Onlayn ictimai-siyasi qəzet
Rusiya Prezidenti Vladimir Putinin oktyabrın 10-da Tacikistana səfər edəcəyi gözlənilir. Putinin Düşənbə səfəri çərçivəsində həm MDB dövlət başçılarının sammiti, həm də “Rusiya-Mərkəzi Asiya” görüşü keçiriləcək. Məlumata görə, səfər zamanı mühüm açıqlama gözlənilir. “Nezavisimaya qazeta” yazır ki, Tacikistan Prezidenti Emoməli Rəhmon həmin gün ölkəsinin Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzvlüyünü elan edə bilər.
Avrasiya İqtisadi İttifaqı 2015-ci ildə yaradılıb. Onun əsas təşəbbüskarı Rusiya olub. “Putin ittifaqı” kimi tanınan təşkilatın hazırkı üzvləri Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan və Ermənistandır. Düşənbədə keçiriləcək MDB dövlət başçılarının sammitində Azərbaycan Prezidentinin iştirak edəcəyi məlum deyil.
Analitiklərə görə, Azərbaycan Prezidenti ötən il Sankt-Peterburqda keçirilən toplantıya gedən gün mülki təyyarəmiz vurulub və dövlət başçısı elə həmin gün yoldan qayıdaraq Bakı aeroportunda müşavirə keçirib. Bu hadisədən sonra Azərbaycan-Rusiya münasibətləri korlanıb və indiyə qədər gərginlik davam etməkdədir.
Prezident sonuncu dəfə bu haqda “Əl-Ərəbiyyə” telekanalına danışıb, Rusiyanın azərbaycanlılara qarşı zorakılıq hallarını pisləyib, bu hörmətsizliyə dözümsüz yanaşacağımızı vurğulayıb, təyyarə ilə bağlı tələbləri xatırladıb. Odur ki, Düşənbə sammitində iştirak da sual altındadır.
Çində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə toplantısından fərqli olaraq, MDB dövlət başçılarının sammiti formallıq təşkil edir, əsasən də Rusiya Prezidentinin dominantlığı ilə baş tutur. Əgər o tarixə qədər Bakı-Moskva münasibətlərində yenilik olmasa, sammitdə iştirak real görünmür.
Azər Hüseynov
AĞ Partiya başqanının müşaviri, siyasi şərhçi Azər Hüseynov “Yeni Müsavat”a bildirdi ki, mülki təyyarəmizin vurulması Azərbaycan-Rusiya münasibətlərinə dərin kölgə salıb: “Prezidentin həmin gün səfərini yarımçıq saxlayaraq Bakıya qayıtması və təcili müşavirə keçirməsi göstərdi ki, məsələ, sadəcə, texniki qəza kimi qəbul edilə bilməz. Bu, dövlətlərin münasibətlərinə birbaşa təsir edən siyasi hadisə idi. Azərbaycan cəmiyyəti və rəhbərliyi Rusiyadan açıq mövqe gözlədi. Lakin Moskvanın reaksiyası kifayət qədər qətiyyətli olmadı. Prezident İlham Əliyev "Əl-Ərəbiyyə" telekanalına müsahibəsində bunu açıq şəkildə ifadə edərək, azərbaycanlılara qarşı zorakılıq hallarını pislədi və Rusiyanın məsuliyyətini xatırlatdı. Bu çıxış Azərbaycanın öz maraqlarını müdafiə etməkdə nə qədər qəti olduğunu göstərdi".
Onun sözlərinə görə, hadisədən sonra münasibətlərin daha da çətinləşməsinə başqa amillər də əlavə olundu: “Rusiya daxilində azərbaycanlı diplomatların, biznesmenlərin və diaspora nümayəndələrinin müəyyən strukturlar tərəfindən təzyiqə məruz qalması gərginliyi artırdı. Bu cür təzyiqlər qarşılıqlı inamı daha da zəiflətdi. Azərbaycan rəhbərliyi açıq şəkildə başa düşürdü ki, bu, dostluq və strateji tərəfdaşlıq prinsiplərinə uyğun davranış deyil. Bütün bu gərginliklərə baxmayaraq, Azərbaycan praqmatik siyasətini davam etdirir. Bakı üçün Moskva ilə açıq münaqişə ssenarisi heç vaxt məqsədəuyğun olmayıb. Azərbaycan balanslı və çoxvektorlu xarici siyasət kursu yürüdür. Bu kurs həm Qərblə, həm də Şərqlə münasibətləri tarazlamağa imkan verir. Ona görə də Azərbaycan siyasi rəhbərliyi hər zaman dialoq qapılarını müəyyən qədər açıq saxlayır. Dövlət komissiyaları, hökumətlərarası mexanizmlər və diplomatik kanallar vasitəsilə əlaqələr davam etdirilir”.
Partiya funksioneri vurğuladı ki, Rusiya postsovet məkanında təsir dairəsini gücləndirmək üçün müxtəlif alətlərdən istifadə edir: “Avrasiya İqtisadi İttifaqı da bu siyasətin bir hissəsidir. Moskva bu qurum vasitəsilə iqtisadi və siyasi nüfuzunu artırmağa çalışır. Azərbaycan isə bu proseslərdə ehtiyatlı davranır. Bakı nə Moskvanın təsirinə tam daxil olur, nə də açıq şəkildə qarşıdurmaya gedir. Bu, Azərbaycan diplomatiyasının ən mühüm xüsusiyyətlərindən biridir”.
Ekspert bir məsələyə də xüsusi diqqət çəkdi: “MDB sammitləri ilə müqayisədə Şanxay Əməkdaşlıq Təşkilatının zirvə toplantıları Azərbaycanın daha aktiv iştirak etdiyi platforma kimi görünür. Çünki ŞƏT-də Çin, Hindistan, Pakistan, Türkiyə kimi müxtəlif güc mərkəzləri təmsil olunur və burada Rusiyanın dominantlığı MDB-dən fərqli olaraq məhdudlaşdırılıb. Azərbaycan da bu formatda özünü daha rahat hiss edir. MDB tədbirləri isə daha çox Moskvanın təsir meydanı kimi qəbul edilir. Bütün bu şərtlər fonunda Düşənbədə keçiriləcək sammitdə iştirak məsələsi tamamilə proseslərin gedişatından asılıdır. Əgər o vaxta qədər Azərbaycan-Rusiya münasibətlərində müsbət dəyişikliklər baş verməsə, Azərbaycan Prezidentinin tədbirdə iştirakı real görünmür. Çünki belə toplantılar, xüsusilə MDB sammitləri əksər hallarda formal xarakter daşıyır və Rusiyanın dominantlığı ilə müşayiət olunur. Bakı üçün isə formal iştirak deyil, real nəticə və bərabərhüquqlu əməkdaşlıq vacibdir”.
Azərbaycan gələcəkdə də öz balans siyasətini davam etdirəcək. Rusiya ilə münasibətlərdə münaqişədən qaçmaq, amma eyni zamanda milli maraqları güzəştə getməmək Bakının əsas xəttidir. “Putin ittifaqı” fonunda Azərbaycanın mövqeyi həm ehtiyatlı, həm də prinsipialdır. Bakı qonşuluq münasibətlərini qoruyur, lakin heç vaxt başqa bir dövlətin təsir dairəsinə tam daxil olmağı qəbul etmir. Azərbaycanın beynəlxalq siyasətdəki əsas gücü də məhz müstəqilliyini qorumaq bacarığıdır".
Sona Əliyeva
Siyasi təhlilçi Sona Əliyeva isə hesab edir ki, Tacikistan bu təşkilata üzv olarsa, bunu sensasiya kimi qəbul etmək lazım deyil: “Azərbaycan Prezidenti İlham Əliyevin "Rusiya-Mərkəzi Asiya görüşü"ndə iştirakı gözlənilmir. Daha doğrusu, hələ ki bu real deyil. Ötən ilin dekabrından Bakı ilə Moskva arasındakı münasibətlər korlanıb. Əgər Rusiya Azərbaycandan üzr istəməsə, o zaman münasibətlər donmuş vəziyyətdə qalacaq. Azərbaycan özü təkbaşına Orta Asiya ilə münasibətlərini yüksəltməkdədir. Qazaxıstan, Qırğızıstan və Özbəkistanla Türk Dövlətləri Təşkilatının çətiri altında son illərdə çoxşaxəli əlaqələr daha da inkişaf edir. Türkmənistanla enerji sahəsində əlaqələr də yeni mərhələyə qədəm qoyub. Hətta Tacikistanla da külək enerjisinin istismarı ilə bağlı önəmli razılaşmalar var. Azərbaycan Tacikistan iqtisadiyyatına önəmli yatırımlar edir. Bir sözlə, Bakı Orta Asiya ölkələri ilə qarşılıqlı maraqlar çərçivəsində öz əlaqələrini daha da möhkəmləndirir. Tacikistan isə bu vaxta qədər qeyri-rəsmi formada Avrasiya İqtisadi İttifaqının imkanlarından yararlanıb. Sanksiya tətbiq olunan Rusiya məhsulları Cənub-Şərqi Asiya bazarına məhz Tacikistan vasitəsilə çıxarılıb. Düşənbə bu işdə tranzit rolunu oynayıb. Yəni Tacikistanın bu təşkilata qoşulması o qədər də sensasiya sayılmayacaq. Onsuz da bu ölkə Rusiyanın qanadları altındadır və KTMT-nin də üzvüdür".
Cavanşir ABBASLI,
“Yeni Müsavat”
06 Sentyabr 2025
05 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ