Onlayn ictimai-siyasi qəzet
Bu günlərdə məşhur amerikalı rejissor Vudi Allenin adı Ukraynanın “Mirotvorets” saytının məlumat bazasına daxil edilib. Bunun səbəbi odur ki, Allen Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzünə dolayısı ilə dəstək verib.
90 yaşlı Heyvud (Vudi) Allen rejissor olmaqla yanaşı, ssenarist və yazıçıdır, dördqat “Oskar” mükafatı laureatıdır.
Əslində o, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibənin başlamasına görə Rusiya prezidenti Vladimir Putinin məsuliyyət daşıdığını və bu müharibənin dəhşətli olduğunu bildirib. Ancaq Allen Moskva beynəlxalq film həftəsində onlayn iştirak etməklə ruslarla “ədəbi söhbət”in davam etməsini məqbul hesab edib. Bu isə Rusiya mədəniyyəti və incəsənətinin, eləcə də idman və digər sahələrinin boykot olunduğu bir dövrdə Rusiyaya dəstək sayılıb.
Ancaq Vudi Allen tək deyil. Qərb dünyasında bir çox məşhur adamlar sənətçilər, siyasətçilər, jurnalistlər 3 il 6 aydır Ukraynaya qarşı dəhşətli müharibə aparan, mülki insanlar arasında çoxsaylı itkilərə səbəb olan Rusiyaya tərəf çıxmaqdan çəkinmirlər.
Özü də bu, o vaxt baş verir ki, Rusiyanın özündə tanınmış rejissorlar, jurnalistlər, hüquq müdafiəçiləri, müğənnilər, yazıçılar, aktyor və aktrisalar ölkə rəhbərliyinin qəzəbinə gəlməkdən, “xarici agent” elan edilməkdən, təqib və təzyiqlərə məruz qalmaqdan çəkinməyərək, Kremlin hərbi aqressiyasına qarşı çıxırlar. Ancaq onların azad ölkədə yaşayan həmkarları nəyə görəsə təcavüzkarın yanında yer alır, ona haqq qazandırırlar.
Düzdür, Ukraynaya dəstək verən, yardım edən dünya ulduzları da çoxdur, amma onların qarşısında və əks-cəbhədə duranların işğalçıya dəstək verməsi qəbahət sayılır. Belələri az olsa da, gözə çox görünür.
Bu sırada Cared Leto, İlon Mask, Adel, Rocer Uoters, Meqan Foks, Ornella Muti, Stiven Siqal, Emir Kusturitsa, jurnalist Taker Karlson və başqaları var.
2024-cü ilin oktyabrında Belqradda verdiyi konsertdə amerikalı müğənni və aktyor Cared Leto səhnədən ruslara müraciətlə deyib: "Ətrafımda böyük rus enerjisi hiss etdim. Bir gün bütün bu problemlər bitəndən sonra sizinlə vətəninizdə görüşəcəyik. Biz Serbiyaya qayıdacağıq, Sankt-Peterburqa, Moskvaya gedəcəyik, Kiyevin yanında dayanacağıq”.
Caredin qanlı müharibəni “problem” adlandırması ukraynalıları çox qəzəbləndirib, onlar sənətçidən Ukrayna ərazisində törədilən hərbi cinayətləri qınamaq əvəzinə ruslara rəğbət ifadə etməsini sərt tənqid ediblər.
**
Müharibənin əvvəlində İlon Mask döyüş şəraitində internet əhatəsini təmin edən Starlink peyk sisteminə çıxış imkanı yaratmaqla Ukraynaya fəal kömək edib. Lakin o, daha sonra mövqeyini dəyişərək Ukraynanın müharibədə qələbə qazanacağına inanmadığını bildirib və Kiyevi faktiki olaraq təslim olmağa çağırıb.
Mask işğal olunmuş ərazilərdə təkrar referendumların keçirilməsini və Krımın Rusiyanın nəzarətində qalmasını nəzərdə tutan “sülh planı” təklif edib.
**
Müğənni Adel Las-Veqasda verdiyi konsertdə Valentin Yudaşkinin moda evindən olan libasda çıxış edib. Müğənni 60 milyondan çox abunəçisi olan İnstaqramda Rusiya brendini də qeyd edib. Valentin Yudaşkin Rusiya ordusunun əsgərləri üçün geyim formasının müəllifi olduğu üçün Adelin belə bir adamın işlərini reklam etməsi Rusiya aqressiyasına dəstək verməsi hesab olunub.
**
Amerikanın “One Republic” qrupunun solisti Rayan Tedder müharibə başa çatdıqdan sonra Rusiyada çıxış etmək niyyətində olduğunu bildirib. O, işğalçı ölkənin hər zaman gözəl insanların vətəni olduğunu vurğulayaraq deyib: "Ümid edirik ki, bütün bu xaos sönəndə biz yenidən ruslar üçün konsert verə bilərik - biz keçən il son bir neçə konsertimizi ləğv etməli olduq. Orada insanlar həmişə gözəl olub, siyasət və müharibə pisdir".
Kəskin tənqidə məruz qaldığı üçün Tedder daha sonra Rusiyaya rəğbət ifadə edən yazısını sosial şəbəkə hesabından silib.
**
2024-cü ilin avqustunda “Limp Bizkit” qrupunun solisti Fred Dörst VKontakte sosial şəbəkəsində rus pərəstişkarlarına müraciətlə nostalji və müsbət emosiyalarını ifadə edərək yazıb: "Hamınız üçün darıxıram. Hər kəsə pozitiv enerji və xoş əhval-ruhiyyə göndərirəm... Pozitiv qalın və özünüzə diqqət edin!"
Bundan başqa, Dörstün hələ 2015-ci ildə Voronejdə verdiyi konsertdə "Krım = Rusiya" yazılmış lövhə qaldırdığı məlum olub. O, Rusiya pasportu almaq arzusunu bildirib və hətta yarımadada yaşamaq niyyəti ilə Krım administrasiyası ilə əlaqə saxlayıb.
2015-ci ildə Dörst işğal olunmuş Krımda etdiyi hərəkətlərə və “DXR” və “LXR” terror qruplaşmalarına dəstək verdiyinə görə Ukraynanın milli təhlükəsizliyinə təhlükə yaradan şəxslər siyahısına əlavə edilib.
**
7 avqust 2022-ci ildə “Pink Floyd” qrupunun keçmiş üzvü və həmtəsisçisi Rocer Uoters CNN-ə açıqlamasında deyib: "Bayden Ukraynada yanğın törədir, bu, böyük cinayətdir. Nə üçün ABŞ Ukrayna prezidenti Vladimir Zelenskini ukraynalıları və rusları öldürən bu dəhşətli müharibəyə son qoymaq üçün danışıqlara təşviq etmir?"
O, Ukrayna prezidentinin həyat yoldaşı Yelena Zelenskayaya məktub göndərərək, Ukraynada “qırğına son qoymağa” çağırıb, xüsusən də Qərbin Ukrayna ordusunu silahla təmin etməsini, “şərqdə vətəndaş müharibəsini” dayandırmasını, Donetsk və Luqanskın “muxtariyyətini” tanımasını tələb edib. Zelenskaya onun məktubuna cavab verərək qeyd edib ki, müharibəni başlayan Rusiyadır və Uoters “başqa ölkənin prezidentindən sülh istəməlidir”.
**
Amerikalı aktrisa və model Meqan Foks ukraynalı qadınları aşağılayıb və buna görə tənqid olunub. İstifadəçinin şərhinin Ukraynadakı müharibə kontekstində qəbuledilməz olduğuna dair şərhlərinə cavab olaraq Foks cavab verdi ki, o, pis heç nə demək istəmir.
**
Məşhur İtalyan aktrisa Ornella Muti 2022-ci ildə verdiyi müsahibədə özünün "rus əsilli olması” xatırladaraq deyb: "Mən yarı rusam. Rusları sevirəm, onlar da məni".
Muti qızına "tarixi vətənini" göstərmək və "Moskva moda həftəsi"ndə iştirak etmək üçün Rusiyaya gedib. O, heyranlıq duyduğu Rusiyada xoşbəxt olduğunu deyib, onun qızı isə ölkədə söz azadlığının mövcud olduğuna əminliyini bildirib. Bu mövqe Rusiyanın hərbi təcavüzünə qarşı çıxan italyanlar arasında tənqidə səbəb olub.
**
Rusiyayönlü fikirləri ilə tanınan Hollivud aktyoru Stiven Siqal “Ədalət naminə” adlı sənədli filmində Rusiya prezidenti Vladimir Putinə genişmiqyaslı müharibənin başlanğıcında məktub yazdığını bildirib. O, Kremlin siyasətini dəstəklədiyini bildirib və hərbi əməliyyatlarda iştirak etməyə hazır olduğunu qeyd edib. "Xüsusi əməliyyat başlanandan ertəsi gün məktub yazdım və əmin oldum ki, prezidentə çatacaq. Məktubda yazdım ki, indi dostumuzun, düşmənimizin kim olduğunu görəcəyik".
Bundan əvvəl, aktyor Krımın Rusiya tərəfindən ilhaqını da dəstəkləyib.
**
Bu sırada başqaları da var və onların işğalçılıq müharibəsi aparan, 3 il 6 ayda 300 mindən çox öz vətəndaşının, bir o qədər də ukraynalının ölümünə bais olan Rusiyaya dəstək vermələrinin əsl motivləri bilinmir. Görünür, bu, onların içindən gəlir.
Ancaq vaxtilə Hitlerə dəstək verənlər II dünya müharibəsindən sonra çox peşman olmuşdular, çünki hər kəs onları qınayırdı və müdafiə edənləri yox idi.
Araz Altaylı, Musavat.com
27 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ