İnsanlara hürriyət, millətlərə istiqlal!

Çin avtosənayesi əzəli rəqibləri misli görünməmiş addıma sürükləyir - "Mersedes" "BMW"nin "ayağına" gedir

Avtomobil sənayesində nadir hallarda rast gəlinən bir əməkdaşlıq baş verir: əzəli rəqiblər olan BMW və Mercedes-Benz bir-birinin yanında dayanır.

Musavat.com xəbər verir ki, Mercedes-Benz gələcək modellərində BMW-nin B48 adlanan 2,0 litrlik turbomühərrikli, dörd silindrli mühərrikindən istifadə etmək üçün danışıqlar aparır.

Bu qərarın arxasında sadəcə biznes maraqları deyil, həm də bazar təzyiqi dayanır. Çin avtomobil sənayesi son illərdə sürətlə yüksəlir, qiymət-keyfiyyət balansı ilə dünya nəhənglərini sarsıdır. Geely, BYD, NIO, Li Auto kimi şirkətlər təkcə Çində deyil, həm də Avropa və ABŞ bazarına güclü addımlarla daxil olurlar. Çin avtomobilləri daha münasib qiymətə yüksək texnologiya təqdim etdikcə, Avropa nəhəngləri öz mövqelərini qorumaq üçün qeyri-adi qərarlar verməyə məcbur qalır. Əməkdaşlıq ideyası təxminən bir il əvvəl Mercedes-Benz-in baş direktoru Ula Kölnius tərəfindən irəli sürülüb. Başlanğıcda BMW-nin baş direktoru Oliver Zipse tərəddüdlə yanaşsa da, indi bu əməkdaşlığa müsbət yanaşır. Razılaşma yekunlaşarsa, mühərrik 2027-ci ildən etibarən GLA, CLA, GLB və C-/E-Class modellərində istifadə olunacaq. Hər iki şirkət həmçinin ABŞ-da birgə fabrik qurmağı planlaşdırır. Bu addım həm istehsal prosesini müstəqil xətlər üzərində həyata keçirməyə, həm də ABŞ hökumətinin tariflərindən yayınmağa xidmət edəcək.

Eyni zamanda, ümumi sürət qutusundan istifadə məsələsi də danışıqların gündəmindədir. Mercedes-Benz əvvəllər daxili yanma mühərriklərinə sərmayə qoymağın sərfəli olmadığını bəyan etsə də, reallıq dəyişib. Elektromobillərin satış həcmi proqnozlaşdırılandan az oldu, hibrid-elektrik modellərin bazarı isə hələ də inkişaf mərhələsindədir. Bu səbəbdən Mercedes-Benz-in hibrid modelləri üçün daxili yanma mühərrikinə ehtiyac yaranıb. Əslində, BMW-nin mühərriklərini rəqibinə satması, Avropa nəhənglərinin Çin avtomobil sənayesinin yüksəlişinə verdiyi bir cavab strategiyasıdır. Müqavilə bağlanarsa, BMW yüz milyonlarla avro gəlir əldə edəcək və ən böyük rəqibinin öz mühərriklərindən istifadə etməsi şirkət üçün həm iqtisadi, həm də prestij baxımından böyük üstünlük sayılacaq. Ortaqlığa dair yekun qərarın bu ilin sonuna qədər verilməsi gözlənilir. Bunun üçün hər iki şirkətin direktorlar şuraları və nəzarət komitələrinin təsdiqi tələb olunur. Dünya avtomobil bazarında rəqabət sərtləşir, Çin sürəti isə Avropa nəhənglərini strateji oyunlarını yenidən gözdən keçirməyə məcbur edir. Məlumatı ilk olaraq Almaniyanın “Manager Magazin” jurnalı yayıb, Britaniyanın Autocar qəzeti isə xəbəri mənbələrə istinadən təsdiqləyib. Hər iki avtomobil nəhəngi hələ ki, mediada yayılan xəbərlərə rəsmi açıqlama verməyib.

Elşən MƏMMƏDƏLİYEV
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR