İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu nağdsız ödənişlər DAYANDIRILIR - RƏSMİ

Son illər ölkədə elektron ödənişlərin artması fonunda bir sıra sahibkarların müştəriləri POS-terminalla deyil, birbaşa kartdan karta köçürməyə yönəltməsi müşahidə olunur. Bu və ya digər səbəbdən pos-terminal təqdim edilmir. Bu da alıcıların haqlı narazılığına səbəb olur. 

Qanunvericiliyin tələblərinə əsasən, nağdsız ödənişlərin həyata keçirilməsi üçün hər bir ticarət müəssisəsində pos-terminal cihazları olmalıdır. Alış-verişin sonunda alıcıya pos-terminaldan çıxarışla yanaşı, nəzarət kassa aparatı çeki də təqdim edilməlidir. Bunlara əməl etməyənlər isə qanun qarşısında məsuliyyət daşıyır.

Bəs pos-terminal təqdim etməyən obyektlərin cəriməsi nə qədərdir və bu kimi hallar niyə səngimir?

Məsələ ilə bağlı bank məsələləri üzrə ekspert Əkrəm Həsənov News24.az-a açıqlamasında bu halın vergi öhdəliklərindən yayınmaq məqsədi daşıdığını bildirib.

"Kartdan karta ödənişlər qanuni olaraq nəzarətə alınmadığı üçün bəzi sahibkarlar bu boşluqdan sui-istifadə edir. POS-terminalla ödəniş edən zaman siz sahibkarın hesabına pul ödəyirsiniz, həmin məbləğ isə avtomatik olaraq vergiyə cəlb olunur. Lakin kartdan karta köçürmə zamanı heç bir vergi tutulmur. Hesab edin ki, hər hansı bir dostunuzun kart hesabına pul köçürürsünüz. Bu zaman vergi və ya hər hansı bir faiz tutulmasından söhbət gedə bilməz”.

Əkrəm Həsənov bu praktikanın əslində nağd ödənişin rəqəmsal formasına bənzədiyini vurğulayıb:

“Bu ona bənzəyir ki, siz ödənişi nağd şəkildə edirsiniz, amma çek almırsınız. Bu isə nə müştəri hüquqlarını qoruyur, nə də dövlətə vergi şəklində daxilolmaların təmin olunmasına kömək edir. Bu cür halların qarşısını almaq üçün həm hüquqi mexanizmlər gücləndirilməli, həm də ictimai maarifləndirmə aparılmalıdır. Onun fikrincə, müştərilər də bu cür hallarda çeki tələb etməli və ödənişi rəsmi yollarla həyata keçirməlidir".

Məsələ ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən isə News24.az-a bildirildi ki, nağdsız vəsaitin qəbul edilməsi yalnız POS-terminal vasitəsilə həyata keçirilməli, bu zaman vətəndaşlara POS-terminalın qəbzi ilə yanaşı nəzarət-kassa aparatının çeki də təqdim edilməlidir:

“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanuna uyğun olaraq POS-terminalların quraşdırılması, “Elektron ticarət haqqında” Qanuna əsasən isə istehlakçıların elektron ödəniş etmək imkanını təmin etmək vergi ödəyicilərinin birbaşa vəzifələrinə aiddir".

Qeyd olunub ki, POS-terminal quraşdırılması məcburi olan obyektlərdə bu hallara nəzarət və nağdsız ödənişlərin qəbulundan imtina hallarının müəyyən edilməsi ilə bağlı operativ vergi nəzarəti tədbiri keçirmək vergi orqanının hüquqlarına aid edilib:

"POS-terminal quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmamasına və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə görə təqvim ili ərzində belə hallara 1-ci dəfə yol verildikdə 1 000 manat, 2-ci dəfə yol verildikdə 3 000 manat, üç və daha çox dəfə yol verildikdə isə 6 000 manat maliyyə sanksiyaları tətbiq olunur", - deyə məlumatda bildirilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR