İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu gün Polad günüdür, ZƏFƏRİN başladığı gündür... VİDEO

Tovuz döyüşlərinin ildönümüdür. Vətən müharibəsinin ilk qığılcımının atıldığı həmin tarixi döyüşlərdən 5 il ötür.

2020-ci ilin 12 iyulundan başlayan döyüşlərdə 12 şəhid verdik. Həmin döyüşlərdə bütün Azərbaycanı ayağa qaldıran acı xəbəri adlığımız gün bu gündür. 14 iyul...

Düz 5 il əvvəl bu gün general-mayor Polad Həşimov və daha 11 hərbçimizin Tovuzun Ağdam kəndindəki Qaraqaya yüksəkliyində şəhid olduğu xəbərini aldıq.

2020-ci il iyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində mövqeləri ələ keçirmək məqsədi ilə atəşkəs rejimini pozdu.

İriçaplı pulemyotlardan, qumbaraatanlardan, snayper tüfənglərindən, minaatanlardan və digər artilleriya qurğularından istifadə etməklə mövqelərimiz atəşə tutulub, mövqelərimizə hücum edildi.

İyulun 17-nə qədər davam edən döyüşlər zamanı hücum cəhdinin qarşısı alındı, düşmənə sarsıdıcı zərbələr endirildi.

Azərbaycanın hərb tarixinə zəfər döyüşü kimi bu savaşda ordumuz düşmənin canlı qüvvəsini, çoxlu sayda hərbi texnikasını və mühüm obyektlərini məhv edərək onların geri çəkilməyə məcbur etdi.

POLAD EN SON.jpg (134 KB)

Döyüşlər zamanı general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev, mayor Namiq Əhmədov, mayor Anar Novruzov, baş leytenant Rəşad Mahmudov, gizir İlqar Zeynallı, gizir Yaşar Babayev, müddətdən artıq hərbi xidmət qulluqçuları - əsgər Elçin Mustafazadə, çavuş Vüqar Sadıqov, əsgər Nazim İsmayılov, baş əsgər Elşad Məmmədov və əsgər Xəyyam Daşdəmirov düşmənlə döyüşlərdə qəhrəmancasına şəhid oldular.

POLAD SON.jpeg (464 KB)

Prezident İlham Əliyevin sərəncamı ilə general-mayor Həşimov Polad İsrayıl oğluna və polkovnik Mirzəyev İlqar Anzor oğluna “Azərbaycanın Milli Qəhrəmanı” adı verildi.

Tovuz hadisələri zamanı həm paytaxt Bakıda, həm də bütün bölgələrdə insanlar küçələrə axışdı. Bakıda on minlərlə insanın iştirak etdiyi yürüyüşdə hər kəsin dilində bir şüar var idi: “Qisas”.

AXİS.jpeg (381 KB)

Minlərlə insan Bakıdan, bölgələrdən Tovuza yola düşmüşdü. Hər kəs generalının, şəhidlərinin qisasını almaq istəyirdi. Məhz bu qığılcım, bu qisas hissi cəmi iki ay sonra - 2020-ci ilin sentyabrında Vətən müharibəsinin başlamasına səbəb oldu. Qəhrəman Azərbaycan ordusu 44 günlük Vətən müharibəsində 30 ildən artıq düşmən işğalında olan Qarbağı azad etdi...

Sonda Tovuz döyüşlərinin başlandığı Qaraqaya məntəqəsindən 2021-ci ildə (Tovuz döyüşlərinin 1 ilinin tamamında - red.) hazırladığımız geniş videoreportajı təqdim edirik.

Reportajda Polad Həşimov və digər hərbçilərimizin şəhid olduğu döyüş meydanından görüntüləri izləyə bilərsiniz. Həmçinin şəhidlərimizin döyüş yoldaşlarının Tovuz hadisələri zamanı yaşananlarla bağlı açıqlamaları da bu reportajda yer alır.

İlkin Muradov
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Avqust 2025

14 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR