Onlayn ictimai-siyasi qəzet
"Cənab Prezidentimiz İlham Əliyevin Xankəndidə III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşdə ABŞ prezidenti Donald Trampın şəxsiyyəti və fəaliyyəti haqqında söylədiklərini amerikan prezidentinin özünün "Truth Social" şəbəkə hesabında paylaşmasının konkret və aydın mənası var".
Musavat.com bildirir ki, bu barədə Milli Məclisin sədr müavini Musa Qasımlı deyib.
"Bu o deməkdir ki, ABŞ prezidenti dövlət başçımızın şəxsiyyətinə və mükəmməl liderliyinə böyük hörmət və ehtiramla yanaşır; onu zəmanəmizin görkəmli dövlət və siyasi xadimi olaraq qəbul edir; Forumda dediyi fikirlərlə tamamilə razılaşaraq təqdir edir, əgər belə olmasaydı, heç bir zaman onu paylaşmazdı; regionda və dünyada yürütdüyü siyasəti bəyənir və Birləşmiş Ştatların ölkəmizlə əməkdaşlığında maraqlıdır; Cənubi Qafqazda yaratdığı reallıqları və bundan geriyə dönüş olmadığını qəbul edir; ölkəmizə böhtan atanlara da bir xəbərdarlıq edir.
Deməli, əvvəlki Amerika administrasiyaları zamanı ölkəmizə qarşı tətbiq edilmiş bir sıra yanlış və qərəzli qərarlardan yaxın aylarda imtina edilməsinin şahidi ola bilərik", - deyə M.Qasımlı qeyd edib.
Qeyd edək ki, Prezident İlham Əliyev forumda bildirib:
"Mən Trampın qələbəsini proqnozlaşdırmırdım. Sadəcə dedim; onun bizim kimi fundamental dəyərləri, o cümlədən ailə dəyərlərini bölüşdüyünü nəzərə alsaq, Azərbaycan xalqı üçün daha yaxşı olardı. O, müharibələrə başlamamış yeganə ABŞ Prezidentidir. Həm də hakimiyyətdə olduğu qısa müddətdə müharibələrə son qoyan bir adam olduğu aydın görünür.
Biz, həmçinin Azərbaycana və Ermənistana son nəticədə razılığa gəlməyə kömək etmək səylərinə görə ona çox minnətdarıq. O, beynəlxalq təhlükəsizik üzrə daha qlobal məsələlərlə məşğul olmasına baxmayaraq, Cənubi Qafqazdakı şəraiti də diqqət mərkəzində saxlayır. Əlbəttə, onun qələbəsi bir sıra səbəblərdən Azərbaycanda bizi çox sevindirir. Təbii olaraq, arzulayırıq ki, o, işini sona çatdırsın, "Vaşinqton bataqlığı"nı dibinə qədər qurutsun".
Xalidə Gəray
Musavat.com
22 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ