Onlayn ictimai-siyasi qəzet
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu günlərdə ölkəsinin Avropa İttifaqına daxil olması perspektivindən danışıb.
Bu məsələyə diqqət yetirən beynəlxalq media bunu “U” dönüşü kimi qiymətləndirir. Çünki Türkiyə liderinin əvvəlki açıqlamalarında belə bir variant əhəmiyyətsiz və mümkünsüz hesab edilirdi.
Əcnəbi analitiklər qeyd edirlər ki, Ərdoğanın bu çıxışı ölkə müxalifətinə təzyiqlərin artdığı və hazırkı Türkiyə liderinin bu və ya digər şəkildə növbəti müddətə yenidən seçilmək planlarından danışılması fonunda edilir. Hesab olunur ki, Ərdoğan ənənəvi olaraq ona qarşı mənfi münasibət bəsləyən avropapərəst elektoratın dəstəyi üçün mübarizə aparmaq qərarına gəlib.
Türkiyə lideri ölkəsini Aİ üçün “son şans” adlandırıb. Ərdoğan türkiyəli jurnalistlərə deyib ki, dünya dəyişir, Avropa da artıq dəyişib və Türkiyə Avropa İttifaqına tamhüquqlu üzvlüyə hazırdır, bu isə ittifaqın gələcəyə doğru irəliləməsi yolunda addım ola bilər.
Ərdoğan Aİ-yə üzv olmaq perspektivləri barədə fikirlərini Şimali Kipr Türk Respublikasına səfərindən qayıdarkən təyyarədə səsləndirib. Əcnəbi ekspertlər isə xatırladırlar ki, dünya ictimaiyyəti üçün Kiprdə yalnız bir qanuni dövlət var – Aİ-nin üzvü olan və yunanların məskunlaşdığı Kipr Respublikası.
Məsələ ondadır ki, Avropa Kipr adasının şimal hissəsində 51 il əvvəl qurulmuş ŞKTC-nin qanuniliyini tanımır. Bir ara adanın hər iki hissəsində keçirilən referendumun nəticəsindən asılı olaraq belə bir tanınmanın baş verəcəyi elan olunsa da, Aİ sözünü tutmadı və Kipr yunanlarının tərəfində durmaqda davam etdi. Halbuki Kipr yunanları türklərlə vahid dövlətdə yaşamağın əleyhinə, türklər isə lehinə səs vermişdi. Bu halda yunanlar haqsız, cığal, destruktiv tərəf, türklər isə konstruktiv, barışığa, birgəyaşayışa razı tərəf idi. Ancaq Avropa İttifaqının reaksiyası adekvat olmadı.
Bu, Türkiyənin Aİ üzvlüyü yolunda maneələrdən biridir. Ancaq bir çox başqa maneələr də var. Aİ-də hesab olunur ki, Türkiyə ittifaqın qəbul etdiyi demokratik standartlardan həmişə uzaq olub. Burada hətta Türkiyədə 2016-cı ildə baş verən dövlət çevrilişinə cəhdin yatırılmasına da istinad edilir. Sanki Ərdoğan iqtidarı belə bir cəhdin qarşısını almaqla, sonradan qiyamçıların hərbi və siyasi qanadlarını cəzalandırmaqla anti-dekokratik addım atıb.
Ərdoğanın 22 ildən bəri Türkiyəyə rəhbərlik etməsi də bu ölkənin minuslarından sayılır. Avropada etiraf edirlər ki, Türkiyədə hələ gerçək diktatura rejimi bərqərar edilməyib, amma prezidentin əleyhdarları artıq özlərini təhlükəsiz hiss etmirlər. Ölkənin əsas müxalifət qüvvəsi olan Cümhuriyyət Xalq Partiyasının (CHP) nümayəndələrinin ard-arda həbsxanaya göndəriməsi, İstanbulun bələdiyyə başqanı Əkrəm İmamoğlunun həbsi Avropada Türkiyənin demokratiyası barədə suallar doğurub. “Qoca qitə”də gözləyirlər ki, ana müxalifət partiyası CHP ləğv oluna, Türkiyə parlamentindəki bəzi fraksiya üzvlər (o cümlədən partiya lideri Özgür Özəl) deputat toxunulmazlığından məhrum edilə bilər. Bundan başqa, Avropa İnsan Haqları Məhkəməsində Türkiyə vətəndaşlarının çoxlu iddiaları var.
Belə bir şəraitdə Türkiyə prezidentinin bəyanatı avropalı siyasilərə qəribə görünür. Onlar düşünürlər ki, gerçəklik Türkiyənin avrointeqrasiyaya nail olmaq planı ilə uyğun deyil.
Qeyd edək ki, Türkiyənin Avropa ailəsinin tamhüquqlu üzvü olmaq ideyası ötən əsrin ortalarından mövcuddur, ancaq bu günə qədər bu istiqamətə ciddi məsafə qət edilməyib. Avropa Kipr hadisələrindən əvvəl də, sonra da Türkiyəni qapı dalında, gözləmə rejimində saxlamağı üstün tutub. Ərdoğanın hakimiyyətə gəldiyi ilk vaxtlarda Türkiyə ilə Avropanın arasında məsafə qısalsa da, Fransa və Almaniya liderlərinin sərt anti-Türkiyə ritorikası ilə bütün ümidlər puç oldu. Onlar açıq-aşkar bildirdilər ki, müsəlman Türkiyəsini xristian ölkələrin klubu demək olan Avropa İttifaqına buraxmayacaqlar. Çünki bu, Aİ üçün dağıdıcı olar, qitə məskunlaşmaq istəyən milyonlarla türkün ayağı altında qalar. (Hazırda bu estafet hollandiyalı ifrat sağçı siyasətçi Geert Vildersdədir. O, keçən il türklərə müraciət edərək “özünüzü nə vaxtsa Aİ-yə üzv olmaq perspektivi ilə aldatmayın, belə bir şey olmayacaq” deyib).
Bundan sonra Ərdoğan və komandası Avropanın qapısı ağzında növbə gözləməyi qürurlarına sığışdırmadılar və Aİ üzvü olmaqda israrlı olmadılar, üstəliik, Avropanın aparıcı dövlətlərini sərt tənqid hədəfi etdilər. Ərdoğan çıxışlarında dəfələrlə təkrarladı ki, Türkiyə Avropada xoş qarşılanmır, ona görə də öz yolu ilə getməlidir. Bu yol Türkiyəni Yaxın Şərqə, Qafqaza, Orta Asiyaya və Rusiyaya tərəf apardı, Ankara bu regionlarda yeni-yeni əməkdaşlıq və tərəfdaşlıq büsatları yaratdı.
Hazırda Ərdoğanın Avropaya yönəlik ritorikası dəyişmiş kimi görünsə də, Avropanın Türkiyəyə qarşı mövqeyi dəyişməz olaraq qalır.
Türkiyə mediası məsələnin daxili siyasi vəziyyətlə bağlı olduğunu irəli sürür. Ərdoğanın tərəfdarları onun daha bir müddət prezident olmasını istəyirlər. Ölkədə növbəti prezident seçkiləri 2028-ci ilə təyin edilib. Konstitusiyaya görə, eyni şəxs ardıcıl iki müddətə seçilə bilməz. Buna görə də Ərdoğanın namizəd olmaq hüququ yoxdur. Bununla belə, hüquqi boşluq var: prezident ikinci müddətə hakimiyyətdə olsa belə, seçkilər vaxtından əvvəl keçiriləcəyi təqdirdə öz namizədliyini irəli sürməsinə icazə verilir. Ola bilər ki, Türkiyənin hakim partiyası bu varianta hazırlaşır.
Bu barədə düşüncələrini bildiriən yerli analitiklər seçicilərin mühüm bir hissəsinin əsasən Türkiyənin qərbində və böyük şəhərlərdə - Ankara, İzmir və İstanbulda yaşadığına diqqət çəkərək deyirlər ki, Ərdoğan onlar üçün hələ də kifayət qədər populyar olan bu mövzunu (Avropaya inteqrasiyanı) gündəmə gətirir.
Araz Altaylı, Musavat.com
23 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ