Onlayn ictimai-siyasi qəzet
Politoloq Züriyə Qarayeva: “Qayıdış konsepsiyasının ən güclü tərəfi ondan ibarətdir ki, bu, gələcəyə yönəlmiş strateji baxışdır”
Qarabağa “Böyük Qayıdış” prosesi son bir həftədə Ağdam və Laçını əhatə etdi. Bu mərhələdə Ağdamın Kəngərli kəndinə 48 ailə - 206 nəfər köçürüldü. Ardınca Laçının Bəylik kəndinə ard-arda iki dəfə köç karvanları yola salındı.
Mayın 29-da Bəylik kəndində 41 ailə - 163 nəfər, 31-də isə, 38 ailə - 153 nəfər məskunlaşdı.
Beləliklə, 19 iyul 2022-ci il tarixindən cari ilin 27 may 2025-ci il tarixinədək 3632 ailə - 14480 nəfər işğaldan azad olunmuş ərazilərə köç edib. Bu da işğaldan azad olunandan sonra keçən zaman, görülən böyük bərpa-quruculuq işləri, çətin şəraitdə həyata keçirilən minatəmizləmə prosesi fonunda ciddi rəqəm sayılmalıdır.
Ağdam, Kəlbəcər ve Zəngilanda yeni məktəblər istifadəyə veriləcək.
“İlkin mərhələdə, yəni 2022, 2023 və 2024-cü illərdə görülən işlərin nəticələri artıq özünü göstərməyə başlayıb”.
Bu barədə elm və təhsil naziri Emin Əmrullayev Qarabağ Universitetində keçirilən forumdan sonra jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, növbəti illərdə onlarla məktəbin istifadəyə verilməsi planlaşdırılır: “Paralel olaraq, kəndlərdə onlarla məktəb istifadəyə veriləcək. Məsələn, cənab Prezidentin hər səfəri zamanı, demək olar ki, yeni bir məktəbin açılışı həyata keçirilir. İnanıram ki, növbəti tədris ilində istifadəyə verilmiş təhsil müəssisələrinin sayı 40-a çata bilər”.
Emin Əmrullayev vurğulayıb ki, hazırda işğaldan azad edilmiş ərazilərdə 20-dən çox təhsil müəssisəsi fəaliyyət göstərir: “Həmin ərazilərdə 2200-ə yaxın şagird təhsil alır. Onların 300-ə yaxını məktəbəqədər təhsil müəssisələrinə cəlb olunub. Bu rəqəmlər hər gün artır”.
Nazir əlavə edib ki, artıq bir sıra məktəblər istifadəyə verilib və növbəti tədris ilində fəaliyyətə başlayacaq: “Bəzi məktəblər artıq açılıb, bəzilərinin isə yaxın zamanda açılışı gözlənilir. Bunlar arasında şəhər tipli məktəblər də var. Məsələn, Ağdam Zəngilan və Kəlbəcər şəhərlərində yerləşən məktəbləri qeyd edə bilərik. Bu, qürurverici bir prosesdir və düşünürəm ki, yaxın gələcəkdə biz artıq bu məktəblərin sayını hesablamağa belə ehtiyac duymayacağıq”.
Son olaraq, Qarabağa “Böyük Qayıdış” prosesinin davamı kimi, iyunun 3-də Azərbaycan Respublikası Prezidenti Administrasiyasının təşkilatçılığı ilə ölkədə fəaliyyət göstərən siyasi partiya nümayəndələri, politoloq və siyasi şərhçilər, habelə internet televiziya kanalları rəhbərləri, qəzet redaktorları və digər jurnalistlər Zəngilan və Cəbrayıla səfər ediblər.
Səfərdə iştirak edən politoloq Züriyə Qarayeva təəssüratlarını “Yeni Müsavat”la bölüşüb: “Qarabağa Qayıdış Konsepsiyası təkcə azad olunmuş torpaqlara fiziki dönüşü əhatə etmir. Bu, əslində xalqın yaddaşına, milli kimliyinə, hüquqa və ədalətə qayıdışıdır. Azərbaycan dövləti bu konsepsiyanı, sadəcə, bir köç proqramı kimi deyil, strateji, sosial və mənəvi dəyərləri özündə birləşdirən genişmiqyaslı bir quruculuq modeli kimi həyata keçirir. Bu prosesin miqyası və məqsədyönlülüyü onun ideoloji əsaslarını praktik mexanizmlərlə birləşdirən mühüm nümunəyə çevrilib.
Bir politoloq kimi mən də bu prosesin, sadəcə, müşahidəçisi deyil, həm də iştirakçısı olmuşam. Prezident Administrasiyasının Qarabağa təşkil etdiyi müxtəlif səfərlər çərçivəsində Xankəndi, Xocalı, Ağdərə, Laçın, Zəngilan və Cəbrayılda şəxsən olmuşam və gördüklərim mənə göstərdi ki, Azərbaycan dövləti Qarabağa qayıdışı kağız üzərində deyil, real həyatın içində və dövlət iradəsi ilə həyata keçirir.
Xankəndidə mülki dövlət idarəetməsinin bərpası, Xocalıda infrastrukturun yenidən qurulması, Ağdərədə təhlükəsizliyin təmin edilməsi və Laçında ağıllı yanaşmalara əsaslanan inkişaf konsepsiyaları bu bölgələrin hər birində həyatın planlı şəkildə geri döndüyünü göstərir. Zəngilan və Cəbrayılda isə artıq real məskunlaşma baş verib, sakinlər yeni evlərinə köçüblər və bu proses davam edir. Bütün bu mənzərələr Qarabağa qayıdışın "idarə olunan köç" deyil, həm də milli dirçəliş olduğunu təsdiqləyir.
Qayıdış konsepsiyasının ən güclü tərəfi ondan ibarətdir ki, bu, gələcəyə yönəlmiş strateji baxışdır. Bu torpaqlarda bərpa olunan hər bir məktəb, hər bir mədəniyyət ocağı, hər bir yol və enerji xətti Azərbaycanın bu bölgələri gələcək inkişafın mərkəzinə çevirmək istədiyini göstərir. Hədəf, sadəcə, torpağı qaytarmaq yox, bu torpaqda firavan və təhlükəsiz həyat təmin etməkdir.
Əldə olunmuş uğurlar, beynəlxalq standartlara uyğun şəkildə aparılan quruculuq, regionun ekoloji və demoqrafik xüsusiyyətlərinə uyğun planlaşdırma, yaşıl enerji və ağıllı kənd layihələri Azərbaycanın bu məsələyə nə qədər çevik, məsuliyyətli və uzaqgörən yanaşdığını sübut edir.
Qayıdış Konsepsiyası həm də milli həmrəyliyin gücləndirilməsi baxımından vacibdir. Çünki bu prosesdə müxtəlif ictimai-siyasi təbəqələr - partiyalar, media nümayəndələri, ziyalılar və vətəndaş cəmiyyəti - birlikdə iştirak edir. Bu, həm də siyasi dialoqun yeni mərhələyə keçdiyinin göstəricisidir".
Hazırladı: Cavanşir ABBASLI
06 Iyun 2025
05 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ