Onlayn ictimai-siyasi qəzet
Cənubi Asiyada iki nüvə dövləti – Hindistan və Pakistan arasında baş verən son gərginlik yalnız regionu deyil, eyni zamanda qlobal hərbi balansı silkələdi.
Musavat.com xəbər verir ki, Pakistanın Hindistan Hərbi Hava Qüvvələrinə məxsus ən azı üç Rafale qırıcı təyyarəsini vurduğunu açıqlaması beynəlxalq hərbi dairələrdə rezonans doğurub. Xüsusilə diqqət çəkən məqam isə bu uğurun Çin istehsalı olan J-10C qırıcılarının iştirakı ilə baş tutmasıdır.
Pakistanın xarici işlər naziri İshaq Dar bu həftə parlamentdə çıxışı zamanı bildirdi ki, “Bizim J-10C təyyarələrimiz Hindistanın fransız istehsalı olan üç Rafale qırıcısını vurdu”.
O, Çinin Pakistandakı səfirliyinin 4 may səhəri erkən saatlarda XİN-ə gələrək bu uğura görə “böyük məmnuniyyət” ifadə etdiyini də qeyd edib.
Rəsmi Hindistan hələlik itkilər barədə rəsmi açıqlama verməyib, lakin müdafiə mənbələri azı beş təyyarənin itirilməsi ehtimalını istisna etmir. İtkilərin içində ən azı bir Rafale qırıcısının vurulduğunu Fransız kəşfiyyat mənbələri CNN-ə təsdiqləyib. Bu, Rafale təyyarəsinin döyüşdə ilk itkisi kimi qeydə alınıb.
Əldə olunan məlumatlara görə, döyüşdə istifadə olunan Çin istehsalı PL-15 raketi (Pakistan versiyası PL-15E) indiyədək heç bir real qarşıdurmada sınaqdan çıxmamışdı. Lakin bu dəfə 100 km-dən çox məsafədən aparılan döyüşdə raketin hipersəs sürəti, iki mərhələli mühərriki və aktiv AESA radar sistemi ilə hədəfi dəqiq vurması hərbi dairələrdə “çox ciddi siqnal” kimi dəyərləndirilir.
Bu hadisə Çin silah sənayesinə də öz təsirini göstərib. PL-15 raketlərini və J-10C təyyarələrini istehsal edən Chengdu Aircraft Corporation şirkətinin səhmləri 20% dəyər qazanıb. Çinin tanınmış hərbi şərhçisi Hu Sijin isə bu döyüşün “Çin hərbi istehsalının artıq Rusiya və Fransanı geridə qoyduğunu” bəyan edib. O, əlavə edib ki, bu nəticə “Tayvanı daha çox qorxutmalıdır”.
PL-15 raketi ilkin mərhələdə Mach 5 sürətini aşan hipersəs gücü ilə hədəfə yönəlir. Ortadakı uçuş mərhələsində raketə yön verən radar sistemləri təyyarə və ya müşayiətedici vasitə tərəfindən idarə oluna bilir. Son 10 kilometrlik məsafədə isə raket öz daxilindəki radar sistemini aktivləşdirir və hədəfə “qaçılmaz zonada” kilidlənərək dəqiqliklə zərbə endirir.
Ən diqqətçəkən məqamlardan biri də ondan ibarətdir ki, nə Hindistan, nə də Pakistan təyyarələri qarşı tərəfin hava məkanını pozmadan – təxminən 100 km-dən uzaq məsafədən “stand-off” döyüşə giriblər. Hindistan ərazisinin dərinliklərində yerləşən Bhatinda şəhəri yaxınlığında vurulmuş Rafale təyyarəsinin qalıqları aşkarlanıb.
Hindistan və Pakistan arasında bu tip döyüşlər artıq sadəcə lokal hərbi hadisə deyil, onların arxasında dayanan böyük silah sponsorlarının – Çin və Qərb ölkələrinin rəqabətinin tərkib hissəsinə çevrilib.
• Pakistan 2019-2023-cü illər ərzində öz silah idxalının 82 faizini Çindən təmin edib.
• Hindistan isə Rusiya ilə əməkdaşlığı azaldaraq, ABŞ, Fransa və İsraildən silah alımlarını artırıb. SIPRI-nin hesabatına əsasən, Hindistanın Rusiya ilə silah ticarəti 75%-dən 36%-ə enib.
Hindistanın hələ də MiQ-21 kimi köhnə təyyarələrdən istifadə etməsi və Qərb texnologiyasına əsaslanan sistemlərin tam inteqrasiya olunmaması, Pakistanın isə Çinin dəstəyi ilə daha çevik və müasir silahlanma əldə etməsi Cənubi Asiya regionundakı hərbi tarazlığı dəyişməkdədir.
Çin Xarici İşlər Nazirliyi isə hadisəyə münasibət bildirərkən, tərəfləri təmkinli olmağa və müharibədən qaçmağa çağırıb. Lakin Pekində bəzi hərbi dairələr bu hadisəni Çin silahlarının döyüş şəraitində real test imkanı kimi qiymətləndirir və bu kimi “sınaqların” davamını arzulayan dairələr də mövcuddur.
Mənbə: Telegraph
Tərcümə və təqdim etdi: Musavat.com
10 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ