Onlayn ictimai-siyasi qəzet
"Brüssel Pekindən Kremli dəstəkdən imtinasını tələb edib".
Bu barədə Musavat.com-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.
Politoloq qeyd edib ki, Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenin Avropa Parlamentinin Strasburqda keçirilən son sessiyası zamanı Çindən Rusiya ilə əməkdaşlığı məhdudlaşdırmağı tələbi birmənalı qarşılanmayıb:
"Avropa Komissiyasının rəhbərinin sözlərinə görə, Çinin Rusiya ilə qarşılıqlı əlaqələrini genişləndirməsi, Pekinin Kremlə artan dəstəyi Avropanın təhlükəsizliyinə ciddi təhdid yaradır. Maraqlıdır ki, Avropa Komissiyasının rəhbərinin Pekinin siyasətini tənqidi çıxışı Çin xarici işlər naziri Van İnin Avropa ölkələrinə səfərindən sonraya təsadüf edib. Van İ səfərinə Brüsseldən başlamış, Avropa İttifaqının rəhbərliyi ilə görüşmüşdü. Avropa Komissiyasının rəhbərinin Çinin ünvanına sərt tənqidi çıxışı göstərir ki, Van İnin Brüsselə səfərindən müsbət nəticə hasil olunmayıb.
Ursula fon der Lyayen Çinlə bağlı çıxışını Rusiya mövzusu ilə məhdudlaşdırmayıb. Avropa Komissiyasının rəhbəri Pekindən Çin sənayesinə dövlət dəstəyini məhdudlaşdırmağı tələb edib.
Brüsseldəkilər hesab edirlər ki, dövlət dəstəyi Avropa məhsullarına Çin məhsulları ilə ədalətli rəqabət aparmağa əsas əngəldir. Ursula fon der Lyayenin Pekindən bir başqa tələbi Çin bazarını Avropa məhsullarına açmaqdır. Brüssel bu məsələnin həllində də irəliləyiş əldə etməyib".
Politoloq bildirib ki, Avropa İttifaqı Çinlə ticarətdə balansa çalışsa da, buna nail ola bilmir:
"Pekin həmişəki kimi Brüsselin iradlarını rədd edib. Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Nin Çinin Rusiya ilə əməkdaşlığında üçüncü tərəfin müdaxiləsini qəbuledilməz adlandırıb. Çinli diplomat Çin-Rusiya əməkdaşlığının üçüncü dövlətlərə qarşı yönəlmədiyini bildirib. Pekindən bu cür qaçıqlamalar əvvəllər də səslənib. Ancaq Brüssel və Vaşinqton Pekinin Kremllə əməkdaşlığının üçüncü ölkələrə qarşı yönılmədiyi açıqlamasına inanmır.
Pekin Kremllə tərəfdaşlıqdan imtina etməyəcək. Əksinə, Çin və Rusiya üzv olduqları Şanxay Əməkdaşlıq Təşkilatını və BRİCS çərçivəsində də tərəfdaşlıqlarını gücləndiriblər".
Xalidə Gəray
Musavat.com
09 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ