Onlayn ictimai-siyasi qəzet
Tailand və Kambodca arasında dava başlayıb, artıq 2 gündür sərhəddə atışma gedir. “Qrad” qurğuları, minamyotlar, tüfənglər - necə deyərlər, əməlli-başlı dalaşırlar. 20-dən çox adam ölüb, yüz minlərlə sakini evakuasiya ediblər. Əcəb işimiz var. Dünyanın başqa yerlərindəki müharibələr ara verməmiş, Hind-Çin yarımadasında qarışıqlıq düşdü.
Bu işdə mənim diqqətimi xüsusi çəkən isə məhz bölgənin dinidir. Orada guya planetin ən sülhpərvər təriqətlərindən olan buddizm yayılıb. Daha dəqiqi, Kampuçiyanın (keçmişdə biz Kambocaya belə deyirdik) əhalisinin 98 faizi buddizmin theravada qoluna pərəstiş edir. Tailandda 95 faiz buddist yaşayır, bunlar da theravada qoluna aiddir. Bunu xüsusi qeyd etməyimin səbəbi var.
Theravadaya nisbətən buddizmin daha sülhsevər qolları var, bunlara mahayana, hind və Tibet (lamaistlər) buddistləri aiddir. Qərbdə və sənət aləmində populyar olan zen-buddizm mahayana təriqətinə aiddir. Hətta daha kəskin yazsam, theravada hesab elə buddizmin vəhabiləridir.
Buddizmdə canlını öldürmək ən böyük günahlardan sayılır. Hətta rəvayətə görə əgər sən kimisə öldürsən, növbəti doğuluşlarda da səni öldürəcəklər, özü də nə az, nə çox: 500 dəfə! Amma bu, hazırda Kamboca və Tailand camaatının vecinə deyil. Növbəti dəfə dini riyakarlıqla qarşılaşmışıq. Yeri gəlmişkən, Rusiyanın Ukrayna müharibəsində istifadə elədiyi və orada ən axmaq, ən zorakı cinayətlərdə əli olanlar elə Rusiya buddistləri - kalmıklar, buryatlar və Tıva vilayətinin sakinləri, türkdilli etnos tıva-lardır. Hətta başkəsənlikdə bəzən Rusiya müsəlmanları - çeçenlər və dağıstanlılarla “yarışmaya” girirlər.
Theravada buddistlərindən olan Myanmar camaatının (sovet vaxtı Birma dediyimiz yer) bir neçə il qabaq ərazidəki Rohinca müsəlmanlarına qarşı soyqırım siyasəti də yaddaşlardan uzun müddət silinməyəcəkdir. Sinizm kimi görünsə də belə yazmaq olar: daş qayaya rast gəlmişdi.
Mövzuya dəxli olmasa da, bu yazını başlayanda rast gəldiyim bir əcaib, gülünc faktı bölüşüm. Mənə Kambocada nə qədər buddist yaşadığını öyrənmək lazım idi, Google-da “Kamboca” yazan kimi tərslikdən Vikipediyanın Azərbaycandilli bölümündən Kamboca məqaləsi çıxdı. Mən adətən ana dilimizdə Vikipediyaya baxmıram, oradakı cəfəngiyyat və idiotizmdən bezmişəm, lakin bu dəfə elə ilk cümlə gözümə sataşdı və görün nə yazıblar: “Kamboca - Bir zamanlar Afrikada yerləşən antik dövlət. Kamboca Nil çayının cənub sahilində yerləşir. Qərb və şimal-qərbdə Mərakeş, şimal-şərqdə Liviya, şərq və cənub-şərqdə Konqo həmsərhəddir”.
Təsəvvür edirsinizmi? Hind-Çin yarımadasında, Asiyada yerləşən dövləti aparıb haradasa Misir tərəfə qoyublar, üstəlik, yoxsul beyinlə onu dartıb uzadıblar, Konqo, Mərakeş və Liviya arasına yayıblar. Loru dildə yazsam, Kambocanın Afrikada, Mərakeş və Konqo arasında olmağını yazmaq, Azərbaycanı Güney Amerika qitəsinə köçürüb, Kanada və Uruqvayla sərhəd eləmək kimi bir zaddır. Görəsən, bu məqaləni ifraz edənlər utanmırmı? Hansısa məktəbli uşaqlar coğrafiyanı bu cür Vikipediyadan-zaddan öyrənməyə aludə olsa, vay bizim halımıza.
Azərbaycandilli Vikipediya haqda bu qeydləri bəlkə heç yazmazdım. Mənə dəyməyən ilan min yaşasın. Canları cəhənnəmə, necə deyərlər. Ancaq yadıma düşdü ki, bu məqalələri qayıran cahillər bir ara Azərbaycanın Qarabağ uğrunda həlak olmuş əsgərləri haqda məqalələri kütləvi şəkildə Vikipediyadan silməyə başlamışdılar. Deyirdilər guya bu yazılar Vikipediyanın ensiklopedik xüsusiyyətlərinə uyğun gəlmir, yetərincə tanınmış, populyar insanlar olmayıblar və sairə. İndi mən həmin cahillərdən soruşmaq istəyirəm: bəs Kamboca necə, sizin üçün tanınmış dövlətdirmi? Bu andıra qalmış məqalələri rus, ingilis və sairə dillərdən tərcümə eləmək belə çətindirmi?
Əlbəttə, ritorik suallardır. Cavabınız təpənizə dəysin. Pis mənada yazmıram. İndi baxdım, sizin məqaləyə görə “Təpə - dağdan kiçik olan yüksəlmiş ucalıqlara deyilir”. Bəh-bəh. Yüksəlmiş ucalıqlar ey... Bu ki əsl zen-dir.
29 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ