İnsanlara hürriyət, millətlərə istiqlal!

CNN ermənilərin lavaş saxtakarlığına şərik oldu

“Əgər erməni qayınananız sizə hula-hup ölçüsündə...”

CNN telekanalı (CNN Travel) “Dünyanın ən yaxşı 50 çörəyi” adlı siyahı tərtib edib. ABŞ telekanalı yayımladığı materialda saxtakarlığa yol verib.

Mənbə “araşdırma”sında lavaşı “erməni çörəyi” kimi qələmə verib. CNN bu barədə yazıb: “Əgər erməni qayınananız sizə hula-hup ölçüsündə böyük bir lavaşla yaxınlaşırsa, qorxmayın, bu, Ermənistanda yeni evlənənlərin başı üzərində fırladılır ki, onların ömrü bolluq və firavanlıq içində keçsin. Bəlkə də bu ənənənin səbəbi elə lavaş bişirməyin kütləviliyi ilə bağlıdır.

Ənənəvi lavaşın hazırlanması üçün qadınlar bir yerə toplaşır, xəmir parçasını ot və ya yunla doldurulmuş yastığın üzərində yayırlar. Usta əllər yayılmış xəmiri konus formalı gil təndirin iç divarına yapışdırır. Orada lavaş bərk istilikdə çox tez bişir. Lavaş erməni mədəniyyətinin elə bir ayrılmaz hissəsidir ki, UNESCO tərəfindən Qeyri-maddi Mədəni İrs kimi tanınıb".

Qeyd edək ki, lavaş (əgər varsa) erməni mətbəxinə məxsus bir çörək növü deyil. Lavaş Azərbaycan, Türkiyə və digər türk ölkələrində geniş şəkildə yayılıb və əsrlərdir istehlak olunur.

Araşdırmaya görə, “lavaş” sözünün mənşəyi iki hissədən ibarətdir: “lav” və ya “lay” ifadələri “qat” deməkdir, “aş” isə bütün türk dillərində “qida” anlamı verir. Beləliklə, “lavaş” sözü “qat-qat qida” anlamına gəlir. Çox maraqlıdır ki, bunu “özününküləşdirən” ermənilər nədənsə ad seçimində də özlərini çox yormayıblar, elə türk dilində olduğu kimi lavaş adıyla dünyaya “erməni çörəyi” kimi sırımağa çalışırlar.

Qeyd edək ki, 2016-cı ildə noyabrın 28-dən dekabrın 2-dən Efiopiyanın paytaxtı Əddis-Əbəbə şəhərində keçirilən YUNESKO-nun Qeyri-maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 11-ci sessiyasında Azərbaycanın təşəbbüsü ilə Azərbaycan, Türkiyə, İran, Qazaxıstan və Qırğızıstan tərəfindən YUNESKO-ya birgə təqdim edilən “Lavaş, Katırma, Jupka, Yufka - Nazik çörəyin hazırlanma və paylaşma mədəniyyəti” YUNESKO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına salınıb.

YUNESKO-nun Qiymətləndirici Orqanı tərəfindən bütün kriteriyalara dair müsbət rəy alan nominasiya faylı YUNESKO Hökumətlərarası Komitəsinin cari il noyabrın 30-da keçirilmiş sessiyasının qərarı ilə qəbul olunub.

Sözügedən nominasiya sənədi Azərbaycan Mədəniyyət və Turizm və Xarici İşlər nazirliklərinin, Azərbaycanın YUNESKO yanında Daimi Nümayəndəliyinin və bu sahə üzrə beş ölkənin mədəniyyət nazirlikləri, YUNESKO üzrə Milli komissiyaları, həmçinin sahə üzrə ekspertlərinin birgə əməkdaşlığı ilə hazırlanaraq təqdim edilib.

Fərhad Aşurbəyli ili Kapriz salatı | GERMAN STUDIO

Azərbaycan Kulinariya Mütəxəssisləri Assosiasiyasının icraçı direktoru və layihə rəhbəri Fərhad Aşurbəyli “Yeni Müsavat”a açıqlamasında qeyd etdi ki, CNN-də dərc olunan məqalə müstəqil blogerlərin subyektiv rəyi əsasında hazırlanıb. Onun sözlərinə görə, 2014-cü ildə Ermənistanın təqdim etdiyi “Lavaş: hazırlanması, mahiyyəti və Ermənistanda ənənəvi çörəyin mədəni təzahürləri” adı ilə eksklüziv məhsul kimi qəbul edilməməsi şərtilə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib: “Bunu aydın başa düşmək lazımdır ki, belə məsələlərin həllində təbliğat önəmli rol oynayır. Elə ölkələr var ki, Azərbaycan diasporası o qədər də güclü deyil. Məsələn, Fransada artıq lavaşın "erməni çörəyi" olması stereotipi formalaşıb. Lakin qanunlar və beynəlxalq ictimaiyyət tərəfindən lavaş Azərbaycan və başqa ölkələrə aid qeyri-maddi mədəni irs nümunəsi kimi qəbul edilib. Ermənilər satış və müxtəlif təbliğat üsulları ilə lavaşı öz məhsulları kimi təqdim etməyi bacarıblar. Blogerlər nəyin hansı xalqa aid olub-olmadığını araşdırmırlar. Onlar, sadəcə, səyahət etdikləri ölkədə müşahidə etdiklərini, eşitdiklərini təqdim edirlər. Bizim bundan sonra edə biləcəyimiz təbliğat və reklamla məşğul olmaqdır. Türk dönəri, italyan pizzası, alman sosiskası assosiyasiyası olduğu kimi, Azərbaycana aid məhsullar barədə də assosiasiya yarada bilərik. Azərbaycan nisbətən gənc müstəqil ölkə olduğu üçün dünyada böyük diaspor təşkilatlarımız olmayıb. Fəal işə gec başlamışıq, amma hesab edirəm ki, proses uğurla davam edir. Son 10 ildə turizm güclü inkişaf edir. Qastroturizmin inkişaf etdirilməsi istiqamətində fəal iş aparılır. Azərbaycan mətbəxinin dünyanın müxtəlif ölkələrində təbliği üçün çoxsaylı tədbirlər keçirilir. Hesab edirəm ki, gedişat pozitivdir. Azərbaycan mətbəxi tanınmağa başlayıb. Sahə üzrə peşəkarlar təbliğat üçün çalışmalıdırlar, beynəlxalq arenada isə dövlət dəstəyi olmalıdır ki, o da mövcuddur".

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR