İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Ukraynanın kapitulyasiyasını istəyir, çünki Qarabağda... - ŞOK YAZI

Rusiya məmurları Ukrayna müharibəsindən danışanda, əlbəttə ki, şəxsi fikirlərini deyil, Putinin mövqeyini səsləndirirlər. Rusiya prezidentinin köməkçisi Medinskinin məlum son açıqlamasında Ukraynadakı müharibə ilə Qarabağ savaşını müqayisə etməsi və “İkinci Qarabağ planetin sonunu gətirə bilər” kimi nəticəyə gəlməsi də bu qəbildəndir. Yəni, Medinskinin söylədikləri onun yox, Putinin mövqeyidir və indiki vəziyyətin mürəkkəbliyi də məhz ondadır: Rusiya Ukraynanın kapitulyasiyasını bəri başdan istəyir, çünki Qarabağda olduğu kimi atəşkəsə nail olunarsa, Ukraynanın NATO üzvü olub torpaqlarını geri qaytarmaq üçün diplomatik və hərbi güc qazanacağı təqdirdə, nüvə müharibəsinin qaçılmaz olacağını açıq şəkildə hədə kimi bildirir.

Ümumiyyətlə, yəqin fikir vermisiniz – Rusiya Federasiyasının siyasətçiləri, deputatları, hətta adi siyasi şərhçiləri belə atom bombasından istifadə edəcəklərini o qədər rahat səsləndirirlər ki, sanki söhbət adi pistoletdən gedir. Nüvə silahına malik olan başqa dövlətlər, hətta Şimali Koreya belə, Rusiya kimi tez-tez bəşəriyyəti atom bombası ilə açıq şəkildə təhdid etmir. Ukrayna müharibəsindən əvvəl Moskvanın səsləndirdiyi bu çağırışların hədəfində Azərbaycan da olub – 44 günlük müharibədən sonra, 2022-ci ildə Rusiya Dövlət Dumasının deputatı Delyagin Bakının neft mədənlərinə atom bombası atmağı təklif etmişdi. Bu, hələ də unudulmayıb.

Putinin baş təbliğatçılarından olan Vladimir Solovyovun 2018-ci ilin martında nümayiş etdirilən “Dünya düzəni 2018” filmində Vladimir Putinin atom bombası ilə bağlı fikirlərini xatırlamaq kifayətdir. Putin özünə belə bir sual verir: “Amma bir Rusiya vətəndaşı və Rusiya dövlətinin başçısı kimi, mən özümdən soruşmaq istəyirəm: Rusiya olmayacaqsa, belə bir dünya bizə nə üçün lazımdır?” Bu olduqca təhlükəli təfəkkür bəşəriyyətin başının üzərində Domokl qılıncı kimi asılı qalmaqdadır.

Həmin ilin oktyabrında keçirilən “Valday” beynəlxalq forumunda isə Putin bir daha bu fikrə qayıtdı və dedi: “Məsələ burasındadır ki, mən əlimizdə olan silahlardan – o cümlədən kütləvi qırğın silahlarından – özümüzü və maraqlarımızı müdafiə etmək üçün istifadə etməyə hazırammı? Bəli. Bu vəziyyətdə biz gözləyirik ki, kimsə bizə qarşı nüvə silahı işlədəcək, özümüz isə heç nə etməyəcəyik? Təcavüzkar isə bilməlidir ki, qisas qaçılmazdır. Biz təcavüzün qurbanıyıq və şəhid olaraq cənnətə gedəcəyik, onlar isə sadəcə gəbərəcəklər – tövbə etməyə belə vaxtları olmayacaq.” Bu, vaxtilə Xruşşovun BMT tribunasında dediyi “Biz sizi dəfn edəcəyik”, “Sizin raketlər qapımızı döyənə qədər, bizimkilər artıq pəncərənizdən içəri girmiş olacaq” ritorikasının müasir davamıdır.

Dünya tarixində fironlar, imperatorlar çox olub və atom bombası o dövrlərdə mövcud olmasa da, “Mən yoxamsa, bu dünya da dağılsın” təfəkkürü heç vaxt Roma, Bizans, Qızıl Orda, Osmanlı kimi imperiyaların liderlərinin dilinə gəlməyib – ən azı bizə gəlib çatmayıb. Rusiya isə istəkləri reallaşmadıqda hər gün bəşəriyyəti sonla hədələyir. İstəkləri də az deyil. Dünyanın ərazicə ən böyük dövlətinin başçısı 9 yaşlı məktəbliyə deyirsə ki, “Rusiyanın sərhədləri heç vaxt bitmir”, deməli, o məktəbli və onun yaşıdları da bu təfəkkürlə böyüyəcək və dünyaya meydan oxuyacaqlar.

Belə olduğu halda bəşəriyyət nə etməlidir? Və yaxud nə baş verməlidir ki, fəlakətdən qaça bilsin? Müharibə indiki tempi ilə davam edərsə, Rusiya başqa əraziləri – məsələn, Zelenskinin dünən qeyd etdiyi kimi Odessanı da işğal edərsə, nə olacaq? Suallar çoxdur…

İki əsas variant var:

1-ci variant – Ukrayna müharibəsi bu fəlakətin qarşısını ala biləcək əsaslı səbəb və vasitəyə çevrilə bilərmi? Əgər Rusiya bu savaşda dayandırılsa – ola bilər. Əks halda bu, Ukraynanın deyil, dünyanın məğlubiyyəti olacaq. Bütün vicdanlı, ədalətli insanlığın kapitulyasiyası olacaq və bu kompleks gələcək nəsillərin ayaqlarına zəncir kimi bağlanacaq, onları haraya getsələr təqib edəcək. Bununla da bitməyəcək – NATO Baş katibinin dediyi kimi: “Belə davam edərsə, Avropa rus dilini öyrənməli olacaq.”

2-ci variant – Əgər Putin olmasa, müharibə dayana bilərmi? 73 yaşlı Putinin görünən sağlamlığı ciddi şübhə doğurmur. Amma dünya onun ölümünü gözləməklə çox şey itirə bilər. Bəs hakimiyyət daxilində və ya cəmiyyətin özü daxilində onu dayandıra biləcək bir çevriliş mümkündürmü? Rusiya cəmiyyətinin ayağa qalxıb etiraz etməsi ən zəif ehtimallardandır. Hakimiyyət daxilində də narazılıq elementləri olsa belə, onun devrilməsi indiki mərhələdə real görünmür. Müharibəni aparan ordu komandanlığı bu işi görə biləcək yeganə güc sayıla bilər, lakin yaxın zaman üçün belə bir perspektiv də yoxdur. 2030-cu il seçkilərində 78 yaşlı Putinin yenidən hakimiyyətdə qalması və 2036-cı ilədək kreslosunda oturması ehtimalı çox yüksəkdir.

Heçmi ümid qalmayıb?

Ümumiyyətlə, indiki vəziyyətdə “ümid” deyəndə nəyi nəzərdə tutmaq olar? Belə durumlarda ümiddən çox fəal hərəkət lazımdır. Nitsşenin dediyi kimi, bəzən “ümid xəstəlik olub insanların əzabının artmasına xidmət edir.” Ukrayna artıq üç ildən çoxdur ki, hərəkətdədir və bu səbəbdən də hələ də ayaqdadır. Avropanın yardımı isə hələ də yetərli deyil. İstərsə növbəti 17 sanksiya paketi tətbiq olunsun – Rusiyaya təsiri az olacaq, çünki bu ölkə və cəmiyyəti pis yaşamağa öyrəşib.

Bəs ümid nədədir?

Bu gün nə qədər çətin qəbul olunsa da, ümid ABŞ Prezidenti Donald Trampın tezliklə Ukraynanı hərtərəfli müdafiə etməsinə, ən müasir silahlarla təmin edəcəyinə və bununla bağlı Rusiyaya konkret xəbərdarlıq etməsinə bağlıdır. Əgər Tramp bundan sonra da yumşaq siyasət yürütməyə davam etsə və Ukraynanın yanında olduğunu açıq şəkildə bəyan etməsə – bu, artıq dünyanın məğlubiyyəti olacaq.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR