İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd olunur

Azərbaycanda Müstəqillik Günü qeyd olunur

Bu gün – 28 May Azərbaycanda milli bayram – Müstəqillik Günü qeyd olunur.

Musavat.com xəbər verir ki, 1918-ci ilin məhz bu günü Azərbaycan Xalq Cümhuriyyəti (AXC) Tiflisdə yerləşən Qafqaz canişininin binasında elan olunub. Şərqdə ilk demokratik və dünyəvi respublika kimi tarixə düşən AXC-nin yaradılması Azərbaycan Milli Şurası tərəfindən bəyan edilib.

İstiqlal Bəyannaməsində qeyd olunurdu ki, Azərbaycan xalqı öz taleyinə sahib çıxaraq müstəqil dövlətini qurur, bu dövlətin idarə forması Xalq Cümhuriyyətidir və burada hər bir vətəndaşa – dini, milli və sosial mənsubiyyətindən asılı olmayaraq – bərabər hüquqlar verilir.

Bəyannamənin oxunduğu iclasa M.Ə.Rəsulzadə Osmanlı ilə danışıqlarda iştirak etdiyindən onun müavini Həsən bəy Ağayev sədrlik edib. İclasda AXC-nin ilk müvəqqəti hökuməti də təsdiqlənib. Hökumətə Fətəli xan Xoyski başçılıq edib.

Lakin həmin vaxt Bakı bolşevik-daşnak qüvvələrinin nəzarətində olduğundan, AXC müvəqqəti olaraq Gəncədə fəaliyyət göstərməyə başladı. 1918-ci il sentyabrın 15-də Qafqaz İslam Ordusunun dəstəyi ilə Bakı azad olundu və hökumət paytaxta köçdü.

1918-ci ilin dekabrında Azərbaycan parlamenti açıldı. Əlimərdan bəy Topçubaşov sədr, Həsən bəy Ağayev isə onun müavini seçildi. Topçubaşov Paris sülh konfransında olduğu üçün parlamentə faktiki olaraq H.Ağayev rəhbərlik edirdi.

AXC-nin fəaliyyəti dövründə parlamentdə 155 iclas keçirilib, 230-dan çox qanun layihəsi qəbul olunub. Cəmi 23 ay mövcud olsa da, AXC böyük nailiyyətlərə imza atdı: qadınlara seçki hüququ verildi, milli ordu və bank sistemi quruldu, milli valyuta buraxıldı, beynəlxalq tanınma təmin olundu.

Lakin 1920-ci il aprelin 28-də bolşeviklərin işğalı nəticəsində Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi.

Müstəqillik ideyası isə heç zaman itib-batmadı. 1991-ci ildə SSRİ-nin dağılması ilə Azərbaycan öz suverenliyini yenidən bərpa etdi.

2021-ci ildə qəbul edilən qanuna əsasən, 28 May tarixi artıq rəsmi olaraq Müstəqillik Günü adlanır və ölkədə qeyri-iş günü kimi qeyd olunur.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 May 2025

28 May 2025

BÜTÜN XƏBƏRLƏR