Onlayn ictimai-siyasi qəzet
Bəzi kütləvi informasiya vasitələrinin səhifələrində “Numbeo” qlobal tıxac reytinqinə istinadlar yayılıb.
Həmin reytinqə əsasən, Azərbaycan bu ilin ilk yarısının nəticələrinə görə, nədənsə 27-ci pillədə qərarlaşıb. Platformanın nə qədər obyektiv olub-olmadığı öz yerində, bu göstərici ölkədə nəqliyyatın vəziyyətinin dəqiq mənzərəsini əks etdirmir.
Musavat.com xəbər verir ki, nəqliyyat məsələləri üzrə tanınmış ekspert Elməddin Muradlının sözlərinə görə, burada istifadə olunan metodologiya ciddi suallar doğurur.
“Belə ki, indeks platforma istifadəçiləri arasında aparılan onlayn sorğuya əsasən formalaşdırılıb. Sorğuda iştirak etmək üçün qeydiyyatdan keçmək belə tələb olunmur. Azərbaycan üzrə keçirilən sorğuda Bakıdan 76, ölkə üzrə 81 nəfərin cavabı nəzərə alınıb. Bu sayda iştirakçıdan ibarət seçimi etibarlı hesab etmək olmaz. İstənilən anda sorğu iştirakçılarının sayı arta və ya azala, nəticədə Azərbaycanın mövqeyi təkcə bir şəxsin – hətta ölkədə yaşamayan birinin fikrinə görə dəyişə bilər”, - o bildirib.
Ekspertin fikrincə, ölkələrin “tıxac indeksinə” görə müqayisəsi metodoloji baxımdan da düzgün deyil:
“Məsələn, minlərlə şəhəri olan ölkələrlə cəmi bir neçə iri yaşayış məntəqəsi olan dövlətləri eyni meyarla müqayisə etmək məntiqsizdir. Siyahıdakı digər ölkələrin yerləşməsinə baxmaqla belə yanaşmanın səhv olduğu açıq-aydın görünür. Üstəlik, siyahıya cəmi 90-a yaxın ölkə daxil edilib ki, bu da tam mənzərəni əks etdirmir.
Təəccüblüdür ki, siyahının ilk otuzluğunda BƏƏ, Avstraliya və Küveyt kimi ölkələr də yer alıb. Halbuki bu dövlətlərdə iri tıxaclar demək olar ki, müşahidə olunmur. Bu cür metodoloji uyğunsuzluqlar nəticəsində reytinqdə Ekvador və Pakistan ABŞ-dan, Tunis, Mərakeş və Çili isə Belçika və Kanadadan öndə göstərilib. Təəccüb doğuran məqamılardan biri də odur ki, Ermənistan siyahıda Almaniya, Lüksemburq və Portuqaliya kimi ölkələrdən sonra yer alıb.
Müqayisə üçün, Niderlandın tanınmış naviqasiya avadanlıqları istehsalçısı olan “TomTom” şirkəti məhz şəhərlər üzrə tıxac səviyyəsini daha dəqiq və etibarlı üsulla ölçərək mütəmadi olaraq hesabatlar dərc edir”.
Elməddin Muradlı əlavə edib ki, “Numbeo” resursu daha əvvəl də etibarsız məlumatlara görə tənqid olunub:
“Məsələn, 2017-ci ildə bir nəfərin manipulyasiyası nəticəsində platforma İsveçin Lund şəhərinə yüksək “kriminal indeksi” vermişdi, halbuki bu şəhər Avropanın ən sakit və təhlükəsiz şəhərlərindən biridir. 2022-ci ildə isə bənzər hadisə İngiltərənin Bredford şəhəri ilə baş vermiş, həmin şəhər “Avropanın ən təhlükəli şəhəri” kimi təqdim olunmuşdu. Bu kimi hallar məlumatların bir neçə mənbə ilə yoxlanmasının zəruriliyini bir daha sübut edir.
Beləliklə, “Numbeo”nun yolların yüklənməsi ilə bağlı məlumatı nə Bakının, nə də Azərbaycanın nəqliyyat vəziyyətini obyektiv şəkildə əks etdirə bilər”.
Musavat.com
23 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ