İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni spikerdən Bakıya həddini aşan iddia – Paşinyanın adamı “8-ci maddə”yə qarşı

Ermənistan parlamentinin sədri Alen Simonyan Qırğızıstanda səfərdədir. Erməni mediası yazıb ki, bu Türk ölkəsinin parlament sədri ilə görüşdə Bakı və İrəvan arasında sülhün bərqərar olması prosesinə xüsusi toxunulub.

İlk baxışda rutin səfərdir. Amma bir “əmma” olmasaydı. Məsələ ondadır ki, Simonyan həmin görüş zamanı sülh prosesinə zərbə vuran, Azərbaycan dövlətinə qarşı yönəlik bəzi ifadələr işlədib, həddini aşıb. Məsələn, erməni spiker həmkarının diqqətini “Bakıda qanunsuz saxlanılan hərbi əsirlər və itkin düşən hərbçilərlə bağlı məsələyə” yönəldib...

Dərhal qeyd edək, Simonyan sıradan biri deyil, ölkəsinin üçüncü rəsmi şəxsidir. Odur ki, “ağzının danışdığına” mütləq fikir verməlidir. Axı o, hansı əsirlərdən dəm vurur? Azərbaycana qarşı ağır cinayətlərdə ittiham olunan separatçı-xuntaçılar nə vaxtdan “hərbi əsir” statusu daşıyır? Ümumiyyətlə, bu barədə qırğız spikerlə müzakirə aparmaqda məqsəd nədir?

Nəhayət, Alen Simonyan hansı haqla Azərbaycandakı məhkəmə prosesini şübhə altına alır? Onun davam edən məhkəmə prosesində şahidlərin verdiyi qandonduran ifadələrdən xəbəri varmı?

Başqa yandan, Paşinyan özü böyük sülh prosesinə xələl gətirməmək üçün bu mövzuda ehtiyatla danışdığı halda onun komanda yoldaşının sırtıqlığının adı nə? Hər şey qırağa, spikerin iddiaları Paşinyanın avqustun 8-də Ağ Evdə imza atdığı üçlü Birgə Bəyannaməyə ziddir. Hansı sənədin ki, dördüncü bəndində deyilir: “Tərəflər bir-birinin daxili işlərinə müdaxilədən çəkinəcəklər”. Digər bir bənddə isə tərəflər arasında qarşılıqlı etimad tədbirlərinin vacibliyindən söz açılır. O zaman “o nə pəhriz, bu nə turşu”...

VASİ SON.jpeg (154 KB)

Doğrudur, paraflanmış sənəd hələ sülh müqaviləsi deyil. Ancaq onu qeyri-ciddiyə almaq da daha mümkünsüz. 8 avqustdan sonra iki ölkə münasibətlərində artıq yeni mərhələyə girib. Bu dönəmdə köhnə “toksik” leksikon ümumi işə yalnız zərər yetirə bilər. Üstəgəl, Trampın öz imzası ilə yazılı şəkildə zamin durduğu Birgə Bəyannamə.

Yaxud Ağ Evdə paraflanmış sülh sənədinin VIII maddəsində deyilir: “Tərəflər dözümsüzlük, irqi nifrət və ayrıseçkilik, separatizm, zorakı ekstremizm və terrorizmin bütün təzahürlərini pisləyirlər və özlərinin müvafiq yurisdiksiyaları çərçivəsində bu hallarla mübarizə aparacaqlar və özlərinin bununla bağlı müvafiq beynəlxalq öhdəliklərinə əməl edəcəklər”.

Hanı bəs? Ermənistanın üçüncü rəsmi şəxsi niyə separatizmdə, zorakı ekstremizmdə və terrorizmdə, bəşəri cinayətlərdə suçlanan şəxsləri müdafiə edir, onları utanmazcasına “hərbi əsir” adlandırır? Ona görə ki, ermənidirlər? Guya bilmir ki, Azərbaycanda hərbi əsir və ya girov yoxdur?!

Qısası, erməni tərəfi “qaş düzəldən yerdə göz” çıxarmağa davam edəcəksə, Azərbaycan əlbəttə ki, bunu cavabsız qoymayacaq. Yekun etibarilə barışıq prosesinin uzanmasının altını ən çox Ermənistan və onun əhalisi çəkəcək. Çünki təcrid durumunda olan biz deyilik. Azərbaycanın itirəcəyi bir şey yox...

Analitik xidmət,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR