Onlayn ictimai-siyasi qəzet
1947-ci il aprelin sonunda general-leytenant Naftali Frenkel səhhətinə görə vəzifəsindən azad edilib. Sovet dövrünün ən qeyri-adi simalarından birinin karyerası beləcə başa çatıb. Vaxtilə Solovkidə on il həbs cəzası çəkən keçmiş qaçaqmalçı və dələduz tikanlı məftillərin o tayında özünə parlaq karyera qurmaqla yanaşı, bütün düşərgə sisteminin liderlərindən birinə çevrilib, general rütbəsinə qədər yüksəlib və yüksək mükafatlara layiq görülüb.
Frenkelin tərcümeyi-halında hələ də çoxlu boş yerlər mövcuddur. Versiyalardan birinə görə, o, SSRİ-yə gələndən sonra Türkiyə üçün casusluq etdiyinə görə dəmir barmaqlıqlar arxasına düşmüş macar iş adamı olub. Başqa bir versiyaya görə, o, meşə güzəştlərini inkişaf etdirməyə gələn avstriyalıdır.
Əksər tədqiqatçılar hesab edir ki, Frenkel əslində 1883-cü ildə Odessada ağac taciri ailəsində anadan olub. 15 yaşından tikinti şirkətlərində çalışıb və işəgötürənin hesabına Almaniyaya təhsil almağa gedib. İnqilab zamanı Frenkel geniş əlaqələri olan çox görkəmli bir ağac taciri olub. Qanuni fəaliyyətlə yanaşı, o, qeyri-qanuni işlərlə - cənub limanlarında çiçəklənən qaçaqmalçılıqla da məşğul olub. Frenkel həmişə gələcəyi düşünüb. Odessada məşhur cinayətkar Yaponçiklə tanış olub və biznesini genişləndirmək üçün onunla əməkdaşlıq etməyə başlayıb. Lakin Frenkel quldurdan üstün ola bilməyib və öz biznesindəki payından imtina etməli olub.
Vətəndaş müharibəsi başa çatdıqdan sonra Frenkel Konstantinopola (İstanbul) köçüb və SSRİ-də yeni iqtisadi siyasət elan olunduqdan sonra geri qayıdıb. Lakin bir müddət sonra Frenkel həbs olunub. Üstəlik, çekistlərə qarşı dələduzluq etdiyinə görə saxlanılıb. Lakin onu təkcə külli miqdarda valyutanı mənimsəməkdə deyil, həm də bu pulla Odessaya qaçaqmalçılıq təşkil etməkdə ittiham ediblər. Nəticədə o, 10 il müddətinə azadlıqdan məhrum edilib.
Frenkel Solovkiyə 1924-cü ildə, sovet penitensiar sistemi bir növ yol ayrıcında olanda gəlib. O dövrdə məşhur fikir belə idi ki, cinayət kapitalist bərabərsizliyindən qaynaqlanır və sosialist cəmiyyətində labüd olaraq məhv olacaq. Həmin dövrdə həbsxanalar Xalq Ədliyyə Komissarlığının, sonra isə Daxili İşlər İdarəsinin tabeliyində olub. 1925-ci ildə siyasi məhbuslar Solovkidən çıxarılıb və düşərgənin yeni rəhbəri Fyodor Eyxmans olub. Məhkum Frenkelin sonrakı yüksəlişi onunla bağlıdır.
O, asanlıqla düşərgənin təsərrüfat şöbəsinə daxil olub və özünü meşədə ağır işdən qoruyub. 1926-cı ildə yeni bir məhbus dəstəsinin gəlməsi ilə düşərgədə tif epidemiyası başlayıb. Bununla mübarizə aparmaq üçün düşərgədə gigiyenanı yaxşılaşdırmaq və yeni hamam tikmək qərarına gəliblər. Ancaq bütün hesablamalara görə, onun tikintisi iki-üç həftə çəkib.
Bu an Frenkel ağlını işə salıb və şöbə müdirinə qeyd yazıb. Orada o, cəmi 24 saat ərzində yeni hamam tikəcəyini vəd edib - bir şərtlə ki, işin rəhbəri olmağa və məhbusları özü seçməyə icazə verilsin. İşçiləri “balta” ilə (bütün məhbusları dəhşətə gətirən cəza kamerası) hədələyən, əlavə olaraq ət yeməkləri (düşərgədə əsas yemək çörək idi) və spirtli içkilərlə həvəsləndirən Frenkel düşərgə rəisi Eyxmanın diqqətini çəkən işi bir gündə bitirə bilib.
Daha böyük səlahiyyət alan Frenkelin məqsədi yeni əmək sistemi yaratmaq olub. Ərzaq rasionu indi qəti şəkildə əmək məhsuldarlığına bağlı olub. Normadan artıq olanlar artırılmış, normanı yerinə yetirənlər adi rasionla, normanı yerinə yetirməyənlər isə cərimələniblər. Şərti azadlığa buraxılması da məhbusun davranışından deyil, onun nə qədər yaxşı işləməsindən asılı olub. Qohumlardan bağlamaların qəbulu 25 rublla məhdudlaşdırılıb. Lakin bunlar da nağd şəkildə verilməyib, yalnız plan yerinə yetirildikdən sonra istifadə edilə bilən xüsusi hesaba köçürülüb. Frenkel özü Kem şəhərinə köçüb, buradan mülki sənayeçilərlə əlaqə qurub və onlar üçün Solovetski məhbuslarını işlədib.
Frenkelizmin ilk ili “SLON” zərərli düşərgədən firavan düşərgəyə çevirilib və təxminən beş milyon rubl qazanc əldə edib. Məhkumların yemək üçün işlədiyini və məhsullarının rubla satıldığını nəzərə alsaq, bu təəccübliü olmayıb. Odur ki, bir çox müasir tədqiqatçılar Frenkeli “QULaq”ın əsl yaradıcısı hesab ediblər.
Belə bir əfsanə də var ki, Stalin Frenkelin təcrübələrindən xəbər tutaraq onun üçün təyyarə göndərib və onu Solovkidən birbaşa Kremlə gətirib. Aydındır ki, bu bir mifdir. Frenkel o vaxt baş katiblə görüşmək üçün çox kiçik insan olub. Buna baxmayaraq, azadlığa çıxandan az sonra o, həqiqətən də Ağ dəniz-Baltik kanalının tikintisində yüksək vəzifə tutub. Naftali Frenkel köhnə düşərgədə artıq təşkilatçı və idarəçi kimi tanındığından o, rəis vəzifəsinə təyin olunub. Qeyd edək ki, Frenkel tikinti sahəsində yüksək vəzifə tutan yeganə məhbus olmayıb. Baş mühəndis Xrustalyov və onun iki müavini şərti azadlığa buraxılıb və sonra isə amnistiyaya düşüblər. Lakin onların arasında həbsdən çıxan və “Lenin” ordeni ilə təltif edilən təkcə Frenkel olub.
Daha sonra ona Baykal-Amur dəmir yolunun tikintisi tapşırılıb. 1930-cu illərin sonunda Frenkelin sərəncamında bütöv bir həbsxana imperiyası olub. Bir neçə il ərzində onun tikinti sahələrindən 300.000 məhbus keçib. Repressiyaların başlaması Frenkelin narahatlığına səbəb olub. Birincisi, o, öz şübhəli keçmişindən yana əndişələnib. İkincisi, NKVD-də başlanan təmizləmədə, demək olar ki, onun bütün keçmiş rəhbərləri, yoldaşları, himayədarları sıradan çıxarılıb. Bununla belə, Frenkel özü nəinki sağ qalıb, hətta məşhurlaşıb. 1940-cı ildə o, Dəmir Yolu Tikinti Düşərgələri Baş İdarəsinin yaradılması üçün lobbiçilik edib.
Daha aydın olması üçün qeyd edək ki, NKVD-də ona yaxın baş idarə yaradılıb. “QULaq” onlardan yalnız biri olub. Beləliklə, komissarlığın ən güclü idarələrindən biri keçmiş məhbusun ixtiyarına verilib və onun nəzarətində təxminən 120 düşərgə, şöbə və məntəqə olub. Müharibədən sonra kadr dəyişikliyi başlayıb və yeni daxili işlər naziri, NKVD-nin keçmiş zabiti Sergey Kruqlov general-leytenant Frenkelini yazdığı şikayət əsasında 1947-ci il aprelin sonunda onu vəzifəsindən (sağlamlıq səbəbi ilə) azad edib.
13 il sonra 77 yaşlı fırıldaqçı, qaçaqmalçı və düşərgə sisteminin ən güclü liderlərindən biri Moskvadakı mənzilində sakitcə ölüb.
İlkin Nəcəf, xüsusi olaraq Musavat.com üçün
27 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ