İnsanlara hürriyət, millətlərə istiqlal!

Dabaqdan ölmüş heyvanların əti dönərxanalara verilir? – Ekspertdən şok AÇIQLAMA

“Dabaq xəstəliyi respublikanın hər yerində yayılıb. Dünən mənə fərdi sahibkar müraciət etdi və bildirdi ki, heyvanları xəstələnib, çox primitiv üsullarla müalicə edirlər. Çox təəssüflər olsun ki, yayılmanın coğrafiyası ilə bağlı dövlət orqanları geniş məlumat vermir”.

Bu fikirləri Musavat.com-a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.

eyyub son.PNG (353 KB)

Onun sözlərinə görə, istisna deyil ki, dabaq xəstəliyindən ölən heyvanların əti regionlarda restoranlara, uşaq bağçalarına verilir:

“Və yaxud da sağlam ətlərə qatılaraq satıla da bilər. Bunların baş verməsi mümkündür. Ona görə də insanlar diqqətli olmalı, dövlət orqanları fəal iş aparmalıdırlar, xüsusən də fərdi təsərrüfatlarda daha ciddi işlər görülməlidir.

İnsanlar küçələrdə kəsilib satılan yerdənət alan zaman diqqətli olsunlar. ətin üzərində yumru damcılar varsa, bu o deməkdir ki, dabaq xəstəliyindən ölən heyvanın ətidir. Dabaq xəstəliyinə yoluxan heyvan halsız olur, yemək yemir, ağzından və burnundan su gəlir, nəticədə zəifləyib ölür.

İnsanlar ət alan zaman onu evdə çoxlu qaynatsınlar. Dabaqdan ölmüş heyvanın əti tam bişməlidir, kabab şəklində yemək olmaz. Çünki onun içərisində törədicilər qala bilər. Rayonlarda insanlar pendirdən və sudan ehtiyatla istifadə etsinlər. Çünki yoluxmuş heyvanın südü də o virusu daşıyır. Süd yaxşı qaynadılıb istehlak edilməlidir. SSRİ zamanında dabaq xəstəliyi yayılanda rayonlarda karantin zonaları elan olunurdu. Oraya qoruyucular təyin edilirdi və bildirilirdi ki, orada dabaq xəstəliyindən əziyyət çəkən heyvanlar saxlanılır. Oradan keçən avtomobillərin təkərləri yuyulurdu. Çox təəssüf ki, indi karantin zonaları yoxdur.

İstisna deyil ki, dabaqdan ölmüş heyvanların əti müxtəlif yollarla satışa çıxarılır. Əlbəttə, ciddi mağazlar şəbəkəsində bunlar yoxdur. Lakin bəzi yerlərdin bu ətlərdən istifadəsi gözləniləndir. Ona görə də əhali ehtiyatlı olsun”.

Qeyd edək ki, son günlər Azərbaycanın bəzi bölgələrində və qonşu ölkələrdə dabaq xəstəliyinin (elmi adıyla afta epizootiyası və ya Foot-and-Mouth Disease) yayılması barədə xəbərlər cəmiyyətdə ciddi narahatlıq yaradıb. Xəstəliyin həm heyvanlara, həm də müəyyən hallarda insanlara keçə bilməsi bu narahatlığı daha da artırır.

Dabaq itigedişli yüksək kontagioz virus xəstəliyidir. Qızdırma, ağız selik qişasında, dəridə, yelində, dırnaqarası nahiyələrdə aftaların əmələ gəlməsi, cavan heyvanlarda isə miokardın və skelet əzələlərinin zədələnməsi ilə müşayət edilir. Bütün cütdırnaqlı heyvanlar, dəvələr, nadir hallarda atlar və digər heyvanlar Dabaq xəstəliyinə yoluxa bilər.

Dabaq xəstəliyi heyvandarlıqda çəki itkisinə, südün azalmasına, məhsulun keyfiyyətinin aşağı düşməsinə, rayonlarda, bəzən dövlətin bütün ərazisində təsərrüfat fəaliyyətinin pozulmasına səbəb olur. Virusun müxtəlif tipləri (A, O, C, SAT-1, SAT-2, SAT-3) mövcuddur, ətraf mühitin təsirlərinə davamlıdır.

Virus xəstə heyvandan ətraf mühitə ağız suyu, süd, nəcis, sidik və sairə ilə xaric olur. Törədici xəstəlik mənbəyindən geyimlə, yemlə, nəqliyyat və digər vasitələrlə, hətta külək vasitəsi ilə yayılaraq böyük ərazilərə sirayət edir.

Yoluxma əsasən ağızın selik qişasından, yelinin və ətrafların zədələnmiş nahiyəsindən, həmçinin aerogen yolla baş verir. Ölüm 0,2-0,5%, buzovlarda 50%-ə qədər, südəmər çoşqalarda 60-80% arası olur.

Kliniki əlamətləri bunlardır:

- inkubasiya dövrü 2-7, bəzən 14-21 gün davam edir;

- bədən temperaturu 40,5-41,5 dərəcəyə qalxır;

- simptomlar görünəndən 2-3 gün sonra ağız boşluğunda, dildə, burun qanadında, burun aynasında, qırnaq arası nahiyədə, dırnaq tacında və yelində aftalar yaranır, 1-3 gündən sonra partlayır;

- partlamış aftaların yerində eroziyalar yaranır;

- buzovlarda bir qayda olaraq aftalar yaranmır, xəstəlik qastroenterit formasında keçir və əksərən ölümlə nəticələnir;

- qoyun və keçilərdə eyni əlamətlər baş verir və yüngül formada keçir;

- donuzlarda ətraflar zədələnir, axsaqlıq, çox vaxt dırnağın düşməsi baş verir.

Bir çox xəstəliklərlə simptomları oxşardır. Bu səbəbdən xəstəliyin əlamətləri büruzə verdikdə təfriqi diaqnoz qoyulmalıdır. Həmçinin virusun tipini müəyyən etmək vacibdir. Bunun üçün mütləq baytarlıq mütəxəssisi dəvət edilməlidir. Dabaq xəstəliyinin xüsusi müalicəsi yoxdur. Xəstəliyin baş verməsi təsdiqlənərsə təsərrüfata, ətraf ərazilərə, rayon ərazisinə təcrid və məhdudlaşdırıcı tədbirlər tətbiq edilir.

Xəstəliyin baş verdiyi ərazilərdən diri heyvan, yem, invertarlar alınmamalı, belə ərazilərdən gəlmiş nəqliyyat vasitəsinin girişinə icazə verilməməlidir.

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Oktyabr 2025

20 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR