Onlayn ictimai-siyasi qəzet
Avropa İttifaqı (Aİ) bu ilin iyulunda Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaları Türkiyədə yerləşən, Azərbaycana məxsus “Star” neft emalı zavoduna da şamil edib.
Musavat.com xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət sözçüsü Anitta Hipper açıqlamasında bildirib.
Onun sözlərinə görə, “Star” neft emalı zavodu və ya üçüncü ölkələrdə yerləşən digər hər hansı bir neft emalı zavodu, Aİ bazarına ixrac üçün nəzərdə tutulan məhsulların istehsalında Rusiya xam neftindən istifadə edərsə, bu artıq qadağan olunacaq.
Hipperin sözlərinə görə, bu tədbir “Rusiya xam neftinin hər hansı formada Aİ bazarına daxil olmasının qarşısını almaq və Rusiyanın müharibə aparmaq qabiliyyətini zəiflətmək strategiyasının bir hissəsi”dir.
Qeyd edək ki, Aİ-nin iyul ayında qəbul etdiyi 18-ci sanksiya paketi Rusiya neftindən hazırlanan məhsulların üçüncü ölkələrdə emal edildikdən sonra Aİ-yə idxalını da qadağan edir.
Sənəddə bildirilir ki, “Rusiya xam neftindən üçüncü ölkələrdə əldə edilən neft məhsullarının birbaşa və dolayı yolla alqı-satqısı, idxalı, habelə müvafiq texniki və maliyyə yardımının göstərilməsi qadağandır. Bu qərar həmçinin Rusiya nefti və neft məhsullarının idxalı ilə bağlı İttifaqın tədbirlərinə bənzər məhdudlaşdırıcı tədbirlər kompleksinə məruz qalan tərəfdaş ölkələrin siyahısını təqdim edir”.
Musavat.com
05 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ