına toxunub.
1945-ci il mayın 9-da keçirilən ilk qələbə bayramı genişmiqyaslı tədbir olub. 1947-ci ilə qədər 9 may qeyri-iş günü olub, konsertlər və atəşfəşanlıqla müşayiət olunub. Lakin sonra qələbə gününün qeyd edilməsi ləğv edilib və 17 il ərzində həftənin adi iş gününə çevrilib.
Hitlerin ağlasığmaz planı
Sovet tərəfinin iddiasına görə, Hitler və onun ətrafı SSRİ üzərində qələbədən sonra təkcə işğalın birinci ilində onun ərazisində 30 milyon insanı məhv etməyi planlaşdırıb. Nasistlər bunu kütləvi aclıq yolu reallaşdırmaq istəyib. Şimal bölgələri ölkənin cənub bölgələrindən ərzaq ala bilməcəyəkdi və ərzağın hamısı Qərbə göndəriləcəkdi. Bundan başqa, plana görə, Moskva və Leninqrad tamamilə yer üzündən silinməli, üzərində yeni şəhər salınmalı idi. Sonra SSRİ-nin ərazisində yaşayan xalqlar tədricən alman əhalisi əvəz ediləcək, sağ qalanlar isə qul olacaqdı.
Bir günə 1200 qırıcı, 4 ilə 26 milyon ölü
İyunun 22-də səhər saat 4-də Hitler Almaniyasının qoşunları Sovet İttifaqına hücum edib və 1418 gün və gecə davam edən müharibə başlayıb. Döyüşün ilk günündə nasistlər 1200 sovet təyyarəsini məhv ediblər, onlardan 800-dən çoxu aerodromlarda olub.
Müharibə illərində 34 milyon 476 min 700 sovet hərbi qulluqçusu hərbi əməliyyatlarda iştirak edib. Ümumilikdə SSRİ müharibədə 26 milyon 600 min vətəndaşını itirib. Müharibə qurbanlarının 13,7 milyonu dinc sakinlər (221 mini uşaq) olub. Onlardan 7,4 milyonu işğalçılar tərəfindən qəsdən öldürülüb, o cümlədən, 2,2 milyonu Almaniyada iş yerində, 4,1 milyonu isə işğal altında aclıqdan dünyasının dəyişib.
Müharibənin ən uzun döyüşü 1941-ci il iyulun 10-dan 1944-cü il avqustun 9-dək baş vermiş “Leninqrad uğrunda döyüş” olub. Leninqradın mühasirəsi 878 gün davam edib. Onun qurbanlarının sayı ABŞ və Böyük Britaniyanın bütün II dünya müharibəsi zamanı verdikləri itkidən çoxdur. Təkcə Leninqradda ən azı 800 min insan aclıqdan ölüb.
Almaniya ən böyük itkilərini SSRİ-yə qarşı müharibə zamanı verib. 1941-ci ilin yayında 742 min alman əsgəri həlak olduğu halda, Almaniya Polşa, Fransa, İngiltərə, Norveç, Belçika, Niderland, Danimarka və Balkan ölkələri ilə müharibədə nasistlər 418 805 əsgər itirib. Bəşər tarixində hətta “Ginnesin Rekordlar Kitabı”na düşmüş ən böyükmiqyaslı döyüş “Berlinə hücum əməliyyatı”dır. Döyüşdə hər iki tərəfdən 3,5 milyona yaxın insan, 52 min top və minaatan, 7750 tank və 11 min təyyarə iştirak edib.
80 min zabit qadın
1941-45 müharibəsində qadınların döyüş meydanında rolu böyük olub. Müharibə illərində bir milyona qədər qadın əlində silahla cəbhədə vuruşub, onlardan 80 mini zabit olub. Qadın könüllülərdən aviasiya alayları, atıcı və kəşfiyyat briqadaları, dənizçilərdən ibarət qadın dəstəsi yaradılıb.
Ən yaxşı qadın snayper Lyudmila Pavliçenko olub. O, almanların 309 əsgər və zabitini məhv edib. Qadın pilot Lidiya Litvyak isə 168 dəfə havaya qalxıb və 12 şəxsi qələbə qazanıb. Digər qadın Mariya Oktyabrskaya tank alıb döyüşlərdə iştirak edib, Yekaterina Dyomina buzlu suda əsgərləri ilə birlikdə almanların əks hücumlarını dayandırıb.
60 min it və 350 hərbi dəvə
Müharibə dövründə 60 mindən çox it müxtəlif cəbhələrdə xidmət etib, düşmən qatarlarını məhv ediblər, 300-dən çox zirehli texnikanı partladıblar və 200-dən çox məlumatı çatıdırblar. İstehkamçı itlər 300-dən çox məskunlaşan ərazidən minaların təmizlənməsinə kömək ediblər.
Bu, müharibə tarixində nadir hallarda qeyd olunub, lakin Stalinqrad döyüşləri zamanı Həştərxanda yaradılmış 28-ci sovet ehtiyat ordusu nəqliyyat silahlarını kamuflyaj etmək üçün dəvələrdən istifadə edib. Sovet əsgərləri nəqliyyat vasitələrinin və atların kəskin çatışmazlığı səbəbindən vəhşi heyvanları tutub əhliləşdirməli olublar.
SSRİ ilə Almaniya arasında formal müharibə
Qələbədən sonra on il ərzində Sovet İttifaqı Almaniya ilə formal olaraq müharibə vəziyyətində olub. Faşist komandanlığının təslim olmasını qəbul edən SSRİ düşmənlə sülh müqaviləsi imzalamamaq qərarına gəlib və bununla da Almaniya ilə müharibə vəziyyətində qalıb. Yalnız 25 yanvar 1955-ci ildə SSRİ Ali Sovetinin Rəyasət Heyəti “Sovet İttifaqı ilə Almaniya arasında müharibə vəziyyətinə son qoyulması haqqında” fərman verib.
11 ölkənin azad olunması
11 Avropa ölkəsinin azad edilməsində 9 milyona yaxın sovet əsgəri iştirak edib. Polşada - 600,212 nəfər, Çexoslovakiyada - 139,918 nəfər, Macarıstanda - 140,004 nəfər, Almaniyada - 101,961 nəfər, Rumıniyada - 68,993 nəfər, Avstriya – 26006 nəfər, Yuqoslaviyada – 7995 nəfər, Norveç – 3436 nəfər, Bolqarıstanda – 977 nəfər həlak olub. Ümumilikdə, qırmızı ordunun Avropanın azad edilməsi zamanı itkiləri təxminən 1 milyon hərbçi təşkil edib. Müharibədə döyüşmüş hər beşinci şəxs mükafata layiq görülüb. Ümumilikdə 11681 hərbçi Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 2532 nəfər isə “Şöhrət” ordeni ilə təltif edilib.
Bu arada müharibə Sovet İttifaqına 2,5 trilyon rubldan çox maddi ziyan vurub. Bu, SSRİ-nin milli sərvətinin təxminən 30%-ni təşkil edib. Müharibə zamanı 1710 şəhər və şəhər tipli qəsəbə, 70 mindən çox kənd və oba dağıdılıb. Bundan başqa, 31850 fabrik, zavod və digər sənaye müəssisəsi, 1876 sovxoz və 98 min kolxoz, 2890 maşın-traktor stansiyası tamamilə və ya qismən dağıdılıb, talan edilib.
Azərbaycan xalqının qəhramanlığı
Azərbaycan xalqı həmin illərdə həm ön, həm də arxa cəbhədə çox böyük qəhrəmanlıq göstərib. Qısa müddətdə ölkəmizdə 87 qırıcı batalyon, 1124 özünümüdafiə dəstəsi yaradılıb. 1941–1945-ci illərdə Azərbaycanın 700 mindən çox vətəndaşı cəbhəyə yollanıb. Qafqazdan Berlinə qədər döyüşən azərbaycanılıların ancaq yarısı vətənlərinə dönüb.
Azərbaycandan olan 170 min əsgər və zabit keçmiş SSRİ-nin müxtəlif orden və medalları ilə təltif olunub. Onların arasında iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov, Sovet İttifaqı qəhrəmanları İsrafil Məmmədov, Aslan Vəzirov, Adil Quliyev, Ziya Bünyadov, Gəray Əsədov, Məlik Məhərrəmov, Mehdi Hüseynzadə, generallar Mahmud Əbilov, Akim Abbasov, Tərlan Əliyarbəyov, Hacıbaba Zeynalov və bir çox başqaları var. Akademik Yusif Məmmədəliyevin rəhbərliyi altında aviasiya benzini alınmasının yeni texnologiyası yaradılıb. Bundan başqa, 1941-ci ildə 23,5 milyon ton “qara qızıl” çıxarılıb. Bu, keçmiş ittifaqda çıxarılan bütün neftin 71,4 faizini təşkil edib.
İlkin Nəcəf, xüsusi olaraq Musavat.com üçün
09 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ